“Tələbə adını qazanmış on minlərlə gəncin hədəfi yoxdur”
Karyeramızın necə davam etməsində tələbəlik illərimizin rolu böyükdür. 4 il desək də, bir göz qırpımında gəlib keçə bilir. Bəs bu dövrü necə keçirək ki, gələcəkdə iş həyatımıza fayda versin? Bunun üçün universitetlər tələbələrə hansı şəraiti yaratmalıdırlar?
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, tələbə adını qazanmaq işin ən yaxşı halda 10 faizidir:
“Tələbə olduqdan sonra gənclərin həyatında başqa səhifə açılır. Tələbə ilk növbədə özünün hədəflərini müəyyən etməlidir. İxtisas seçimində elə abituriyentlərlə qarşılaşdıq ki, onların artıq öz hədəfləri var və hətta valideynləri də onları o hədəflərdən yayındıra bilməz. Onlar ixtisaslarını axtarırlar, araşdırırlar, öz potensialları ilə, daxildə olan istəkləri ilə özlərini tapa biləcək ixtisasları müəyyənləşdiriblər. Bu abituriyentlər çox az hissədir. Tələbə adını qazanmış on minlərlə gəncin hədəfi yoxdur. Onlar universitetə niyə daxil olduqlarının, qazandıqları ixtisasda niyə oxuyacaqlarının, onlar üçün faydasının nə olduğunun fərqində deyillər. Məsələn, elə adamlar var ki, onun üçün Cihaz Mühəndisliyi, yoxsa Coğrafiya ixtisasında oxumağın fərqi yoxdur. Belə adamların ixtisasını dəyişsəniz belə, onlar üçün çox fərq etməyəcək. Bu səbəbdən, gələcəyə yönəlik danışırıqsa, ilk növbədə hədəflərimiz olmalıdır”.
Ekspert bildirdi ki, tələbənin öz karyerasına uğurla davam etməsində universitetlər rol oynamalıdır:
“Bunun üçün universitetlərin bir çoxunda karyera mərkəzləri fəaliyyət göstərir. Təəssüf ki, bir neçə universiteti çıxmaq şərti ilə digər universitetlərdə bu mərkəz formal olaraq fəaliyyət göstərir. Bir-iki əməkdaşla, bir otaq ayırmaqla, arada tədbir təşkil etməklə karyera mərkəzi olmur. Bu günün tələbəsi artıq cəmiyyətə atılmış bir şəxsdir. Ona nə etmək lazım olduğunu bildirmək lazımdır. Karyera bələdçiliyi funksiyasını həyata keçirmək lazımdır. Tələbələrə zamanın düzgün idarə edilməsini, layihələrin idarə edilməsini, ofis proqramlarını və xarici dil başda olmaqla bir çox bacarıqları öyrətmək lazımdır. Zamanı düzgün idarə edə bilməyən tələbə nə dərslərində, nə də praktikada uğurlu ola bilməyəcək. Tələbə olmaq çox böyük iş deyil, əgər bu uğuru düzgün hədəf istiqamətində fokuslandırmasanız, təhsil alacağınız müddət həyatınızın itirilmiş hissəsi olacaq”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay