Rəsul Rzanın ev-muzeyinin təmiri üçün tender elan olunacaq
Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın Bakının mərkəzində yerləşən ev-muzeyinin təmir və bərpası ilə əlaqədar tender elan olunacaq.
Valyuta.az xəbər verir ki, bunu report-a açıqlamasında R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
O bildirib ki, məsələ ilə bağlı ciddi yenilik yoxdur:
"Mədəniyyət Nazirliyindən mənə zəng etmişdilər. Bildirdilər ki, muzeyin təmiri üçün tender elan olunmalıdır. Tenderdən sonra təmirə başlayacaqlar”.
Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay