Rüfət Quliyev Taylandın Azərbaycandakı səfiri ilə nələri müzakirə edib? (FOTO)
İyulun 6-da Milli Məclisinin deputatı Rüfət Quliyevlə Taylandın Azərbaycandakı səfiri Apirat Suqodjabhirom, Taylandın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyinin məsləhətçisi Jatuçatra Çommai və Tayland Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar şöbəsinin birinci katibi Kavisara Sukumolçan arasında görüş keçirilib.
Valyuta.az xəbər verir ki, görüşün məqsədi Azərbaycan-Tayland arasında iqtisadi, siyasi, parlamentlərarası münasibətləri inkişaf etdirmək olub.
Görüş barədə Valyuta.az-a açıqlama verən Rüfət Quliyev bildirib ki, bu görüş hər iki tərəfin maraqları çərçivəsində baş tutub:
Tayland iqtisadi cəhətdən inkişaf etmiş, dünyada valyutası stabil olan beş ölkədən biridir. Taylandda istehsal inkişaf edir. Dünyada tanınmış ən böyük korparasiyalar orada öz filiallarını açıb. Ölkənin avtomobil istehsalında, kənd təsərrüfatı sahəsində çox güclü mövqeləri var.
Deputat qeyd edib ki, görüşün əsas məqsədi Azərbaycan və Tayland arasında münasibətlərin daha da istiləşməsi üçün müzakirələr aparmaq olub: "Bunun üçün parlamentlərarası əlaqələr qurulması vacibdir. Bu, hər iki tərəf üçün önəmlidir".
Rüfət Quliyev bildirib ki, bu ilin may ayında Taylandda parlament seçkiləri olub. Artıq Aəzrbaycan-Tayland parlamentlərarası qruplarlar formalaşır: "Cənab səfir söz verdi ki, Ankaraya qayıdan kimi Taylandın parlament rəhbəri ilə əlaqə saxlayacaq. Bildiyiniz kimi, mənim daha öncə Taylandın idman və turizm naziri ilə görüşüm oldu. O da bu əlaqələrin qurulmasına kömək edəcəyini bildirdi. Bu görüşdə də cənab səfir mənə söz verdi ki, Taylandda parlamentlərarası qrup formalaşan kimi qrup rəhbəri ilə bizi tanış edəcək, bizi ora dəvət edəcək və ilk görüş Tayland da keçiriləcək”.
Rüfət Quliyev qeyd edib ki, iki ölkənin parlamentləri arasındakı münasibətləri daha da aktivləşdirmək lazımdır: “Bizim münasibətlərimiz daha sürətlə artacaq, bir-birimizi daha yaxşı tanıyacağıq”.
"Görüş zamanı Bakıdan Taylandın paytaxtı Banqkoka birbaşa təyyarə reyslərinin açılması, viza qaydalarının sadələşdirlməsi ilə bağlı müzakirələr də aparıldı. Bunun həlli istiqamətində işlər görülür. İki ölkə arasında turistlərin gediş-gəlişinə şərait yaratmaq üçün danışıqlar oldu", deyə deputat əlavə edib.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay