Finlandiya gələn il Rusiyadan LNG idxalını qadağan etməyi planlaşdırır
Finlandiya 2025-ci ilin əvvəlindən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını qadağan edə bilər, müvafiq qanunvericilik qərarları bu il hazırlanacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Finlandiyanın ətraf mühit və iqlimin mühafizəsi naziri Kay Mikkanen "Helsingin Sanomat" qəzetinə məlumat verib.
"Mən konkret bir tarix vəd etmək istəmirəm, amma gələn il qadağanın qüvvəyə mindiyi bir vəziyyətdə olacağıq", deyə nazir bildirib.
Finlandiyanın "Gasum" dövlət şirkəti Rusiyadan LNG idxalını davam etdirir. Şirkət bunu müqavilə öhdəlikləri ilə izah edir. Şirkətin saytında Rusiyanın "Qazprom" şirkəti ilə uzunmüddətli satınalma müqaviləsi olduğu və bu müqaviləyə əsasən minimum alışlar həyata keçirildiyi bildirilir.
Dekabr ayında Avropa İttifaqına üzv dövlətlər və Avropa Parlamenti üzv ölkələrə təhlükəsizlik səbəbi ilə Rusiya və Belarus boru kəməri qazının və LNG-nin idxalını qadağan etməyə imkan verən islahat haqqında razılığa gəliblər. Tənzimləmənin yazda qüvvəyə minməsi gözlənilir. Bundan sonra Finlandiya hökuməti idxal qadağası ilə bağlı təklifini təqdim edə bilər.
Mikkanenin sözlərinə görə, qadağa diqqətlə hazırlanmalıdır. Yeni qaydalara əsasən, bir ölkənin hökuməti LNG idxalına qadağa qoyulması ilə bağlı Avropa Komissiyası ilə məsləhətləşməli və qonşu ölkələrin narahatlığını nəzərə almalı olacaq. Qadağa yalnız məhdud müddətə tətbiq edilə bilər.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay