
Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...
ABŞ-da nümayişə girən "Minecraft" temalı yeni bədii film ilk həftəsonu ərzində 157 milyon dollar gəlir əldə edərək, bütün zamanların ən uğurlu video oyun adaptasiyası olaraq yeni rekorda imza atıb.
Valyuta.az xəbər verir ki, filmin əldə etdiyi bu uğur video oyunların kino sənayesindəki artan populyarlığını bir daha sübut edir.
Qeyd edək ki, 2023-cü ildə nümayiş olunan "Süper Mario Bros" filmi ABŞ-da 146 milyon dollarlıq açılışla uzun müddət bu sahədə lider olmuşdu. "Minecraft" filmi isə bu nəticəni geridə qoyaraq yeni bir standart müəyyənləşdirib.
"The Hollywood Reporter"in məlumatına əsasən, filmin qlobal bazardakı ümumi açılış gəliri də diqqət çəkir - 301 milyon dollar. Lakin bu rəqəm hələ ki, rekord üçün kifayət deyil.
Müqayisə üçün, "Süper Mario Bros" filmi dünya üzrə açılışında 377 milyon dollar gəlir əldə etmişdi. Buna baxmayaraq, "Minecraft" filmi öz güclü startı ilə sənayedə böyük maraq oyadıb.
Filmin aktyor heyətində Cek Blek, Sebastyan Hansen, Emma Mayers, Ceyson Momoa, Daniel Bruks və Cennifer Kuliç kimi tanınmış simalar yer alır. Ancaq filmin treylerləri yayımlandığı vaxtda ictimaiyyətin gözləntiləri olduqca aşağı idi. Bu vəziyyətə rəğmən, həm tamaşaçıların, həm də tənqidçilərin diqqətini cəlb edən film gözləntiləri üstələməyi bacarıb.
"Engadget" yazarı Devindra Hardavar "Minecraft" filmini "yaradıcılığı ön plana çəkən, sərbəst düşüncəni təşviq edən və konformizmə qarşı çıxan" bir uşaq filmi kimi xarakterizə edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay