MDB ölkələrinə təyyarə bileti 1253 manata yüksəlib – Səbəb nədir?
2021-ci ilin iyunun 1-nə olan məlumata əsasən, MDB ölkələrinə bir gediş üzrə təyyarə biletinin orta qiyməti 1253 manata yüksəlib.
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, bir ay əvvəl təyyarə biletinin orta qiyməti 1097 manat, iki ay əvvəl 843 manat olub.
MDB ölkələrinə təyyarə biletlərində bahalaşma 2021-ci ilin dekabrından müşahidə edilir. Ötən ilin dekabrında bir gedişin orta qiyməti 330,5 manat olduğu halda, bu ilin yanvarında 817 manata yüksəlib. Sonrakı aylarda orta qiymət 847 manata, apreldə 1097 manata qədər artıb.
Təyyarə biletlərində bahalaşma digər xarici ölkələrə olan uçuşlarda da müşahidə edilir. MDB-dən kənar ölkələrə uçuş qiymətləri yanvardan kəskin artıb. Dekabrda bir gedişin orta qiyməti 382 manat idi. Amma yanvarda orta qiymət 759 manata, fevralda 783 manata yüksəlib.
MDB ölkələrinə uçuş qiymətlərindən fərqli olaraq digər ölkələrə uçuş qiymətləri son aylarda azalır. 2021-ci ilin iyunun 1-nə olan məlumata əsasən, qiymətlər 746 manata düşüb.
AZAL qiymət artımlarını COVİD-19 ilə bağlı xaricə uçuşların azalması, qiymətlərə COVİD-19 testinin daxil edilməsi ilə əlaqələndirir.
Şirkət bildirir ki, səfərlərin sayının azalması bir sərnişinin daşınma xərcini, yəni maya dəyərini artırdığından uçuş qiymətlərinin dəyərinin yüksəlməsinə səbəb olur. Qurum bahalaşmanın digər ölkələrdə də müşahidə edildiyini vurğulayıb.
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin bahalaşmasının dünyanın əksər ölkələrində müşahidə edildiyini təsdiqləyir. Amma ekspert qiymətlərin Azərbaycanda olduğu qədər heç bir ölkədə kəskin şəkildə artırılmadığını söylədi.
Bu baxımdan o, Azərbaycandan uçuşların bahalaşma tempinin iqtisadi əsasının olmadığını düşünür.
Onun fikrincə, bahalaşmanın əsas səbəbi AZAL-ın inhisarçı mövqeyidir:
"Azərbaycanda biletlərin baha olmasının yeganə səbəbi AZAL-ın inhisarçı siyasətidir. AZAL nəinki bazara nəzarəti tam öz əlinə götürüb, hətta bazara daxil olmaq istəyən şirkətlərə süni əngəllər yaradır. Ona görə də ucuz hava daşımaçılığı olan şirkətlər Azərbaycana gələ bilmir. Gəlsələr də, AZAL-ın qaydaları ilə işləməyə məcburdurlar. AZAL-ın inhisarçılıq siyasəti həm ölkə vətəndaşlarını xərclərini artırır, həm də postpandemiya dövründə turizmin inkişafı üçün əngəllər yaradır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay