Yorğun yolçular metroya qayıtdı – Avtobusların yükü azalıbmı?
Mayın 31-dən Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyəti bərpa edildi. Uzun müddət idi ki, express xətlər üzrə avtobusların ümidinə qalan Bakı sakinləri də rahat və sürətli nəqliyyat vasitəsi olan metronun fəaliyyətini davam etdirməsinə sevindilər.
Valyuta.az xəbər verir ki, Ayna.az-a danlışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, metronun fəaliyyətini davam etdirməsi, ictimai nəqliyyatın fəaliyyətinə, yollarda tıxaca öz müsbət təsirini göstərməkdədir:
“Artıq insanlar təkcə avtobusların ümidinə qalmırlar. Metro ilə müəyyən istiqamətlər üzrə hərəkət edirlər. Metronun açılması ilə Formula 1 yarışlarına görə yolların bağlanması üst-üstə düşdü. Belə olan halda təbii ki, müəyyən çətinliklər hələ də yaşandı. Amma ümumilikdə təbii ki, metronun işə başlaması hər bir halda ictimai nəqliyyatın yükünü azaltmaq üçün əlverişli vasitədir. Bir metro vaqonunun tutumu təxminən beş-altı avtobusun tutumundan çoxdur. Ümumi qatarda da təxminən 5 vaqon olur. Belə olan halda görün, nə qədər adam daha tez daşınır və yollarda da tıxac azalır. Həmin adamlar daşınmadıqda isə taksi xidmətlərindən istifadə edirlər. Taksilərin də sayı artdıqca yollarda nəqliyyat yükü artır”.
Ekspert hesab edir ki, metronun fəaliyyəti genişləndirmək, şaxələndirmək lazımdır:
“Metro stansiyalarının sayı artırılmalıdır. Bu yaxın vaxtlarda verilən sözə əməl edilsə, yerüstü metro stansiyası da olacaq. Xocəsən qəsəbəsində nəzərdə tutulur. Amma bunu digər ərazilərdə də etmək mümkündür. Belə olan halda, təbii ki, ictimai nəqliyyatın təzə bir mərhələsi başlayır. Düşünürəm ki, bununla yanaşı tramvay, troleybus kimi ictimai nəqliyyat növləri də olmalıdır və belə olan halda biz yollarda sıxlığın nə qədər azaldığının şahidi olacağıq”.
E.Muradlı düşünür ki, indiki halda ekspress xətt üzrə hərəkət edən avtobuslar da öz xidmət yerlərinə qayıdacaqlar:
“Ekspress xətt üzrə hərəkət edən avtobuslar əvvəl hansı marşrut xətti üzrə işləyiblərsə, həmin xəttə qayıdacaqlar. Belə olan halda, həmin marşrutda olan avtobusların sayı artmış olacaq və onlar daha çox sərnişin daşıyacaqlar. Ekspress xətt üzrə hərəkət edən avtobuslar metronun funksiyasını yerinə yetirirdi. İndi metro işləyirsə, onlara ehtiyac qalmır”.
Bakı Metropolitenindən metro fəaliyyətini davam etdirməyə başladığı bu müddət ərzində əvvəlki dönəmlə müqayisədə sərnişin sıxlığında nə dərəcədə fərq müşahidə etdiklərini soruşduq.
Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Ayna.az-ın sorğusuna cavabında bildirdi ki, metro fəaliyyətə başladığı bir həftə ərzində sərnişindaşımada 2 dəfəyə yaxın azalma müşahidə olunub:
“Bir həftənin müşahidələrinə əsasən, Bakı Metropoliteni həftə ərzində təxminən 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb. Orta hesabla gün ərzində 350-400 min sərnişin daşınıb. 2020-ci ildə Bakı Metropoliteni tam fəaliyyət göstərməyib, bir sıra məhdudiyyətlər olub deyə 2019-cu il ilə müqayisə aparılıb. Ümumilikdə sərnişinin az olmasına baxmayaraq, pandemiya şəraiti, xüsusi karantin rejimi davam etdiyi üçün mövcud vəziyyəti normal hesab etmək olar. Xüsusən də metroda sıxlığın olmaması, sərnişinlərin rahatlığı, sosial məsafənin qorunması baxımından da bu, metronun fəaliyyəti üçün müsbət məqamlardan biri hesab oluna bilər”.
“Bakı Metropoliteni normal iş rejimində fəaliyyət göstərib, qatarlar optimal hərəkət qrafiki ilə təmin olunub. Ehtiyat qatarlar var. Həftə ərzində hansısa problem müşahidə olunmayıb. Bu səbəbdən ümumi vəziyyəti qənaətbəxş qiymətləndirmək olar”, - deyə o, əlavə edib.
Ekspress xətt üzrə hərəkət edən avtovbusların metrodakı sıxlığa təsirinin necə olması ilə bağlı sualımıza cavabında B.Məmmədov bildirib ki, bu barədə hələ ki fikir söyləmək çətindir:
“Bu, ayrı bir monitorinqin mövzusu olduğundan bu barədə hələlik fikir söyləmək çətindir. Bizim indiki vəzifəmiz sərnişindaşımanı mövcud şərtlər, tələblər daxilində təmin etməkdir və metropolitenə daxil olan sərnişinlər üzrə monitorinq aparmaqdır”.
Bakı Nəqliyyat Agentliyinə metronun fəailiyyətə başlamasının avtobuslarda sərnişin sıxlığının azalmasına, sərnişinlərin avtobuslarla rahat hərəkətinin təmin edilməsinə nə dərəcədə təsir göstərdiyini öyrənmək üçün sorğu göndərdik.
Agentliyin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, metroda sərnişindaşımanın bərpası ekspres xətlər üzrə avtobuslara tələbatı əhəmiyyətli dərəcədə azaldıb:
“Son bir həftənin statistikasına əsasən 80 faizə qədər azalma var. Bu gözlənilən idi. Təbii ki, belə olan halda ekspress xətlər üzrə avtobusların da fəaliyyəti müəyyən vaxtdan sonra dayandırılacaq. Lakin bu xətlərdən çıxarılan avtobuslar müntəzəm marşrutlar üzrə yenidən sərnişinlərimizin istismarına veriləcək”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay