Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əməliyyat xərcləri artıb - BP
Bu ilin I rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 41 mln. ABŞ dolları sərf edilib ki, bu da illik müqayisədə 64% çoxdur.
Valyuta.az xəbər verir ki, bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabatda qeyd edilib.
Əsaslı xərclərə isə təqribən 6 mln. dollar sərf edilib ki, bu da iki dəfə artım deməkdir.
Hesabata əsasən, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 482 mln. tondan artıq (3,62 mlrd. barel) xam neft nəql edilmiş və Ceyhanda 4 729 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Cari ilin I rübündə BTC vasitəsilə 6,7 mln. ton (-13%) xam neft və kondensat ixrac olunub və Ceyhanda 70 tankerə yüklənib (-7,9%).
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay