“İş müsahibəsinə gedərkən zövqlü geyinmək sizin xeyrinizədir”
İnsanlar geyimləri ilə qarşı tərəfdə ilk təəssüratı yaradırlar. Ona görə, iş müsahibəsinə gedərkən geyim məsələsinə diqqətli yanaşmağı məsləhət görürlər. Bəs iş müsahibələrinə gedərkən necə geyinək?
Biznes konsultant Ramin Musayev Valyuta.az-a geyim seçiminin müsahibəyə getdiyiniz müəssisədən asılı olduğunu bildirdi. Onun sözlərinə görə, iş müsahibəsinə gedərkən zövqlü geyinmək sizin xeyrinizədir: “Çünki zövqlü görünən insanlara daha çox etibar yaranır. Geyim tərzi həmin müəssisənin profilindən asılı olaraq təyin olunmalıdır. Məsələn, İT sahəsidirsə, ora kostyumla, qalstukla getmək düzgün deyil. Əksinə bank, dövlət müəssisəsi, investisiya şirkətidirsə, ciddi dress-kod olan şirkətdirsə, ora mütləq onların dress-koduna uyğun kostyum və qalstukda getmək daha yaxşıdır”.
Ramin Musayev hər iki tərz üçün geyim seçimində məsləhətlər verdi: “Məsələn, kostyum geyinəcəksinizsə, tünd göy və yaxud da qəhvəyi rəngdə kostyum geyinə bilərsiniz. Mütləq qalstuk taxmalısınız, ağ və ya mavi köynəklə geyiminizi tamamlaya bilərsiniz. Əgər iş müsahibəsinə getdiyiniz yer İT, yaradıcı, dizayner kimi sahədirsə, daha sadə geyinmək məsləhətdir. Cins şalvar, yüngül sport ayaqqabı, köynək, gödəkcə ola bilər”.
Musayevin sözlərinə görə, rəng psixologiyası ilə qarşı tərəfdə müsbət rəy formalaşdıra bilərsiniz: “Məsələn, qəhvəyi rəng insanlarda daha çox etibar yaradır. Həmçinin boz, göy, ağ rənglərə üstünlük vermək lazımdır. Qara geyinib getmək məsləhət deyil. Azərbaycanda çox adam qara geyinir. Amma qara rəng bədbinlik təəssüratı yaradır. Ona görə, daha pastel, minimalist, sadə rənglərdə geyimlər seçməlisiniz”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay