
"Toyota" Yaponiyada yeni futuristik şəhər inşa edir
Yaponiyanın avtomobil nəhəngi "Toyota", robot texnologiyaları, süni intellekt və avtonom, emissiyasız nəqliyyat vasitələri ilə gündəlik həyat tərzinin necə olacağını sınaqdan keçirmək məqsədilə Fudzi dağı yaxınlığında yerləşən "Woven City" adında şəhər tikir.
Valyuta.Az Yaponiyanın "The Asahi Shimbun" qəzetinə istinadən xəbər verir ki, layihəyə rəhbərlik edən və "Toyota"nın təsisçi ailəsinə məxsus olan Daisuke Toyoda vurğulayıb ki, bu, "ağıllı şəhər" deyil.
“Biz mobillik üçün bir sınaq meydançası yaradırıq, bu isə bir qədər fərqlidir. Biz daşınmaz əmlak inkişaf etdirən şirkət deyilik”, – o, düən jurnalistlərə müsahibəsində bildirib. Hazırda layihənin ilk mərhələsinin tikintisi tamamlanıb.
İlk mərhələ 47 min kvadratmetr ərazini əhatə edir ki, bu da təxminən beş beysbol meydançasına bərabərdir. Tamamlandıqdan sonra şəhərin sahəsi 294 min kvadratmetrə çatacaq.
Bağlanmış "Toyota Motor Corp." avtomobil zavodunun yerində tikilən bu şəhər, Toyodanın sözlərinə görə, tədqiqatçıların və startapların bir araya gələrək ideya mübadiləsi aparması üçün nəzərdə tutulub.
Futuristik şəhərlərlə bağlı bir sıra iddialı layihələr uğursuzluğa düçar olub və ya tamamlanmayıb. Bunlara "Alphabet" ("Google"un ana şirkəti) tərəfindən Torontoda təklif edilən layihə, Səudiyyə Ərəbistanındakı "Neom", keçmiş "Goldman Sachs" treyderinin rəhbərlik etdiyi San-Fransisko yaxınlığındakı şəhər layihəsi və Əbu-Dabi hava limanı yaxınlığındakı "Masdar City" daxildir.
Qeyd edək ki, "Woven City"nin tikintisinə 2021-ci ildə başlanılıb. Bütün binalar yeraltı keçidlər vasitəsilə bir-birinə bağlıdır və bu tunellərdə avtonom nəqliyyat vasitələri tullantıları toplayacaq və sifarişləri çatdıracaq.
Hələ ki, şəhərdə heç kim yaşamır. İlk sakinlərin sayı cəmi 100 nəfər olacaq.
Onlar “toxucular” adlandırılır və əsasən "Toyota" və onun tərəfdaş şirkətlərinin – o cümlədən hazır əriştə istehsalçısı "Nissin" və kondisioner istehsalçısı "Daikin" kimi müəssisələrin əməkdaşlarıdır.
Şəhərin adı "Toyota"nın avtomatik toxuculuq dəzgahları istehsal edən bir şirkət kimi yaranmasına hörmət əlaməti olaraq seçilib. Daisuke Toyodanın ulu babası Sakichi Toyoda, əl dəzgahında işləyən anasının həyatını asanlaşdırmaq istəyirdi və bunun üçün avtomatik dəzgah icad etmişdi.
Layihə çərçivəsində elektrik avtomobillərindən istifadəyə dair çox az danışılıb. "Tesla" və "BYD" kimi şirkətlər elektrik nəqliyyat vasitələri bazarında böyük oyunçulara çevrildiyi halda, "Toyota" "Woven City"də əsas enerji mənbəyi kimi hidrogenə üstünlük verir.
"Toyota" rəsmiləri qeyd edirlər ki, "Woven City" layihəsinin yaxın illərdə şirkətə gəlir gətirəcəyi gözlənilmir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay