Azərbaycanın bəzi bölgələrinə ləğv edilən qatarlar bərpa edilirmi? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda son bir neçə ilə qədər ölkənin bütün istiqamətlərinə qatarla səfər etmək mümkün idi. Bakıdan qatara minən sərnişin seçdiyi xəttə uyğun olaraq Yalamaya (Rusiya sərhəddi), Astaraya , Böyük Kəsiyə (Gürcüstanla sərhəd), Balakənə səfər edə bilirdi. Hazırda bu xətlərdən yalnız Bakı-Ağstafa, Bakı-Qəbələ və Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar fəaliyyət göstərir. Cənub istiqamətində hərəkət tam dayandırılıb, digər istiqamətlərdə isə qatarlar dəmiryol xəttinin sonuna qədər hərəkət etmir.
Sfera.az xatırladır ki, Ermənistanın Azərbaycana təcavüzünə qədər, yəni Sovet dövründə hətta Naxçıvana da qatar səfərləri mövcud olub. Bakıdan hərəkət edən qatar Zəngilanın Mincivan qəsəbəsindən, sonra Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı dəmiryol stansiyasına çatırdı. Münaqişə ilə əlaqədar sərhədlər bağlandığından, daha sonra isə torpaqlarımızın 20 faizi işğal edildiyindən Qarabağ və Şərqi Zəngəzur ərazisindən keçən dəmiryol xətti dağıdıldı, bu istiqamətdə səfərlər obyektiv səbəblərdən mümkün olmadı.
Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra yenidən Culfa istiqamətində dəmiryol xəttini və qatar səfərlərini bərpa etmək imkanı yaranacaq. Culfa xəttindən fərqli olaraq digər istiqamətlərdə qatarların hərəkət etməməsi, sərnişindaşıma xidmətini göstərməməsi obyektiv səbəblərlə bağlı deyil. Bu istiqamətlərdə infrastrukturun düzgün təşkil edilməməsi və idarəetmədə yol verilən səhvlər ucbatından sərnişindaşımanı həyata keçirmək əlverişli deyil.
Halbuki, dəmiryol infrasturkturu normal vəziyyətdə olsaydı, sərnişinlər Bakı-Yalama, Bakı-Astara, Bakı-Qazax, Bakı-Böyük Kəsik, Bakı-Balakən marşrutları üzrə səfərlər edə bilərdi.
Uzaq məsafələrə səfərlər zamanı qatarla hərəkət etmək daha əlverişlidir. Uzaq məsafəyə qatarla gedən sərnişinlər yorulmur, səfər zamanı daha rahat olurlar. Buna görə də dünyanın əksər ölkələrində quru yolu ilə uzaq məsafəyə gedən şəxslər qatardan istifadə edirlər.
Azərbaycanda isə əksinə daha çox yaxın məsafələrə səfərlər üçün sərnişindaşımada qatarlardan istifadə olunur. Hazırda Bakının kənd və qəsəbələrinə, eyni zamanda Abşeronun bağlar massivinə getmək üçün iki xətt üzrə xidmət var. Bu xətlər Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt xətləridir.
Uzaq məsafəyə isə səfərlər yalnız Ağstafaya və Qəbələyədir. Son illərə qədər sərnişinlərin Ağstafa ilə yanaşı Qazağa, Böyük Kəsiyə, eləcə də Qəbələdən keçməklə Zaqatala və Balakənə getmək imkanları var idi.
Bunlarla bərabər Astara istiqamətində də səfərlər təşkil olunurdu. İndi bəzi xətlər qısaldılıb, cənub istiqamətində isə hər hansı hərəkət mümkün deyil.
Cənub istiqamətində sərnişindaşınmanın dayanması insanları daha çox narahat edir. Çünki Bakıdan sonra Azərbaycanda əhalinin sayının ən çox olduğu region məhz cənub bölgəsidir. Burada 930 min nəfərdən çox insan qeydiyyatdadır. Amma buna baxmayaraq artıq bir neçə ildir ki, Bakı-Astara dəmiryol xətti üzrə sərnişin daşınması həyata keçirilmir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bugünlərdə jurnalistlərə verdiyi açıqlamasında cənub istiqamətində dəmiryolu xəttinin sərnişindaşınma üçün açılmasının gündəmdə olmadığını deyib.
ADY rəhbərinin açıqlamasından aydın olur ki, cənub istiqamətindəki dəmiryolunun vəziyyəti yaxşı deyil və bu xətlə sərnişin daşınması əlverişsizdir. R.Rüstəmov cənub istiqamətində dəmiryolu xəttinin texniki cəhətdən yalnız yükdaşıma üçün yararlı olduğunu bildirib.
Digər istiqamətlərdə isə qatarların hərəkətinin məhdudlaşdırılmasını ADY təmir işləri ilə izah edir. Qurumun bununla bağlı açıqladığı məlumata əsasən dəmir yolu nəqliyyatı sisteminin bütün sahələr üzrə yenilənməsi hayata keçirilir. Qurumun məlumatına əsasən, hazırda müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparılır. Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti bərpa ediləcək.
Qurum onu da bildirir ki, dəyişən cərəyana keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək.
Qeyd edək ki, dəmir yol sisteminin müasirləşdirilməsi böyük vəsait tələb edən sahələrdən biridir.
Ekspert Osman Gündüzün fikrincə, əvvəllər mövcud olan marşrutlar üzrə sərnişindaşımaya tələbat yetərincədir. O hesab edir ki, yenidən həmin xətlərin istifadəyə verilməsi, köhnəlmiş-dağılmış yolların yenilənməsi, bərbad gündə olan rayon dəmiryol stansiyalarının yenilənməsi üçün xarici şirkətlərin də imkanlarından istifadə edilə bilər. O.Gündüzün sözlərinə görə uzun müddət işləməyən xətləri xarici şirkətə icarəyə verməklə sərnişin daşınmasını bərpa etmək mümkündür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay