DB Azərbaycanın yeni yol layihəsinə ayrılan kreditin məbləğini açıqlayıb
Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanın yeni avtomobil yolu layihəsinə $65 milyon məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu barədə bankın məlumatında deyilir.
Valyuta.az İnterfaks.az-a istinadən xəbər verir ki, kredit “Regional bağlantı və inkişaf” adlı layihənin maliyyələşdirilməsinə yönəldilib.
“Layihə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısını təmin edəcək və əhalinin bazara çıxışını yaxşılaşdıracaq. Bu marşrut boyunca yaşayan təqribən 250 min insan təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərinin xidmətlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcək”, - deyə məlumatda bildirilir.
Salyan-Biləsuvar avtomobil yolunun yenidən qurulması layihəsinin ümumi dəyəri $95,88 milyon təşkil edir.
Layihənin dəyərinin qalan hissəsi Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.
Layihə çərçivəsində üç əsas istiqamət maliyyələşdiriləcək. Birincisi, yollara və yardımçı kənd təsərrüfatı və logistika infrastrukturuna investisiya qoyuluşları modernləşdirilmiş yolların sosial-iqtisadi inkişafa təsirinin maksimum dərəcədə artırılması məqsədilə bazarın əlçatan olmasına kömək edəcək.
İkincisi, layihə yol şəbəkəsinin idarə edilməsi sistemlərinin işlənməsinə texniki yardımın göstərilməsi və istifadəçilərdən yığımların alınması variantlarının öyrənilməsi və s. vasitəsilə yol sektorunda səmərəliliyi və maliyyə dayanıqlığını dəstəkləyəcək.
Üçüncüsü, layihə yolüstü logistikanın və bazar obyektlərinin layihələndirilməsini və təşkilini, eləcə də yerli cəmiyyətlər üçün gəlir əldə etmək imkanlarının yaxşılaşdırılması məqsədilə yerli sahibkarlara təlimlərin keçirilməsini dəstəkləyəcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $4,4 milyard məbləğində kredit ayırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay