Avropa İttifaqı və Çin Zəngəzur dəhlizində maraqlıdır – Vüsal Qasımlı
““Zəngəzur dəhlizi” təkcə Naxçıvanla Azərbaycanın qalan bölgələri arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir”.
Valyuta.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib.
V.Qasımlı qeyd edib ki, Vətən müharibəsində qələbəsi ilə geo-strateji və geo-iqtisadi əhəmiyyətini daha da artıran Azərbaycan Şərq-Qərb xəttinin üzərində Bakı-Tbilisi-Qars və Zəngəzur nəqliyyat damarları ilə şaxələnməni həyata keçirir və böyük Avrasiya coğrafiyasının “çeşidləmə mərkəzi”nə çevrilir:
““Zəngəzur dəhlizi”nə marağı artıran daha bir amil, Avrasiyada şimal quru yolu üzrə Polşa-Belarus sərhədində yaranan texniki və idarəetmə məhdudiyyətləri ilə bağlıdır. Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” bu baxımdan Şərq-Qərb üzrə gündəlik milyardlarla dollar daşıma həyata keçirən kommersiya qurumlarına və onların maraqlarını müdafiə edən başda Çin və Avropa olmaqla, dövlətlərə sərfəlidir. İllik ticarət dövriyyəsi 2019-cu ildə 560 milyard avroya çatan Avropa İttifaqı və Çin “Zəngəzur dəhlizi” kimi alternativ marşrutlarda maraqlıdır. Eyni zamanda ticarət dövriyyəsi 6 milyard dollara çatan Türkiyə və Mərkəzi Asiya, həmçinin 21 milyard dollarlıq ticarət dövriyyəsinə sahib olan Çin və Türkiyənin perspektiv iqtisadi əlaqələri üçün “Zəngəzur dəhlizi” əhəmiyyətlidir. Hətta “Zəngəzur dəhlizi” Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər”.
Onun sözlərinə görə, okeanlarda Kamçatkadan Malay yarımadasına qədər “birinci ada zənciri” ilə üzləşən, eyni zamanda coğrafiyasının qərb dərinliklərində daxili regionlarını inkişaf etdirmək istəyən Çin Orta dəhlizin üzərində yerləşən və diversifikasiya imkanı yaradan Zəngəzur marşrutunu dəstəkləyir.
İcraçı direktor qeyd edib ki, Bakı dəniz limanını “yaşıl liman” olaraq qəbul edən Avropanın da “Zəngəzur dəhlizi”ndə iqtisadi maraqları var:
“Yeri gəlmişkən, 2020-ci ildə COVİD-19 pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20% artıb. Həmin ildə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olub. Aydınlıq üçün deyək ki, 2020-ci ildə “EU-China Express” yük qatarlarının daşıması əvvəlki illə müqayisədə 65 % artıb. Bakı Limanında son 5 ilin göstəriciləri ilə müqayisədə TIR-ın aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında aşırılan yüklərin həcmində isə 3,5 dəfə artım qeydə alınıb”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay