
Həmyerlimizin yaratdığı süni intellekt layihəsi "Ainisa" - ChatGPT-dən nə ilə fərqlənir?
Süni intellektdən ilhamlanaraq günü-gündən yeni layihələr hazırlanır. Layihələr dünyanın bir çox yerindən gəlir. Süni intellekt sahəsində öz layihəsini yaradanlardan biri də həmyerlimiz Cavid Kərimovdur. C.Kərimov “Ainisa” layihəsi haqqında təəssüratlarını Valyuta.az-a bölüşdü.
Qeyd edək ki, "Ainisa" Almaniyanın “Constructor University”nin startup akselerasiya proqramına qəbul alıb, NETTY (Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatı) mükafatını qazanıb.
C.Kərimov Valyuta.az-a bildirdi ki, uzun müddət ChatGPT proqramından istifadə edib. Qarşılaşdığı problemlər onda bu ideyanı yaradıb: “Uzun müddətdir ki, proqramlaşdırma sahəsində çalışıram və “Ainisa”nı yaratmadan əvvəl ChatGPT istifadə edirdim. ChatGPT kodlaşdırma ilə bağlı işlərimi görürdü. Həmçinin, özümün başqa layihələrim var idi və həmin layihələrdə bloq yazmaq, tərcümə etmək, şəkil hazırlamaq kimi işlər lazım olurdu. Lakin ChatGPT Azərbaycan dilində tərcüməni kifayət qədər tərcümə etmirdi. Süni intellekt modeli istifadə edərkən bəzi problemlərlə qarşılaşırdım. O problemlərin həll yolu olan layihə hazırlamaq ideyası yarandı”.
Süni intellekt modelleri bir layihədə
C.Kərimov ChatGPT istifadə edərkən qarşıladığı problemlərdən də danışdı: “Qarşılaşdığım problemlərdən birincisi o idi ki, eyni anda 2 fərqli süni intellekt modeli istifadə edə bilmək idi. Təəssüf ki, hər ikisini çox istifadə edə bilmək üçün mən hər ikisinə ayrıca 20 dollar ödəyib abunəlik almalı idim. İkinci problem isə mən hər dəfə ChatGPT-yə yazdığım mətni kopyalayıb yenidən brauzeri digər pəncərəyə (taba) keçməli idim. Bu isə kifayət qədər yorucu idi. Üçüncüsü, ChatGPT-də olan funksiya ilə şəkil yaratmaq həmin vaxt çox yaxşı deyildi. Amma daha yaxşı şəkil yarada bilən modellər var idi. Mən həmin modelə də ayrıca ayda 20 dollar verməli idim. Bu isə ayda 60 dollar ödəniş idi. Düşündüm ki, bu süni intellekt modellərini bir yerdə istifadəyə verə biləcəyim bir layihə hazırlayım”.
İdeyalar reallaşmaq üçündür
Daha sonra C.Kərimov bazar araşdırması edir: “Bazar araşdırması edib rəqiblərə baxdım. Gördüm ki, xarici bazarda mənim fikrimdə olan ideyanı həyata keçirənlər var. Lakin onların hamısında ciddi bir problem var idi – ChatGPT-də olan imkanlar onlarda yox idi. Sənəd hazırlamaq, vizual qrafik hazırlamaq, süni intellektlə səsli danışa bilmək, youtube videolarını xülasə etmək və s. Ona görə də mən ağlımdakı ideyanı reallaşdırmağı qərara aldım. İlk 2 ay ərzində birinci işlək məhsulu hazırladım və kiçik qrup insanlarla test etməyə başladıq”.
“Ainisa” müsbət qarşılandı
C.Kərimovun sözlərinə görə, 2024-cü ilin noyabr ayında layihə kütləvi istifadəyə buraxılıb: “Təxmin edirdim ki, birinci kütləvi istifadə olduğuna görə problem və narazılıq çox ola bilər. Düzü, çox insan layihəni bəyəndi. 3 gün ərzində 1000-dən çox şəxs qeydiyyatdan keçdi. Daha sonra növbəti 3 ayı narazılıqların aradan qaldırılmasına və layihənin daha da təkmilləşdirilməsinə ayırdım. Bu müddət ərzində 10-dan çox xarici veb saytlar “Ainisa” haqqında pozitiv paylaşımlar etdilər. Mart ayının ortalarında narazılıqlar minimuma düşdü. İndi diqqəti yerdə qalan problemlərin aradan qaldırılması və satış prosesinə yönəltmişik”.
Narazılıqları minimuma endirdik
Proqramdan istifadə qiymətlərinin baha olması ilə bağlı rəyləri oxuduq. C.Kərimov bundan da danışdı: “Qiymətlə bağlı az adam narazılıq edib, lakin biz bunu nəzərə almağı düşünürük. Əslində, digər süni intellekt modellərindən fərqli olaraq bizdə qiymət qlobal bazarı, istifadəçilərin gündəlik və ortalama istifadə limiti nəzərə alaraq hesablanıb. Digər süni intellekt layihələrindən fərqli olaraq “Ainisa”da biz Premium abunəlik paketindən başqa daha ucuz olan “Light” (Sadə) paket də təklif edirik və onun qiyməti ayda 12 dollardır. İllik ödəniş olsa, ayda 9 dollar olur.” “Yalnız bir nəfər süni intellekt gücü ilə bağlı narazılığını bildirmişdi. Lakin bu doğru narazılıq deyil və bu əslində istifadəçinin süni intellekt haqqında daha az məlumatının olmasından irəli gəlir” – deyə C.Kərimov əlavə etdi.
Hər süni intellektin öz funksiyası var
C.Kərimov bildirdi ki, hər süni intellekt modelinin daha yaxşı olduğu sahə var: “Məsələn, “GPT-4o-mini” gündəlik sadə işlər - tərcümə, sadə söhbət, sadə riyazi hesablamalar üçün yaxşıdır. Amma “o1” və “o1-mini” modeli daha dərin araşdırma, daha detallı və uzun mətnlərin yazılması, daha çətin riyazi hesablamalarda istifadə olunur. “Claude 3.7 Sonnet” modeli əsasən kodlaşdırma üçün istifadə edilir. İstifadəçilərin belə bir müqayisə aparması başa düşüləndir, çünki ölkəmizdə də süni intellekt yeni-yeni tanınmağa başlayır. Biz də davamlı olaraq bu barədə maarifləndirici paylaşımlar edirik. Təbii ki, layihədən razı olan və gündəlik istifadə edənlər də var. Ən çox razı qaldıqları imkan “Ainisa”nın Chrome brauzeri üçün qoşmasının (plugin, link: //chromewebstore.google.com/detail/ainisa-all-in-one-ai-agen/cbadppodjainlellnjfnjahpfboladob) olmasıdır. Bu plugin sizə imkan verir ki, süni intellekt hər zaman sizin əlinizin altında olsun”.
Youtube Link: //www.youtube.com/watch?v=vv53BmjZSmk
“Ainisa”nın imkanları insanların işini rahatlaşdırır
C.Kərimovun sözlərinə görə, insanların digər razı qaldıqları məqam bir neçə süni intellekt modelini istifadə etmək imkanının olmasıdır: “Düşünürəm ki, “Ideogram” adlanan şəkil yaratmaq üçün modelin olması da digər üstünlüklərimizdən biridir. Mənə “Linkedin”də kifayət qədər insan layihədən razı qaldıqlarını bildiriblər. Xüsusən “chrome” brauzeri üçün qoşma təqdim etdiyimizə görə. “Ainisa”nı ən çox istifadə edənlər proqramçılar, kontentlə işləyən şəxslər (kopirayter, bloger, tərcümə, smm ilə məşğul olanlardır). Ofis şəraitində çalışan insanlar üçün “Ainisa” və “chrome” qoşması onların işini çox rahatlaşdırır. Təsəvvür edin ki, siz rahatlıqla həm e-maillərinizə cavab yazdıra, həm kod yazdıra, həm tərcümə və bir çox işlər etdirə bilərsiniz”.
Yeni xidmətlər istifadəyə veriləcək
C.Kərimov qeyd etdi ki, hazırda test mərhələsini davam etdirirlər: “Biz davamlı olaraq insanların istifadə etməsi üçün Premium hesablar təqdim edirik. Premium hesab təqdim etdiyimiz insanlar arasında həm razı, həm də narazı olanlar var. Təbii ki, bu hər bir biznesdə olur. Qeyd etdiyim kimi bu narazılıqların aradan qaldırılması ilə bağlı davamlı çalışırıq. Bizdən “Ainisa” istifadəsi üçün B2B xidməti istəyən şəxs və şirkətlər var və bu ilin sonuna kimi B2B xidmətini istifadəyə verməyi hədəfləyirik. Digər istəklərdən biri mobil proqramdır. Hazırda “Ainisa”nın mobil tətbiqi yoxdur, lakin onun da istifadəyə verilməsini hədəfləmişik”.
“Ainisa” adını ona görə qoydum ki...
C.Kərimov uğurlu layihəsinin adının mənasından danışdı: “Bu layihəni adlandırmaq və uyğunlaşdırmaq üçün Azərbaycan dilində qadın adlarını araşdırdım. Adı ona görə seçdim ki, orada AI və Nisa sözləri var idi. Layihə süni intellekt assistanıdır və fikirləşdiyim çox adlar seçilmişdi. Sonda düşündüm ki, bizdə “ay” ilə başlayan qadın adlarına baxım. Mənə görə içlərində Aynisa ən uyğun gələn idi. Çünki həm Aİ sözünü tətbiq etmək olardı, hansı ki mənası “artificial intelligence” yəni, süni intellekt deməkdir. Nisa sözü də ərəb dilində qadın deməkdir. Beləcə layihəyə “Ainisa” adını verdim. Azərbaycan dilində Aynisə kimi də səslənir. Amma əsas ad “Ainisa”dır”.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay