BVF: Azərbaycanın bank sektoru iqtisadiyyatda daha mühüm rol oynamalıdır
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Mərkəzi Bankına (AMB) maliyyə bazarlarının dərinləşdirilməsi üzrə fəal tədbirləri davam etdirməyi tövsiyə edir.
Valyuta.az xəbər verir ki, bu tövsiyə BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb - İF) öz əksini tapıb.
“Azərbaycanın bank sektoru dayanıqlıdır və iqtisadiyyatda daha mühüm rol oynamalıdır. Maliyyə dayanıqlığı göstəriciləri riskləri tam əks etdirməsə də, güclü bank sektorunu nümayiş etdirməyə davam edir. BVF kreditlərin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsini davam etdirməyi, eləcə də risk əsaslı nəzarətə və iri banklara konsolidə edilmiş nəzarətə keçməyi tövsiyə edir. Hökumət tərəfindən iqtisadiyyatda maliyyə sektorunun rolunun davamlı qiymətləndirilməsi alqışlanır və bunun ardınca maliyyə bazarlarının dərinləşdirilməsi üzrə fəal səylər göstərilməlidir”, - deyə BVF-nin saytında dərc olunmuş məlumatda qeyd olunur.
Fondda hesab edirlər ki, Mərkəzi Bank gələcəkdə pul-kredit siyasətinin daha da yumşaldılmasına ehtiyatla yanaşmalıdır, belə ki, xarici və daxili amillərlə şərtlənmiş müəyyən inflyasiya riskləri qalmaqdadır.
“Mərkəzi Bank pul siyasətinin transmissiya mexanizmini də gücləndirməyə davam etməlidir”, - deyə BVF vurğulayır.
Fond qeyd edir ki, 2023-cü ilin 10 ayı ərzində Azərbaycanda neft hasilatı azalıb və neft hasilatının azalmağa davam edəcəyi, qaz hasilatının isə bir qədər artacağı proqnozlaşdırılır. 2022-ci ilin sonunda pik həddə çatdıqdan sonra inflyasiya 4±2% səviyyəsində hədəf diapazonuna qayıdıb. Lakin həm potensial xarici şoklar, həm də davam edən yüksək daxili tələb səbəbindən inflyasiya riskləri qalmaqdadır.
BVF 2024-2028-ci illərdə Azərbaycanda ÜDM artımını ildə 2,3% səviyyəsində proqnozlaşdırdığını təsdiqləyib.
Fondun qiymətləndirmələrinə görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 4,7%-dək azalacaq, 2025-ci ildə 5%-ə qədər artacaq, 2026-cı ildə 4,5%-dək, 2027-2028-ci illərdə isə 4%-dək azalacaq.
BVF hesab edir ki, ölkənin yüksək neft qiymətləri ilə dəstəklənən xarici mövqeyi xarici ticarətin müsbət saldosu və valyuta ehtiyatlarının artması hesabına güclü olaraq qalacaq.
BVF qeyd edir ki, perspektivlər üçün risklər ümumilikdə balanslaşdırılmış olaraq qalır. Eyni zamanda, Ukraynada hərbi əməliyyatların və Qəzza münaqişəsinin kəskinləşməsi karbohidrogenlərin bahalaşmasına və tələbin artmasına səbəb ola bilər, bu isə öz növbəsində, Azərbaycanın ixracının və büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq. Lakin bu, həm də inflyasiya üçün risklər yaratmaqla ərzaq qiymətlərinin artmasına səbəb ola bilər.
Fond Azərbaycan hökumətinin ortamüddətli büdcə konsolidasiyası üzrə planlarını da alqışlayıb.
“Şaxələndirilmə (iqtisadiyyatın – İF) idarəetmənin gücləndirilməsi, dövlət müəssisələrinin rolunun məhdudlaşdırılması üzrə islahatlara səbəb olacaq. Məhkəmə sisteminin müstəqilliyinin və maliyyə şəffaflığının artırılmasında irəliləyiş, eləcə də özəl sektorun dövlət müəssisələrində iştirakının genişləndirilməsi və maliyyə vəziyyətinin yaxşılaşdırılması üzrə davamlı səylər işgüzar mühiti yaxşılaşdırmağa, özəl investisiyaları və məhsuldarlığı artırmağa kömək edəcək. MONEYVAL-ın tövsiyələrinin yerinə yetirilməsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hökumətinin iqlim öhdəliklərinin yerinə yetirilməsi istiqamətində göstərdiyi səylər alqışlanır”, - deyə BVF vurğulayır.
İnterfaks-Azərbaycan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay