"AzerGold" "Filizçay polimetal yatağı ilə bağlı layihələndirməyə başlayır
"AzerGold" QSC "Filizçay" polimetal yatağına dair texniki-iqtisadi əsaslandırma sənədi və ilkin detallı layihələndirmə sənədləri üzrə iş həcmlərinin hazırlanması istiqamətində məsləhət xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Micon Internatinal Co Limited”dir.
Qalib şirkətə 3 milyon 485,98 min manat ödəniləcək.
Xatırladaq ki, 1959-cu ildə kəşf edilmiş “Filizçay” yatağı Balakən rayonunun inzibati ərazisində yerləşir. Yataq regionun ən böyük polimetal yatağı və “AzerGold”un ən iri həcmli layihəsidir. Bununla yanaşı tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında öncül yerlərdə qərarlaşıb.
Yatağın xarici ekspertlər tərəfindən beynəlxalq standartlara əsasən təsdiqlənmiş filiz ehtiyatlarının həcmi 60 milyon tondur. Geoloji kəşfiyyat işləri hazırda da davam etdirilir və aparılan tədqiqatlar nəticəsində yatağın ümumi filiz ehtiyatlarının 120 milyon tona çatdırılması gözlənilir. Yataqda sink, qızıl, gümüş, mis və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur.
Hər bir yatağın istismara verilməsi geoloji kəşfiyyat, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, tikinti-quraşdırma işlərinin aparılması və digər bu kimi bir neçə uzunmüddətli mərhələninin icrasını tələb edir. Layihədən asılı olaraq bilavasitə hasilat işlərinə başlamazdan öncə bu mərhələlərin icrasına orta hesabla 5-8 il vaxt tələb olunur. Bütün bunlar nəzərə alınaraq, "Filizçay" yatağının istismara verilməsi ilk olaraq 2027-ci ilə planlaşdırılsa da, “AzerGold” QSC tərəfindən layihənin icrasının optimallaşdırması nəticəsində istismara əvvəlcə planlaşdırılan müddətdən iki il daha tez, 2025-ci ildə başlamaq mümkün olacaq.
"Filizçay" yatağının 2052-ci ilə qədər 27 il nəzərdə tutulmuş istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi planlaşdırılır. Bundan əlavə, yatağın istismarı 1 000-dən çox yeni iş yerinin açılması deməkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay