Nazir Məcnun Məmmədov FAO-nun 43-cü sessiyasında çıxış edib (FOTO)
İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 43-cü sessiyası davam edir. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov su resurslarından səmərəli istifadə mövzusunda sessiyada çıxış edib.
Nazir bildirib ki, planetdə torpaq və su resurslarının davamlı təzyiqə qalmasının əsas səbəbi kənd təsərrüfatı fəaliyyətidir. Bütün dünyada olduğu kimi Azərbaycanda da su ehtiyatlarının məhdudluğu, su itkisi, fermerlərin sudan səmərəli istifadə etməməsi aqrar fəaliyyətdə çətinliklər yaradır. Ölkənin su ehtiyatlarının böyük bir hissəsinin Azərbaycandan kənarda formalaşdığını deyən nazir məhdud su ehtiyatlarından daha səmərəli istifadə etməyin vacibliyini önə çəkib.
“Ölkəmizdə mövcud su ehtiyatlarının səmərəli idarə olunması üçün güclü siyasi iradə mövcuddur. Bu istiqamətdə görülən işlərdən biri iqlimə uyğun ağıllı kənd təsərrüfatı idarəçiliyinə investisiya qoyuluşu da daxildir. Azərbaycan hökuməti iqlimə uyğun aqro-ərzaq sistemlərinin inkişafına böyük sərmayə yatırır. İnvestisiyaların əsas hissəsi rəqəmsal və ağıllı kənd təsərrüfatının transformasiyasına yönəlib. Fermerlərin müasir suvarma sistemlərindən istifadəsi dövlət tərəfindən subsidiyalaşdırılır, torpaq kanalların beton kanallarla əvəzlənməsi, yeraltı su xətlərinin çəkilməsi, damcı suvarma və Pivot suvarmanın təşviqi səmərəli su idarəçiliyi siyasətimizin əsas prioritetlərini təşkil edir”.
FAO-nun torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması, kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində təşəbbüslərinin dəstəkləndiyini vurğulayan nazir Azərbaycanın bu təşəbbüslərə böyük həvəslə qoşulduğunu, bu cür çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlığa hazır olduğunu deyib.
Nazir Məcnun Məmmədov FAO-nun 43-cü sessiyası çərçivəsində qurumun yenidən sədri seçilmiş Qu Donqyu ilə də görüşüb. Nazir ölkəmizin FAO ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayıb, bu əməkdaşlığın BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına öz töhfəsini verdiyini bildirib. Görüşdə Azərbaycan-FAO əlaqələrinin daha da genişləndirilməsi, FAO-nun rəqəmsal kənd təsərrüfatı, effektiv su idarəçiliyi təşəbbüslərinə dəstək və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Nazir Məcnun Məmmədov həmçinin İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Ari Ditçerlə görüşüb. Tərəflər Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərinə toxunub, İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay