
Süni intellektin imkan və təhlükələri - "BMT"nin hesabatı
"Beynəlxalq Əmək Təşkilatı" ("International Labour Organization" ) və "BMT Texnologiya Ofisi"nin ("United Nations Technology Office") hazırladığı hesabatda süni intellektin yaratdığı imkanlar və risklər ətraflı müzakirə edilib.
Valyuta.Az-ın xəbərinə görə hesabatda qeyd olunub ki, beynəlxalq əməkdaşlıq təmin edilməzsə, süni intellekt inqilabı yüksək və aşağı gəlirli ölkələr arasındakı iqtisadi uçurumu daha da dərinləşdirə bilər.
Hesabata əsasən, süni intellekt sənayelərdə innovasiya və məhsuldarlıq üçün geniş imkanlar yaratsa da, qeyri-bərabər investisiyalar, tətbiq səviyyələri və texnologiyadan istifadədəki fərqlər sosial və iqtisadi ədalətsizlikləri artırır. Xüsusilə, yüksək gəlirli ölkələr bu texnologiyadan daha çox faydalanarkən, aşağı və orta gəlirli ölkələrin geridə qaldığı vurğulanıb.
Süni intellektin məşğulluğa təsiri
Hesabatda infrastruktur, texnologiya, təhsil və təlim sahəsində qeyri-bərabər çıxışın qlobal miqyasda ədalətsizlikləri dərinləşdirəcəyi barədə xəbərdarlıqlar yer alıb. Aparılan araşdırmalar göstərir ki, istehsal edən süni intellekt bəzi peşələrdə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Lakin bunun iş yerlərinin ümumi itirilməsi baxımından çox da böyük təsir göstərməyəcəyi qeyd edilib.
Xüsusilə, ofis dəstək işçilərinin süni intellektdən təsirlənməsi ehtimalı yüksəkdir. Hesabata görə, bu vəzifələrin 24%-i avtomatizasiyaya yüksək dərəcədə, 58%-i isə orta səviyyədə məruz qala bilər.
İşçilərin müstəqilliyi gücləndirilməlidir
Hesabatda texnologiyanın işçilərin yaradıcılığı və müstəqilliyini artırmalı olduğu qeyd edilib. Bununla yanaşı, ölkələr arasında texnologiya uçurumunu azaltmaq üçün milli və beynəlxalq səviyyədə əlaqələndirilmiş siyasətlərin həyata keçirilməsi tövsiyə olunub. Bu siyasətlər, süni intellektin müsbət təsirlərinin daha geniş yayılmasına və risklərin azaldılmasına yönəlməlidir.
Eyni zamanda, texnologiyanın bəzi inkişaf etməkdə olan ölkələrdə geniş yayılmış çağrı mərkəzləri və digər sektorlarda iş yerlərini təhlükə altına saldığı bildirilib. Kompüterlərə çıxış və rəqəmsal bacarıqlardakı çatışmazlıqlar həll olunmasa, bu, məhsuldarlığın artırılması potensialını məhdudlaşdıra bilər.
İşini itirənlərə yeni bacarıqlar öyrədilməlidir
Hesabatda süni intellektin mənfi təsirlərinin azaldılması üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Qlobal məlumat mübadiləsi şəbəkəsinin qurulması və texnologiyanın bacarıq və peşələrə təsirini dəyərləndirmək üçün standart metodologiyaların hazırlanması təklif edilib.
Hesabatda göstərilən əsas tövsiyələr:
- İnsana layiq iş şəraiti təmin edilməlidir: Süni intellektdən əldə edilən faydaların daha bərabər yayılması üçün bütün işçilər üçün əsas iş prinsipləri qorunmalıdır.
- Təhsil və bacarıq qazanma proqramları həyata keçirilməlidir: Süni intellekt səbəbilə işlərini itirən və ya təsirlənən işçilər üçün dəstək proqramları təşkil olunmalıdır.
- Gender bərabərliyinə diqqət yetirilməlidir: İşçi qüvvəsində süni intellektin təsirlərini balanslaşdırmaq üçün bərabərlik siyasətləri hazırlanmalı və yaşıl iqtisadiyyat sahələrinə sərmayə qoyulmalıdır.
- İşçi təşkilatlarının iştirakı artırılmalıdır: Süni intellektin tətbiqi ilə bağlı qərarların qəbul edilməsində işçilərin və onların təşkilatlarının iştirakına şərait yaradılmalıdır.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay