Dövlət satınalmaları zamanı ən çox qeydə alınan qanun pozuntuları açıqlanıb
Azərbaycanda dövlət satınalmalarında və dövlətə məxsus ayrı-ayrı hüquqi şəxslərin satınalmalarda qeydə alınan qanun pozuntuları arasında ehtimal olunan qiymətin düzgün hesablanmaması və vəsaitlərə qənaətli yanaşılmaması kimi hallar üstünlük təşkil edir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
"Son üç ilin təhlilləri göstərir ki, qanunvericiliyin tələbləri pozulmaqla müqavilələrə sonradan dəyişikliklərin edilməsi və öhdəliklərinə qarşı vicdanla davranmayan podratçılara qarşı benefisiarlar tərəfindən məsuliyyət tədbirlərinin tətbiq edilməməsi halları artıb. Dövlət büdcəsinin formalaşması mərhələsində proqnozlaşdırılan xərclərin əsaslılığının yetərli olmaması, artıq birinci rübdə əlavə vəsaitlərə tələbatın olması və vəsaitlərin yenidən bölüşdürülməsinə başlanılması, büdcə təsnifatına tam əməl edilməməsi bəzi sahələr üzrə xərc normativlərinin təkmilləşdirilmədiyini və yeni hüquqi aktlara tam uyğunlaşdırılmadığını göstərir.
Eyni zamanda, büdcənin icrası mərhələsində hüquqi şəxslərə subsidiyanın verilməsi və istifadəsində pozuntular, subsidiya alanların tələb olunan göstəricilərə nail ola bilməməsi və istifadə edilməyən subsidiyaların büdcəyə qaytarılmasını təmin etmək üçün aparılan işlərin kifayət qədər olmaması kimi hallar subsidiyaların verilməsi ilə bağlı qayda və prosedurların olmasını zəruri edir. Qeyd edilənlər, subsidiyaların planlaşdırılması və istifadəsinə dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac olduğunu göstərir. Həmçinin, dövlət sifarişinin formalaşması və icrası üzrə qanunvericilikdə bəzi məsələlərin tənzimlənməməsi və konkret mexanizmlərin olmaması resurs-nəticə əlaqəsinin zəif olması ilə nəticələnir", - deyə o qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay