Xaricdə təhsil vəd edən şirkətlərin təkliflərinin təminatı var? - "Dünyadan xəbəri olmayan insanlar..."
Dövlət İmtahan Mərkəzi tərəfindən tələbə qəbulunun nəticələri açıqlanandan sonra universitetlərə qəbul ola bilməyən abituriyentlər xarici ölkələrdə xüsusilə Türkiyə və Ukraynanın universitetlərində attestatla təhsil almaq üçün müxtəlif yollar axtarırlar. Bu zaman isə ortaya xarici ölkələrin universitetlərində təhsil vədləri verən şirkətlər girir. Onlar abituriyent və onların valideynlərinə müxtəlif təkliflər təqdim edir. Lakin bu şirkətlərin təklif etdiyi universitetlərin diplomunun Azərbaycanda tanınması ilə bağlı problem yaranır. Şirkətlər isə məsuliyyətdən yayınırlar.
Dövlət qurumları bu məsələ ilə bağlı tez-tez xəbərdarlıq edir.
Bir neçə gün öncə Təhsildə Keyfiyyət Təminatı Agentliyi bununla bağlı yenidən məlumat yaydı. Yayılan məlumatda qeyd olunub ki, xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımırlar.
Onların təklif etdiyi universitetlərin diplomu tanınmayacaqsa, ölkədə kifayət qədər çox fəaliyyət göstərən xaricdə təhsil şirkətlərini nə gözləyir? Vətəndaşlar bu şirkətlərlə əməkdaşlıq edərkən nəyə diqqət etməlidir?
Valyuta.az mövzunu təhsil mütəxəssisi Qoşqar Məhərrəmov ilə müzakirə edib.
Qoşqar Məhərrəmov bildirib ki, burda məsuliyyət şirkətlərlə bərabər xarici ölkədə təhsil almaq istəyən abituriyent və onların valideynlərinin də üzərinə düşür:
"Bu məsələ ilə bağlı vətəndaşların ayıq-sayıq olması çox vacibdir. Onlar belə şirkətləri seçərkən "Tiktok"da, "Instagram"da yayılan videolarla qərar almamalıdır. Təhsil kimi önəmli bir məsələni sadəcə sosial şəbəkədə gördükləri bir video ilə tanıdıqları təhsil şirkətinə etibar etməməlidir. Valideyn, abituriyent Təhsildə Keyfiyyət Agentliyinin saytına girib baxmalıdır ki, təhsil şirkətinin mənə təklif etdiyi universiteti mənim dövlətim tanıyırmı və ya həmin şirkətlərin təklif etdiyi universitet fəaliyyət göstərdiyi ölkə tərəfindən rəsmi olaraq tanınırmı və s. Ancaq bəzən elə olur ki, abituriyent, onların valideyni bu məsələlərə diqqət etmir, bəzən İKT savadsızlığı olur, ya həyəcanlandığı üçün bunlara diqqət etmədiklərindən "bircə universitet olsun" niyyəti ilə hər detal şirkətə həvalə edilir".
Mütəxəssis Təhsildə Keyfiyyət Təminatı Agentliyinin diplomları tanımaq üçün diqqət etdiyi məqamları sadalayıb:
"Məsələn, deyir ki, qəbul olduğum universiteti tanıdım, ancaq mənə hansı dildə təhsil alırsansa, o dili biliyini göstərməlisən. Sən bunu məzun olub qayıdandan sonra mənə isbatlamalısan. Lazım olarsa, tələbəyə ixtisası ilə də bağlı suallar verilir. Bundan başqa, onun pasportuna baxıb əyani təhsil müddətində hansı ölkədə olduğunu müəyyənləşdirə bilər. Çünki pasport xarici ölkədə təhsil aldığını sübut edən sənədlərdən biridir. Əgər universitet agentliyin siyahısında varsa, bütün bu yoxlamadan sonra həmin şəxslərin diplomunu təsdiqlənə bilər".
"Bəs bu halda xaricdə təhsil şirkətlərini nə gözləyir" sualına cavab olaraq mütəxəssis qeyd edib ki, xaricdə təhsli şirkətlərini heç nə gözləmir. Onlar şəxsi təşəbbüslə qurulmuş şirkətlərdir:
"Burda nəticə tələb və ərz məsələsidir. Yəni, artıq seçim diqqəti tələbənin üzərinə düşür. Şirkət müştərini savadsız görərkən düşünür ki, ona nə istəsəm sata bilərəm. Ona görə də müştəri savadlı olmalıdır ki, aldığı məhsulun dəyərini və keyfiyyətini araşdıra bilsin. Yaxud, hazırda universitetdə təhsil alanlar həmin təhsil ocağının Azərbaycan dövləti tərəfindən tanınması ilə bağlı araşdırma aparmalıdır. Bu diplomların ölkəmiz tərəfindən tanınmadığını görsələr, bu zaman orda təhsili dayandırmalıdır".
Qoşqar Məhərrəmov son olaraq vurğulayıb ki, əhali arasında internet, oxu, yazı, normal media savadlılığı artmadığı müddətdə bu cür şirkətlərin fəaliyyəti də davam edəcək:
"Çünki bu şirkətlər heç nə bilməyən, dünyadan xəbəri olmayan, "Google"da araşdırma apara bilməyən insanlardan pul qazanır. Ona görə də düşünürəm ki, hələ uzun müddət bu şirkətlər fəaliyyətini davam edəcək".
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay