
Biznesimizin uğurlu olması üçün nə qədər gözləyək?
Biznesə başlayıb yarımçıq qoyan insanlar çoxdur. Təbii ki hər kəsin öz səbəbi olur. Bəs ümumilikdə, bizneslərin yarımçıq qalma səbəbləri nədir? Bəzən bir neçə ay sonra “uğursuz oldu” deyib “təslim olanlar”a deyirlər ki, gərək bir müddət də davam edərdin, gözləyərdin. Bəs uğurlu alınması üçün nə qədər gözləməliyik?
Peşakar idarəçi Fəxri Ağayev Valyuta.az-a açıqlamasında bildirdi ki, biznesin tez dayandırılmasının müxtəlif səbəbləri ola bilər: “Bəzən insan psixoloji baxımdan enişlərə və zərbələrə dözmür və ona görə də işi dayandırır. Yaxud maddi baxımdan “nəfəsi” çatmır və bir müddət zərərlərdən sonra davam etməmək qərarı verir. Yaxud ola bilər ki, insan biznesin əsasını təşkil edən bir neçə mühüm məqamı bilmir və ona görə də böyük və ardıcıl zərərlərlə qarşılaşır. Bir digər önəmli məsələni də deyim ki, biznesin ilk illərində ən vacib məqam satışdır. Biznesi quran insan satışı bacarmır. Öz işini mükəmməl bilsə belə, satmadığı və sata bilmədiyi təqdirdə biznesini dayandırmaq məcburiyyətində qalır. Daha bir məqam isə müxtəlif dövlət qurumları tərəfindən obyektiv və subyektiv təzyiqlərdir. Biznesi quran insanın səbrinin tükənməsində bunun da rolu var”.
F.Ağayevin sözlərinə görə, biznesin rahat iş olacağını fərz edib öz işini quranlar sonra xəyal qırıqlığına məruz qalırlar: “Biznes göründüyü qədər asan fəaliyyət deyil. Tam tərsi – olduqca mürəkkəb və enişli-yüksəlişli, ağır bir işdir. Biznesin sahibi olmaq o deməkdir ki, insanın heç bir zəmanəti yoxdur. Ay sonunda konkret məbləğdə maaş almayacaq, iş saatı 18.00-da bitmir və o işçiləri kimi evə gedə, istədiyi zaman tətilə çıxa bilmir. Bəli, bu gün rahat yaşayan, gününü rahat keçirən, yüksək gəlir əldə edən sahibkarlar var. Bu adamların uzun illər ərzində əziyyətini görmədən son durumlarını görmək insanları aldadır. Və belə bir fikir yaranır ki, sahibkar ol, öz işini qur və bu insan kimi rahat olacaqsan. Bu, olduqca yanlış düşüncədir”.
Biznesdə uğur qazanmaq üçün nə qədər gözləmək lazım olduğuna gəlincə, F.Ağayev bildirdi: “Gözləmək lazım deyil. Çox aktiv olmaq lazımdır, əsasən də satışda. Mən kiçik sahibkarı bir ovçuya bənzədirəm – hər gün ova çıxmalıdır“, deyə peşakar idarəçi dedi.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay