Azərbaycan qanunlarından “əlillik dərəcəsi” sözləri çıxarılır
Milli Məclisin bu gün keçirilən iclasında bir neçə qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Valyuta.az-ın Report.az-a istinadən verdiyi xəbərə görə, sənədlər barədə Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
O bildirib ki, qanunlara dəyişikliklər 2018-ci ildə qəbul edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və onun tətbiqi ilə bağlı Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədardır.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan bu qanun layihələri həm də “Əlilliyin müəyyən olunması meyarları” sahəsində ÜST-nin müəyyənləşdirdiyi standartların implementasiyasını nəzərdə tutur.
O, dəyişikliklərin əlillik təyinatının daha obyektiv aparılmasına təminat verdiyini vurğulayıb, onların hazırlanması prosesində təhlil edilmiş qabaqcıl beynəlxalq təcrübələrdən danışıb.
Dəyişikliklərdə əsasən “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I, II və III dərəcə” sözlərinin “orqanizminin funksiyalarını 31-100 faiz itirmiş” sözləri ilə, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözlərinin “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilməsi təklif olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay