“Azərbaycan universitetlərində PR və marketinq işi düzgün təşkil olunmayıb” - Ekspert
Bəzən ölkədə fəaliyyət göstərən bəzi universitetlərin reklamlarını görürük. Amma öz reklamlarını aparan universitetlərin sayı çox azdır. Azərbaycan universitetlərinin özlərinin reklamını aparmamasının səbəbləri nələrdir? Ümumiyyətlə, universitet özünü reklam etməlidirmi?
Valyuta.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil eksperti Elmin Nuri deyir ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin bir çoxunda PR və marketinq işi o qədər də düzgün təşkil olunmayıb:
“21-ci əsrdə, texnologiyanın inkişaf etdiyi dövrdə PR və marketinq yalnız tədbirlərin təşkili, media ilə əlaqənin qurulması ilə məhdudlaşmamalıdır. PR yüksək texnologiyaya, güclü strategiya əsasında həyata keçirilməli olan mexanizmdir. Təəssüf ki, bu, bizim universitetlərdə çox da həyata keçirilmir. Bu gün biz dünyanın nəhəng ali təhsil müəssisələrinin PR və marketinq xidmətinin yüksək səviyyədə işlədiyini görə bilirik. PR və marketinqə nə qədər tanınmasından və bazardakı mövqeyindən asılı olmayaraq hər bir qurumda hər zaman ehtiyac var”.
Ekspertin sözlərinə görə, universitetin əsas missiyalarından biri də onun əmək bazarı ilə əlaqələrinin qurulmasıdır. PR və marketinq işi bu əsnada çox böyük rol oynayır:
“Abituriyentlər arasında, əmək bazarı və istehsalat dünyası ilə universitetlər arasında, mediada və sosial şəbəkələrdə universitetlərin PR işi daha innovativ şəkildə aparılmalıdır. Amma biz bunun nümunsəini görə bilmirik. Bizim universitetlərdə konkret faiz demək olmasa da, PR və marketinq işinin böyük strategiya əsasında həyata keçirilmədiyini görərik. Yalnız standart qəliblər əsasında işlər görülür. Bir çox universitetlər PR və kommunikasiya işini mətbuat xidmətinin işi ilə məhdudlaşdırır. Bu da, tamamilə yanlış qərardır. Universitetlərimizdə güclü PR strategiyasını bilən şəxslər olmalı, onlar üçün xüsusi təlimlər keçirilməlidir. Lazım olarsa, xarici ölkələrdə olan təlimlərə qoşulmalı, Türkiyənin böyük dövlət universitetlərində istifadə olunan PR təcrübəsindən istifadə etməlidirlər.
Bundan başqa, internet resurslarından və digər mənbələrdən PR və marketinq haqqında məlumat əldə etmək olar. Bizim universitetlər buna da maraqlı deyil”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay