
Bunlar sizin işdən çıxarılmağınıza səbəb olar: Diqqət edilməli 10 məqam - SƏHƏR OXUSU
İşdən çıxarılmaq, ya da daha sərt ifadə ilə desək, “qovulmaq” iş həyatının təbii bir hissəsidir. Bir insanı işə qəbul etmək həmişə riskli bir addımdır. İşdən çıxarılmaq da işçi üçün bu risklərin nəticələrindən biridir. Zəif göstərici, uyğunsuz davranış, peşəkar bacarıqların çatışmazlığı kimi səbəblər işdən çıxarılmada əsas yer tutur.
Valyuta.az işçinin işdən çıxarılmasına səbəb olan bir neçə əsas məqamə təqdim edir:
1. Gözlənilən nəticəni göstərməmək
Hər bir vəzifənin özünəməxsus tələbləri var. Məsələn, bir restoranda aşpaz işləyirsinizsə və menyudakı yeməkləri düzgün, ləzzətli və vaxtında bişirə bilmirsinizsə, bu, müəssisəyə ziyan vurur.
Təbii ki, gözlənilən performansı göstərə bilmədiyiniz halda işəgötürən sizdən ayrılıb başqa namizədlərə şans verəcəkdir.
2. İşə daim gecikmək
Bəzən işə gecikmək mümkündür. Tıxac ola bilər, xəstələnə bilərsiniz. Bu cür hallar başa düşüləndir.
Ancaq gecikmə vərdişə çevrilərsə, artıq təhlükə siqnalları çalmağa başlayır. İşə qəbul zamanı imzaladığınız müqavilədə işə giriş və çıxış saatlarınız müəyyən edilir. Əgər bu qaydanı mütəmadi pozursunuzsa, işdən çıxarılmanız qaçılmaz ola bilər.
Bundan əlavə, iş saatları bitmədən işdən çıxmaq da eyni nəticəyə gətirib çıxara bilər.
3. Yalan danışmaq
İşçinin xəstə olduğu üçün işdən çıxarılması qanuni olaraq qadağandır. Ancaq həqiqətən xəstə olmadan xəstəlik bəhanəsi ilə işə gəlməmək sizi çətin vəziyyətə sala bilər. Həmçinin əsassız məzuniyyət istəmək də işdə xoş qarşılanmır.
Əgər çox yüklənmiş və yorğun hiss edirsinizsə, bunu rəhbərliyə açıq şəkildə bildirmək daha doğrudur. Əks halda, dürüstlükdən uzaq davranışlar işinizdən olmanıza səbəb ola bilər.
4. İş yerində uyğunsuz davranışlar
İş yoldaşlarınızla daim mübahisə etmək və ya həddindən artıq qeyri-rəsmi münasibət göstərmək xoş qarşılanmır. Komanda işinə qoşulmayan, lakin fərdi şəkildə də zəif nəticə göstərən şəxslərin işdən çıxarılma şansı daha çox olur. Xüsusilə iş yoldaşlarına qarşı xoşagəlməz davranışlar (məsələn, sözlü və ya fiziki təcavüz) ciddi nəticələr doğura bilər.
5. İş vaxtı şəxsi işlərlə məşğul olmaq
İş saatları ərzində işinizlə bağlı olmayan işlərlə məşğul olmaq da işdən çıxarılma səbəbləri arasındadır.
Məsələn, çox sayda şəxsi telefon zəngləri etmək, başqa bir işiniz üçün vaxt ayırmaq, sosial mediada həddindən artıq vaxt keçirmək bu hallara daxildir.
6. İşə sərxoş gəlmək
Araşdırmalara görə, iş yerində spirtli içki qəbul etmək və ya sərxoş vəziyyətdə işə gəlmək işdən çıxarılma ilə nəticələnən ən ciddi səbəblərdən biridir.
Təbii ki, bəzi hallarda kollektiv şəklində təşkil edilən tədbirlər və əyləncələr istisna hesab edilir.
7. İş yoldaşlarının arxasınca danışmaq və kobud davranış
İş yerində həmkarlarınız və ya rəhbərliyiniz haqqında dedi-qodu yaymaq, kobud ifadələr işlətmək də işdən çıxarılma riskini artırır. Xüsusilə sosial şəbəkələrdə rəhbərlik və şirkət haqqında xoşagəlməz şərhlər yazmaq işinizdən atılmağınıza səbəb ola bilər.
8. İş üçün verilən kompüteri sui-istifadə etmək
Şirkətin sizə təqdim etdiyi kompüteri şəxsi məqsədlər üçün istifadə etmək – oyun oynamaq, uyğunsuz saytları ziyarət etmək, sosial mediada həddindən artıq vaxt keçirmək kimi hallar da risklidir.
Eyni zamanda, sosial mediada etik normalara uyğun olmayan paylaşımlar etmək işdən çıxarılma ilə nəticələnə bilər.
9. Oğurluq etmək
İş yerindən pul və ya digər əşyalar oğurlamaq ən sürətli işdən çıxarılma səbəblərindəndir.
Təkcə kassadan pul götürmək deyil, ofisin avadanlıqlarını icazəsiz evə aparmaq da oğurluq hesab edilir və ciddi nəticələrə səbəb ola bilər.
10. Dini və siyasi müzakirələr aparmaq
İş yeri əsasən biznes fəaliyyətinin həyata keçirildiyi bir məkandır. Əgər siz daim din, siyasət və digər həssas mövzularda mübahisələr aparırsınızsa, həmkarlarınız arasında gərginlik yarada bilərsiniz. Bu da nəticədə işinizə son qoyulmasına gətirib çıxara bilər.
Son olaraq qeyd edək ki, yuxarıda sadalanan halları yaşamamaq üçün bəzi addımlar ata bilərsiniz. Burda isə əsas məsələ çalışdığınız vəzifənin tələblərini yaxşı başa düşməkdir.
İş yerində sizdən gözlənilən vəzifələri və öhdəlikləri dəqiq bilmək, iş saatlarına və qaydalara riayət etmək, peşəkar münasibətlərə önəm vermək, iş yerində etik normalara uyğun davranmaq vacib şərtlərdir.
Əgər fəaliyyətinizdə və psixoloji vəziyyətinizdə geriləmə hiss edirsinizsə, bu barədə rəhbərliyə məlumat verərək dəstək almaq daha düzgün seçim olar.
Davud / Valyuta.Az / SƏHƏR OXUSU
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay