"Taxıl dəhlizi" ilə bağlı yeni təklif: Bundan Azərbaycan iqtisadiyyatı nə qazanacaq?
“Bu təklif iqtisadi baxımdan rentabelli deyil, sadəcə bir fərziyyədir”
Bu fikirləri Valyuta.az-a İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Rusiya Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin professoru Andrey Baklanovun taxıl ixracının “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və Xəzər dənizi vasitəsi ilə həyata keçirilməsi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
İqtisadçı hesab edir ki, Rusiyanın durumunu nəzərə alınarsa, bu marşrut həyata vəsiqə ala bilər, lakin rentabelli deyil:
“Rusiya taxılını Xəzər dənizi vasitəsilə Fars körfəzinə və ya Orta Asiya ölkələri xətti ilə İrana, İrandan Fars körfəzinə və oradan da Afrika, ərəb ölkələrinə çatdırılması məqsədəuyğun olardı. Lakin hesab etmirəm ki, bu marşrut, baş tuta bilən, iqtisadi cəhətdən də rentabelli marşrut olsun. Belə ki, hətta əgər Xəzər dənizi vasitəsilə taxıl İran sahillərinə çatdırılsa, sonra onun Fars körfəzinə daşınması çox böyük xərc tələb edir. Çünki bu taxılın yenidən gəmilərə yüklənib, digər ölkələrə və ya ərəb yarımadasına çatdırılması məsələləri var və logistika, nəqliyyat qiymətləri çox arta bilər. Bu da buğdanın qiymətin artmasına təsir edəcəkdir. Onda gərək Rusiya taxılı çox ucuz qiymətə satsın. Bu baxımdan nə qədər rentabelli olub-olmayacağı haqda hələ ki, fikir söyləmək olmaz".
“Bəs daşınma Azərbaycan ərazisindən olarsa, ölkəyə iqtisadi cəhətdən necə təsir edəcək” sualına cavab verən Eyyub Kərimli bildirib ki, daşıma Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə edilsə, sözsüz ki, Azərbaycana yük daşımalardan hansısa rüsumların daxil olması baxımından müsbət olacaq:
“Amma Xəzər dənizi vasitəsilə keçsə, hesab edirəm ki, önəmi və ya müsbət təsiri olmayacaq. Çünki neytral sulardan keçib birbaşa Ənzəli-Rəşt limanına çatdırıla bilər və həmçinin həmin taxıl Xəzər dənizinə daşınan qədər də, Rusiyanın daxilində də iqtisadi cəhətdən xeyli xərcləri artmış olacaq. Düşünürəm ki, bu fərziyə ortaya atılıb, lakin onu həyata keçirmək elə də asan məsələ olmayacaq”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay