“Binance”ın rəhbər şəxsləri Azərbaycana gəldi - Nələr planlanır?
Bugünlərdə dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"ın rəhbərliyində təmsil olunan şəxslər Bakıda qonaq idilər. Onlar Bakıda bir sıra dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirdilər. Səfər zamanı “Binance”ın baş marketinq direktoru Reyçel Konlan və Regional bazarlar üzrə baş rəhbəri Vişal Saçindran Valyuta.az-ın suallarını cavablandırdı.
- İlk olaraq bu gün Azərbaycanda olmanızın səbəbi haqqında danışaq. Bizdə yaranan ilkin təəssürat odur ki, Azərbaycanda nümayəndəlik, yaxud şöbə açmaq planları ola bilər.
Rachel Conlan: Azərbaycanda dostlarım, tanışlarım var və onlar ölkənizlə bağlı danışırdılar. Bu səbəbdən, Azərbaycanı tanımaq istəyirdim. İş baxımından səfərimizə gəlincə, “Binance”ın qlobal və marketinq rəhbərliyi olaraq biz bu sənayenin fəal şəkildə inkişaf etdiyi hər bir ölkədə kripto sferasının inkişafını diqqətdə saxlamalıyıq. Biz Qazaxıstan və Azərbaycanda bu istiqamətdə mühüm irəliləyiş gördük. Hər iki ölkə rəqəmsal infrastrukturu inkişaf etdirib və bizim məhsulumuza maraqlıdırlar. Bununla bağlı biz Azərbaycana təlim keçmək, vətəndaşları məlumatlandırmaq və eyni zamanda tənzimləyici orqanlarla əməkdaşlıq etmək məqsədilə səfər etməliyik. Ümumiyyətlə, biz istifadəçilərin ehtiyaclarını anlayıb, bu ölkənin ab-havasını hiss etməliyik ki, gələcək planlarımızı Azərbaycan reallıqlarına uyğun formalaşdıraq. Yerli nümayəndəliyin açılmasına gəlincə, mən bu gün bu məsələ ilə bağlı böyük vədlər verə bilmərəm.
- Dediniz ki, kriptovalyuta ilə bağlı Azərbaycanda inkişaf gördünüz. “Binance” üzərindən danışsaq, istifadəçi aktivliyi necədir?
Reyçel Konlan: Hazırda Azərbaycanın hər 20-ci sakini Binance-də qeydiyyatdan keçib. Bizim üçün bu rəqəm kifayət qədər məqbuldur. İstifadəçilərin sayı, ölkənizlə bağlı sorğular, Binance Akademiyasından kurslar və səfərimiz zamanı Azərbaycanda iştirak etdiyimiz tədbirlər bizə Azərbaycan əhalisi arasında Binance-ə böyük marağın olduğunu göstərir. Fəallıq var və biz maarifləndirmə yolu ilə Azərbaycan sakinləri arasında kriptovalyutalar haqqında məlumatlılığı artıracağıq. Əslində burada əsas məqsədlərdən biri Azərbaycandakı mövcud istifadəçilərin və platformamızın potensial istifadəçilərinin düşüncə tərzini və istəklərini anlamaqdır.
- Azərbaycanda nümayəndəlik açmaqla bağlı hələ vəd vermək istəmədiyinizi dediniz. Hansısa ölkədə ofis, nümayəndəlik açılması qərarları nəyə əsasən verilir?
Reyçel Konlan: Tənzimləmə baxımından biz bu sektorda ən ciddi qurumuq. Ümumilikdə 20 lisenziyamız var. Bu lisenziyalar bizə 100-dən çox ölkədə fəaliyyət göstərməyə imkan verir. Biz bu istiqamətdə inkişafı görürük, lakin digər tərəfdən belə ölkələrin vətəndaşlarının maraqları önəmlidir, amma bizim üçün sabit qanunvericilik bazası prioritetdir. Ona görə də səfərimizin əsas səbəblərindən biri Azərbaycan hökuməti və dövlət strukturları ilə görüşüb, onların istək və maraqlarını müəyyən etmək idi. Bu günə qədər baş verən bütün hadisələr bu sahəyə marağın kifayət qədər yüksək olduğunu göstərir.
Ümumiyyətlə, son 3-5 ildə biz Binance olaraq müxtəlif ölkələrin tənzimləyici qurumları ilə əməkdaşlıq edirik, qanunvericilik məsələlərini qaldırırıq. Azərbaycan hökuməti ilə də aşağıdakı məqamlar müzakirə olunub: Binance ölkəyə gəlsə, bu biznes hansı strukturda və formatda yaradılacaq, hansı qanunvericilik mövcud olacaq, hansı vergi rejimi tətbiq olunacaq, istifadəçilərin hüquqları necə təmin olunacaq və s. Bütün bunlar qoruyucu mexanizmlərdir. Ölkələrin buna diqqət yetirməsi bizi sevindirir. Ona görə də biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
Ümumiyyətlə, bu, bizim üçün kəşfetmə missiyasıdır. Azərbaycanda rəqəmsal texnologiyalar baxımından əlverişli mühit var. Gələcəkdə biz burada rahatlıqla öz komandamızı yarada bilərik.
- “Binance”ın Azərbaycanda nümayəndəliyi yoxdur, amma dediniz ki, hər 20 nəfərdən birinin qeydiyyatı var. Bəs Azərbaycanda ofisinizin olması ölkəmizdəki istifadəçilərinizə nə qazandırar?
Reyçel Konlan: Binance 220 milyondan çox insanı birləşdirən rəqəmsal platformadır. Platformada dünyanın istənilən yerindən demək olar ki, hər kəs kriptovalyuta əməliyyatları edə bilər. Nümayəndəliyimizin və komanda üzvlərimizin ölkədə olması o deməkdir ki, biz mövcudluğumuzu gücləndirə və diqqətimizi yerli icma yaratmağa, maarifləndirici tədbirlər təşkil etməyə, istifadəçilərimizlə müxtəlif görüşlər aparmağa və daha çox şeylərə yönəldə biləcəyik. Rəqəmsal iqtisadiyyatı təmsil etsək də, ona bir bank kimi yanaşsaq, burada həm əyani olaraq müştərilərlə görüşlər, istifadəçilərin hüquqlarının qorunması və təhlükəsizlik tədbirləri daxildir. Biz böyüdükcə Azərbaycan reallıqları kontekstində bunu lazımi şəkildə edə biləcək insanların yerlərdə olması çox faydalı olacaq. Hibrid işlə hər şey aydındır, o, həmişə mövcud olacaq.
- Azərbaycan hökuməti ilə görüşlər keçirdiniz. Nələr müzakirə olundu? Azərbaycan tərəfinin əsas narahatlıqları nə ilə bağlıdır?
Vişal Saçindran: Bu, bizim Azərbaycan hökuməti ilə ilk üzbəüz görüşümüzdür. Əminik ki, Azərbaycanda rəqəmsal infrastruktur baxımından elektron hökumət və digər resurslar mənim tanıdığım ölkələr arasında ən yaxşıları sırasındadır. Bu baxımdan, növbəti mərhələdə təkcə Binance-ın deyil, digər oxşar layihələrin də ölkədəki ideyalarının reallaşdırılması üçün məhz bu infrastruktur mühüm əhəmiyyət kəsb edəcək.
Azərbaycan hökuməti həqiqətən də bu sektorun nümayəndələri, yəni sənayenin aparıcı şirkətləri ilə oturub danışmaq niyyətindədir və bunu əməlləri ilə göstərir. Təbii ki, istənilən dövlətin və ya hökumətin kriptovalyutalarla bağlı müəyyən stereotipləri və anlaşılmazlıqları ola bilər. Bu da anlaşila bilən məqamdır. Ona görə də görüşüb bu sektorun getdiyi yolu müzakirə etməyə ehtiyac var. Amma ən azından görürük ki, hökumət də Azərbaycanda bu biznesin yaradılması ilə maraqlanır və bu istiqaməti öyrənməyə çalışır.
− Azərbaycanda fəaliyyətinizə hər hansı maneə varmı? Bu baxımdan ən ciddi problem çirkli pulların yuyulması olduğu deyilir.
Reyçel Konlan: Azərbaycanda yeni rəqəmsal infrastrukturun inkişafı ölkənizdə bu texnologiyanın təmin edilməsi və dəstəklənməsində müəyyən çətinliklər yarada bilər. İstifadəçilərin Binance-dan tam faydalana bilməsi üçün infrastruktur aydın şəkildə formalaşmalıdır.
Əgər tənzimləyicilər çirkli pulların yuyulmasından və ya sanksiyalardan narahat olsaydılar, əminəm ki, bizimlə görüşməzdilər.
Binance sənayemizdə ən böyük kibertəhlükəsizlik komandasına malikdir və bütün dünyada hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq edir. Bu insanlar fırıldaqçıların tutulması üsullarını daim təkmilləşdirmək üzərində işləyirlər. Bütün mənzərəyə baxsaq görərik ki, qeyri-qanuni əməliyyatlar, fırıldaqçılıq və digər cinayətlər cəmi 5 faiz təşkil edir və 2023-cü ildə Binance-da bu rəqəm 0,042-0,035 faizə qədər azalıb. Ümid edirəm ki, bu rəqəm azalmağa davam edəcək.
- Yəni zamanla risk azalır?
Vişal Saçindran: 2024-cü ilin ilk 8 ayında biz 73 milyard dollar vəsait qaytardıq. Buraya sındırılmış və hak olunmuş cüzdanlar daxildir. Hər kəs sadə səhvlərə görə dələduzluğun qurbanı ola bilər. İstifadəçilər üçün sadə qaydalarımız var: şifrələri tez-tez dəyişmək, şifrələri başqaları ilə paylaşmamaq və s. Bununla bağlı bizim mühafizə qrupumuz müxtəlif ölkələrə səfər edərək hüquq-mühafizə orqanlarına bu məqamları izah edirlər ki, yerli mütəxəssislər hər hansı qanunsuz fəaliyyət zamanı nələrə diqqət etməli olduqlarını bilsinlər. Məsələn, ötən il Binance mütəxəssisləri Azərbaycanda olub və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təlim keçiriblər.
Reyçelin bundan əvvəl dediyi kimi, bizim təhlükəsizlik komandamız bütün dünyada hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Hər dəfə hesab xak olunduqda, onlar vəsaiti geri qaytarmağa çalışırlar.
Binance İstifadəçilər üçün Təhlükəsiz Aktiv Fonduna (İTAF) malikdir. Onun 1,2-1,3 milyard dollar vəsaiti var. Onun təyinatı nədir? Əgər tərəfimizdən hər hansı bir səhv olarsa, biz bu fonddan istifadə edərək vəsaiti bərpa edib istifadəçiyə qaytarırıq ki, istifadəçilərimiz zərər görməsin.
- Maarifləndirmə işlərini xüsusilə vurğulayırsınız. İstifadəçilərin ən çox etdikləri səhvlər hansılardır ki, onlarla bağlı məlumatlandırmaya ehtiyac var?
Reyçel Konlan: Biz hər ay istifadəçilərin tez-tez qarşılaşdıqları problemlər haqqında məlumat toplayırıq. Bu yaxınlarda keçirilən tədbirdə ən çox yayılmış şikayət istifadəçilərin öz şifrələrini unutması və ya multifaktorlu autentifikasiya ilə bağlı müəyyən problemlərin olması olub. İstənilən halda məlumatsızlıq problem yarada bilər. Bunlar Binance Akademiyası və Binance Blog-un əsasını təşkil edən anlayışlardır. Blokçeyn nədir? Bitkoin nədir? Blokçeyn texnologiyası nədir? Nələrə diqqət etməliyik? Ən çox yayılmış səhvlərə necə diqqət yetirmək olar? Ticarətin müəyyən qaydaları və riskləri var. Buna görə də ticarət şüurlu şəkildə aparılmalıdır. Hər hansı maliyyə xidmətində olduğu kimi, burada da məsuliyyət həm də istifadəçinin üzərinə düşür. İstifadəçi nə etdiyini başa düşməlidir. Amma bizim edə biləcəyimiz şey məlumat məzmunu yaratmaq və onu istifadəçilərə öyrənmə üçün təqdim etməkdir. Əgər hansısa problem tez-tez təkrarlanırsa, o zaman əlavə onlayn seminar keçirib lazımi sənədləri hazırlayacağıq. Düz deyirsiniz, biz bütün ölkələrdə təhsilə, kadr hazırlığına böyük diqqət yetiririk və Azərbaycan da istisna deyil. Çoxlu təhsil materiallarımız var. İlin sonuna kimi biz onları Azərbaycan dilinə çevirib istifadəçilərin ixtiyarına verəcəyik ki, siz bu məqalələr və təlimlər vasitəsilə öyrənəsiniz.
− Azərbaycanda nümayəndəlik ofisinin açılsa, bu, ölkəmizin iqtisadiyyatına hansı töhfəni verəcək?
Vişal Saçindran: Təbii ki, söhbət təkcə vergilərdən getmir. Məsələn, biz Dubayda yerli şirkət açanda (hazırda Dubayda 700-dən çox işçimiz var) oraya təkcə yerli mütəxəssislər deyil, xaricdən də kadrlar gəlir. Oxşar təcrübə başqa ölkələrdə də toplanıb. Binance-ın Azərbaycanda nümayəndəliyinin açılması təkcə onun iqtisadiyyatına fayda verməyəcək, eyni zamanda digər birjaları və brokerləri də bura gətirəcək. Onlar da Azərbaycana gəlib onun iqtisadiyyatına töhfə verəcəklər.
− Bu, azərbaycanlılara öz kriptovalyutasını yaratmağa necə kömək edəcək?
Reyçel Konlan: Söhbət Mərkəzi Bankın Rəqəmsal Valyutası (milli rəqəmsal valyutaya bağlı sabit koin) haqqında danışarkən, hər iki tərəfin təşəbbüsü vacibdir - həm dövlət, həm də biznes. Buna misal olaraq yerli rəqəmsal aktiv platforması Binance Qazaxıstanın Milli Bank və Qazaxıstan Milli Ödəniş Korporasiyası ilə birlikdə Rəqəmsal Tenge ilə əlaqəli sabit koini sınaqdan keçirməyə başladığı son layihəni göstərmək olar. Bu, dünyada milli rəqəmsal valyuta ilə dəstəklənən sabit koin emissiyası ilə bağlı ilk nümunəsi idi. Bu onu göstərir ki, qlobal oyunçular və hökumətlər arasında əməkdaşlıq kriptovalyutaların yayılmasını sürətləndirə və sənayeni daha geniş auditoriya üçün daha əlçatan və rahat edə bilər.
Aygün Asimqızı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay