BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8007
  • RUB
    1.7043
  • TRY
    0.0493
  • GBP
    2.1568
57721

Azərbaycanda “Coca-Cola” şirkətində 8 il işlədikdən sonra düşünür ki, fərqli bacarıqlara ehtiyacı var. Bunun üçün isə komfort zonanı tərk etmək lazım idi. 28 yaşın komfort zona üçün tez olduğu qənaətinə gəlir və istiqamətini də dəyişir, ölkəni də. Söhbət “Amazon”un Avropanın 10 ölkəsi üzrə marketinq rəhbəri Nərmin Fərzəliyevadan gedir.

Valyuta.az Nərmin Fərzəliyeva ilə karyera yolu ilə bağlı söhbətləşib.

N.Fərzəliyeva 2009-2013-cü illərdə Azərbaycan Universitetində biznesin idarə olunması üzrə bakalavr təhsili alıb.

- Nərmin xanım, biznesin idarə edilməsi üzrə təhsil almısınız. Bu ixtisas seçimi necə edilmişdi?

- Bakıda, adət-ənənələrinə bağlı, təhsilə önəm verən sadə Azərbaycan ailəsinin kiçik övladı olaraq anadan olmuşam. Azərbaycanda qızlara qarşı “qız ya həkim, ya da müəllim olmalıdır” kimi stereotip var. Mənim ailəm də, bu düşüncədən uzaq deyildi. Həkim olmağımı istəyirdilər, amma bu mənim planlarım arasında deyildi. Uşaqlıqdan stereotiplərə qarşı olmuşam. Bu da konservativ ailədə çətin qəbul edilirdi. Ancaq mən öz istədiyim sahə - biznesin idarə edilməsini seçdim. 3-cü kursu isə Amerika Birləşmiş Ştatlarındakı universitetdə oxudum.

 

“Bu şirkətə sevgim “Coca-Cola”nın muzeyi ilə yarandı”

 

- Konservativ ailədə xaricdə təhsil qərarınız necə qarşılandı?

- Anama görə bunu qəbul etmək çətin proses idi. Azərbaycan Universiteti mənə Amerikada təhsil üçün tam təqaüd təqdim etdi. Təqaüd hər bir xərcimi qarşılayırdı. Atamın mənə dəstəyi böyük oldu. O, bu şansın önəmli olduğunu və bunu dəyərləndirməyimi dedi. Atamın qərarı və dəstəyi ilə Amerikaya getdim. Anam ilk aylar inana bilmirdi ki, Azərbaycan ailəsindən bir qız tək başına Amerikaya təhsil üçün gedib. Müəyyən müddətdən sonra qəbul etdi.

- İş həyatına başlamağınız tələbəlik illərinin sonuna düşür.

- Tələbəliyimin sonunda yerli bir şirkətdə başladım. Amerikada olduğum müddətdə Corciya ştatının Atlanta şəhərində idim. Atlanta “Coca-Cola”nın vətəni sayılır. Bu şirkətə sevgim “Coca-Cola”nın muzeyi ilə yarandı. Demişdim ki, Azərbaycana qayıtdıqda bu şirkətə üz tutacam. Universitetdə marketinqə çox marağım var idi. “Coca-Cola” həqiqətən də bir marketinqçi üçün önəmli məktəblərdən biridir. Qayıtdığımda da “Coca-Cola” şirkətinə üz tutdum və bu şirkətdəki 8 illik həyatım başladı.

- “Coca-Cola” şirkətinin marketinqində sizin üçün maraqlı olan nə idi?

- Marketinq strategiyaları bir markanın bazarda istehlakçı ilə qurduğu ünsiyyət üsulları, çatdırdığı mesajlar və vurğuladığı dəyərlərlə formalaşır. Məsələn, Yeni il dedikdə, ağlımıza dərhal qırmızı "Coca-Cola" və Şaxta babanın gəlməsi gəlir. Bu, bir markanın illər boyu göstərdiyi səylər və yaratdığı tanınmış imic sayəsində formalaşıb. Bu cür marketinq strategiyası markanın istehlakçı ilə yaratdığı bağın vacib hissəsidir. Üstəlik, ailə, birlik, bir yerdə xoş vaxt keçirmək kimi dəyərlər bu markanın ruhunu əks etdirir və mənim dəyərlərimlə də tam üst-üstə düşür.

 

“Stereotipləri yenidən qırmaq qərarına gəldim”

 

- “Coca-Cola” kimi şirkətlərdə çalışanlara iş təklifi tez-tez gəlir. 8 il ərzində işinizi dəyişməmə səbəbi nə oldu?

- İlk 5 il iş yerini dəyişmək fikrim yox idi. İş təklifləri alırdım, amma “Coca-Cola” məktəbini hələ bitirmədiyimi düşünürdüm. O dövrdə kadrlardan tələblər belə idi ki, bir şirkətdə marketinqin gördüyü hər işdə çalışdıqdan sonra bu sahədə ixtisaslaşmış kadr ola bilərsən. İxtisaslaşma çox vacib idi. Bu səbəbdən, şirkətdə marketinq, araşdırma və fərqli sahələrdə özümü sınadıqdan sonra artıq fərqli iş haqqında düşüncə mənə yaxın gəlməyə başladı. Orada yolumun bitdiyini hiss etməyim isə 8 il sonra oldu. Hazırda tələblər də dəyişib. Peşəkar şəxslərdən gözləntilər bir istiqamətdə ixtisaslaşmaq yox, fərqli sahələrdən bacarıqların olmasıdır.

- 8 il sonra sahə və ölkə dəyişikliyinə getməyiniz necə oldu?

- Dəyişiklik vaxtı gəldiyində artıq nə etməklə bağlı düşünürdüm. Dünyada bir çox şirkətlər sizi vertikal böyüməyə doğru aparır. Ya vəzifəniz, ya da maaşınız artır. Mən isə horizontal böyüməyə maraqlı olduğuma görə bu istiqamətdə şirkətlərə baxırdım. Sonra da fikirləşdim ki, fərqli bacarıqlara ehtiyacım var. Bugünkü dünyada isə texnologiya sahəsində bacarıqlara sahib olmaq çox önəmlidir. Burada mənim bacarıqlarım limitli idi. Bir gün “LinkedIn”i açıb texnologiya yönümlü iş elanlarına baxmağa başladım. Gözümə “Amazon”un iş elanı dəydi və düşündüm ki, niyə də olmasın? Texnologiya dünyasına bir addım atmaq üçün bu, böyük fürsət ola bilərdi. Türkiyəyə köçmək mənim üçün problem olmazdı və belə bir beynəlxalq şirkətdə işləmək şansını qaçırmaq istəmirdim. Texnologiya sahəsində təcrübəm məhdud olsa da, özümə inandım. Müraciət etmək istədiyim vəzifə texniki bacarıqlar tələb edirdi, amma içimdəki şübhələri bir kənara qoyub stereotipləri yenidən qırmaq qərarına gəldim. Fərqli bir sahəyə keçməyin həm mənim şəxsi, həm də peşəkar inkişafım üçün əhəmiyyətli olduğunu hiss edirdim. Hər yeni təcrübə insanı gücləndirir və daha geniş perspektivlər qazandırır.

 

“Şübhəm olmasa da, qorxum var idi”

 

- “Coca-Cola”dan ayrılanda hansı vəzifədə idiniz?

- “Channel marketing”in rəhbəri idim. Horeca - böyük super market şəbəkələri, kiçik ərzaq market şəbəkələrinin marketinq strategiyasının üzərində işləyirdim.

- Türkiyədə “Amazon”da hansı vəzifəyə müraciət etmişdiniz?

- “Product manager” (məhsul müdiri) vəzifəsində idim. Məhsul dediyimiz “Amazon” saytının müxtəlif səhifələrinin strategiya, texniki dəstəyini təmin edən vəzifə idi.

- Düşünmədiniz ki, alınmaz?

- Şübhəm olmasa da, qorxum var idi. Paralel olaraq bir çox şeyin alınacağını düşünürdüm. Bu məsələlər alındıqda isə “yox” demək şansımın olmadığını və özümü dəyişdirmək məcburiyyətində qalacağımı bilirdim. Qorxum da məhz buna görə idi, çünki yeni yollar və yeni bacarıqlar istəyirdim. Komfort zonasında olmaq yaxşıdır, amma müəyyən yaşdan sonra orda olmaq daha rahatdır. 28 yaşında idim və hazırda yeni biliklər, təcrübələr qazanmaq istəyim böyük idi. Özümə komfort zonama müəyyən bir vaxta qədər geri dönmək məqsədi qoydum. Bu müddət ərzində “daha nə edə bilərəm?” deyə düşünməkdəyəm. Bu, həm ölkə, həm sahə, həm də iş dəyişikliklərini əhatə etməlidir.

- Həmin dönəmdə ailəli idiniz və 3 yaşında oğlunuz var idi.

- Onları da düşünərək “Bacararam mən” deyərək bu yolda addımladım. İş təklifini qəbul etdikdən sonra Türkiyəyə yol tutdum. Uşaq 3 yaşda idi, azyaşlı uşaqlar mühitə daha tez adaptasiya olurlar. Əsas çətinlik çətin dövrümdə mənim uşağa baxmağım, onunla zaman keçirməyimdə olacaqdı. Amma burada digər ən önəmli məqam həyat yoldaşımla bağlı idi. Bilirsiniz, bu kimi hallarda qadının həyatında partnyor seçimi çox önəmlidir. Seçimlərinizə hörmət edən, dəyər verən partnyor seçməyi tövsiyə edirəm. Ölkə dəyişdirməyim həyat yoldaşım üçün də bəzi dəyişiklik tələb edirdi. Bu qərarı bir yerdə verdik, həyat yoldaşımdan da bu dəstəyi gördüm. Biz o vaxt bir kağıza Türkiyəyə köçməyin müsbət və çətin tərəfləri haqqında yazdıq. Çətin tərəfləri daha çox idi. Azərbaycanda uşağın varsa, dostlar, ailə köməklik edir, amma Türkiyədə uşaqla bağlı məsuliyyət ikimizin üzərində idi. Mənim yeni bacarıqlara ehtiyacım var idi və düşünürdüm ki, bu dünya üçün çox da güclü kadr deyiləm. Ona görə 2022-ci ilin yanvarında getdim.

 

“İlk iki ay insanlar danışır və mən heç nə başa düşmürdüm”

 

- Həm iş, həm də ölkə olaraq komfort zonadan çıxmışdınız. Sıfırdan başlamış kimi oldunuz?

- Həqiqətən sıfırdan başlamış kimi oldum. İlk iki ay çox çətin idi. Uşaq balaca idi, qış ayında köçmüşdük. Türkiyənin heç görmədiyi soyuq var idi. 

Hava çox soyuq idi, bununla yanaşı, köçdüyümüz evlə bağlı da problem yarandı. 2-3 həftə kiçik otel otağında qalmalı olduq. Özümü çox sorğulayırdım. Deyirdim ki, bu, bir testdir. Hər şeyi eyni anda keçməli olduq. Hətta koronavirusa da yoluxduq. Çox çətin dönəm idi. Ən böyük çətinliyi isə, “Amazon”da yaşadım, hər şeyin bu qədər fərqli olacağını gözləmirdim. “Coca-Cola”da olan zaman vəzifəmi tez dəyişmək, irəliləmək məndə inam yaratmışdı ki, ağıllısan, bacarıqlısan, “Amazon”da da alınacaq. “Amazon”da insanların istifadə etdiyi terminlər belə fərqli idi. İlk iki ay insanlar danışır və mən heç nə başa düşmürdüm. 3 ildir “Amazon”dayam, hələ də belə hiss etdiyim olur (Gülür). “Amazon” çox dinamik şirkətdir. Terminlər, içəridə istifadə olunan proqramlar çox fərqli idi. Siz bütün iş həyatına sıfırdan başlayırmış kimi hiss edirsiz. Artıq yola başlamışdım. Məndə yola başlayıb yarıda qoymaq deyə yanaşma yox idi. Çətin olsa da, “keçəcəm” deyirdim. Uşaq yatandan sonra ağladığım gecələr də olurdu. 

Amma yenə də gözəl seçim etmişəm.

- O çətinlikləri keçmək üçün önəmli olan nədir?

- Məncə, ilk növbədə istək lazımdır. Həmçinin qəbullanmaq önəmlidir. Çünki bəzən insanlar yola başladıqda məyus olduqda uğursuzluqlarını qəbullana bilmirlər. Halbuki bu çətinlikləri bir dərs, müvəqqəti bir maneə kimi qəbul etmək vacibdir. Mənim də uğursuz olduğum layihələr olub, amma bu məni ruhdan salmayıb. Hər vəziyyətin pozitiv tərəfinə və öyrənmə fürsətlərinə baxmağa çalışmışam. Uğursuzluqları öyrənmək və inkişaf üçün bir pillə kimi görərək irəliləmək həqiqətən güclü yanaşmadır.

 

“Amazon”un fikir verdiyi əsas məqam insani keyfiyyətlər və liderlik bacarıqlarıdır”

 

- Hazırda Türkiyədəsiniz. Avropa ölkələrinə köçmək planı var?

- Türkiyəyə köçdükdən il yarım sonra Avropada “Amazon”da işləmək təklifi gəlmişdi. O zaman dəyişikliyə hazır deyildim. Lakin bu ilin yanvarında yenidən çox çətin yola başladım. Əvvəl Türkiyədən məsul idimsə, hazırda Avropanın 10 ölkəsinin marketinq rəhbəriyəm. Buna ölkə olaraq yox, dil tərəfdən də, baxmaq lazımdır. “Amazon”, işlədiyim mühit, 10 ölkə 16 dil deməkdir. Saytın içərisində istehlakçı təcrübəsini yaradırıq. Yeni vəzifəmdə bir ilim hələ ki tamam deyil, amma yeni bir çətinlik, seçim gələrsə, yenə edəcəyimdən əminəm.

Oğlumun məktəbdə ilk ilidir deyə, vəzifə dəyişikliyi zamanı ölkəni dəyişmədim. Həm də Türkiyə gözəl ölkədir, qaldığımız yerdən məmnunuq.

- “Coca-Cola”da sizi saxlayan ixtisaslaşma istəyiniz idi. “Amazon”da nəyi sevirsiz?

- Horizontal böyümək imkanları və “Amazon”un sizi keçmiş təcrübənizə görə qiymətləndirməməsi mənə xoşdur. Sizə fərqli şöbələrdə iş imkanları açmaq çox rahatdır. Mən yeni başlayanda, komandamda tank düzəldən mühəndis var idi. Tamamilə bu sahəyə uyğun olmayan insanı götürmüşdülər.

- Fərqli sahədən götürülən insanları bəs hansı kriteriyalara əsasən seçirlər?

- Onların götürdükləri işlərə tam hakim olmaları təbii ki zaman alır. Məncə, “Amazon”un fikir verdiyi əsas məqam insani keyfiyyətlər və liderlik bacarıqlarıdır. Şəxs ixtisaslaşmış ola bilər, amma ünsiyyət qurmaq, yeni biliklər əldə etmək bacarıqları yoxdursa, komfort zonadan çıxmaq çətin olur. “Amazon” müsahibə prosesində daha çox sizin insan olaraq yeni mühitə necə adaptasiya olacağınıza fikir verir. Buna görə də ora gələn insanlar liderlik keyfiyyətlərinə görə seçilmiş insanlar olur və bu yolu asan keçə bilirlər. “Amazon”da işdən ayrılma da çox olur. Çünki mühit çətindir.

- Fərqli ölkələrlə işləmək necədir və bunun üçün tələb olunan əsas bacarıq nədir?

- Öncə fərqlilikləri anlamaq lazımdır. Müxtəlif mədəniyyətlər və baxış bucaqları iş mühitində böyük dəyər yaradır. Fərqli ölkələrlə işləyərkən, onların xüsusi mədəni xüsusiyyətlərini və “nələri etmək olmaz” kimi incəlikləri öyrənməyə çalışıram.  Məsələn, mən Yaponiya ilə çox işləyirəm və onların mədəniyyəti unikal və özəldir. Onların ünsiyyət tərzi, iş etikası və ənənələri ilə tanış olmaq, daha dərin anlayış və hörmət inkişaf etdirməyimə calışıram. İnklüzivliyi sevən və dəstəkləyən insanam. Fərqli ölkələrdən, mədəniyyətlərdən, təcrübələrdən gələn insanlarla işləmək bizi inkişaf etdirir. Ən azından yeni mədəniyyətlər, dillər də öyrənmiş oluram.

- Hansı xarici dilləri bilirsiz?

- Türk, ingilis, rus dillərini bilirəm, bir az alman dilim var. İspan dili sevdiyim dildir. Hazırda övladımla birlikdə evdə ispan dilini öyrənirəm.

 

“Süni intellektə çox marağım var”

 

- Bu gün özünü inkişaf üçün nələr edirsiz?

- Daim “maraq” hissimin tükənməməsinə səy göstərirəm. Maraq, həm şəxsi, həm də peşəkar inkişafın əsas təməllərindən biridir. Maraq bizi bilinməyən sualları araşdırmağa və fərqli perspektivlərdən baxmağa təşviq edir. O, bizə dünyanı daha geniş şəkildə görmək və problemlərə yaradıcı həllər tapmaq imkanı verir. Bizi yalnız məlumatla deyil, dərin bir anlayışla da zənginləşdirir. Nəticədə, maraq bizi həm fərd olaraq gücləndirir, həm də ətrafımızdakı dünyaya daha çox dəyər qatmağa imkan yaradır.

Hazırda süni intellektə çox marağım var. Bu sahənin necə inkişaf etməsi, bunu işimizdə necə tətbiq edə biləcəyimizi araşdırıram. Həyatımı süni intellekt vasitəsilə asanlaşdırmağa çalışıram. Bir çox işləri süni intellektə verdikdən sonra özümə necə zaman ayıra biləcəyimə baxıram. Bunun çox düzgün qərar olduğunu düşürəm.

- Bir oğlunuz var. Necə bir övlad böyütməyə çalışırsınız?

- Mənim inandığım bir məqam var. Uşağı deyil, özümüzü tərbiyə etməliyik. Uşağa nə desəm də, etdiklərimi təkrarlayacaq. Nümunəvi valideynəmmi, bunu sorğulayıram. Çətin prosesdir, təcrübəm yoxdur. Cəmiyyətimizdə olan bəzi məqamları - insanlara, onların seçimlərinə hörmət etməyi aşılamağa çalışıram. Əlbəttə ki, təhsil çox önəmlidir. Amma onun nəyə marağı varsa, bu yöndə onu dəstəkləməyə çalışıram.

- Azərbaycana tez-tez gəlirsiniz, paylaşımlarınızdan görürük.

- Tez-tez gəlirəm, həm ailəmi, həm də dostlarımı ziyarət edirəm. Ölkəmi sevirəm. Yemək bişirmək, mənim hobbilərim arasındadır. Azərbaycan mətbəxini mümkün qədər tanıtmağa çalışıram. Bu həftə Avropadan gələn dostlarıma Şah plov bişirməyi düşünürəm. 

Aygün Asimqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Doğum və uşaqlara qulluq müavinətləri artırıla bilər

Bu il Azərbaycana 1 mln. tona yaxın buğda idxal edilib

"NVIDIA"nın hesabatının qlobal bazarlara təsiri

"NVIDIA"nın hesabatının qlobal bazarlara təsiri

Sahil Babayevdən əlillik pensiyası kəsilən şəxlərə məsləhət

“Median pensiya artımını 400 manatın üzərində gözləyirik”

Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq

Əsassız pensiya ödənişləri ilə əlaqədar əldə edilən vəsaitin həcmi AÇIQLANDI

Milli Məclisdə yeni təyinatlar (FOTO)

"624 min iş yerinin açılması məsələsinə aydınlıq gətirilməsini istərdim"

İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif olunur

Naxçıvan Mədəniyyət Nazirliyi yarım milyonluq musiqi aləti alır - TAM SİYAHI

Azərbaycanda kredit bazasını hansı banklar formalaşdırır?

Azərbaycanda kredit bazasını hansı banklar formalaşdırır?

Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ

Qobustan Günəş Elektrik Stansiyasının istismara veriləcəyi tarix açıqlandı

Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir

AQTA Şamaxıda yeni bina tikəcək - Milyon yarıma yaxın pul ayrıldı

Baş nazirdən şəhid ailələri ilə bağlı yeni qərar

İlon Mask beyin çipini bu dəfə Kanadada sınaqdan keçirəcək

Ən yüksək və ən aşağı sosial yardım bu rayonlardadır - SİYAHI

Ən yüksək və ən aşağı sosial yardım bu rayonlardadır - SİYAHI

Bu il 21 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik

Bu avtobusların fəaliyyəti bərpa edilir - SİYAHI

Məşhur milyarderə qarşı 265 milyon dollarlıq rüşvət ittihamı

Məşhur milyarderə qarşı 265 milyon dollarlıq rüşvət ittihamı

Bakıda bina satılır - 6.1 milyona

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşıb

Azərbaycan avtomobil idxalını 8 % azaldıb

Dekabr ayı üçün toy sifarişlərinin sayı artdı: Qiymətlər bahalaşacaq?

Nazir xəstəxana direktorunu işdən çıxardı (FOTO)

Rusiyada 7 yaşlı uşaq iş təklifi aldı

4 və 17 dekabr tarixlərində keçiriləcək hərraclara 113 əmlak çıxarılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin