BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
49085

İxrac hər bir ölkə iqtisadiyyatı üçün önəmlidir. Çünki xaricdən ölkəyə valyuta gətirir. Ona görə, ölkələr bu istiqamətdə fəaliyyəti genişləndirmək üçün müxtəlif addımlar atırlar. Yerləşdiyi ərazi baxımından ixracla bağlı çətinlik yaşayan Kanadada bu problemin həlli üçün İxracın İnkişafı Agentliyi (Export Development Canada - EDC) fəaliyyət göstərir. EDC-nin kommersiya şirkətləri ilə iş üzrə direktoru azərbaycanlı Samir Musayevdir. S.Musayevlə çalışdığı agentliyin fəaliyyəti və bunun ölkənin ixracına və iqtisadiyyatına təsiri ilə bağlı söhbətləşdik.

- Samir bəy, bundan öncə Kanadada bank sektorunda çalışırdınız. İxracla bağlı sahəyə keçidiniz necə oldu?

- Birincisi, mən Kanadaya gəlməmişdən əvvəl Azərbaycanda PHD təhsili üçün elmi iş yazmışdım. Elmi işimi Azərbaycanda real sektorda işləyən şirkətlərə bank tərəfindən hansı köməyin edilməsinin mümkünlüyü haqqında yazmışdım. Orda qeyd etmişdim ki, Azərbaycanda ixracla məşğul olacaq şirkətlərə dəstək olacaq bir şirkət, yaxud dövlət orqanı olsa, ölkə iqtisadiyyatı üçün çox fayda gətirər. Orda dəstək istiqamətləri ilə bağlı nüansları qeyd etmişdim. O istiqamətlər EDC ilə təxminən uyğundur. Elmi işi yazanda, EDC haqqında məlumatım yox idi. Sadəcə bu proses diqqətimi çəkən məsələ idi. Ona görə bu şirkətdə işləmək mənə çox maraqlı oldu. Gördüm ki, istəyimlə bu şirkətin fəaliyyəti üst-üstə gəlir.

İkinci məsələ odur ki, mən Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxumuşam. O da diplomatik universitetdir. O cəhətdən də maraqlı gəldi.

Üçüncüsü, bu işdə necə kömək etdiyini görürsən. Məsələn, bankda işləyəndə, pulu verdin, şirkət qaytardı. Siz o pulun ona necə təsir etdiyini görmürsünüz. Burada isə siz nəticələri görürsünüz və bu, zövq verir.

 

“Şirkət üçün bankda zamin oluruq”

 

- Çalışdığınız agentlik ixracla məşğul olan sahibkarlara hansı istiqamətdə köməklik göstərir?

- Agentlik 80 ildir ölkədə fəaliyyət göstərir. Bu gün bir neçə istiqamətdə köməklik edə bilir. İlk olaraq bizim şirkət depitorkanın sığortalanması ilə məşğuldur. Məsələn, ixrac işindəsiniz, yeni bir ölkəyə ixraca başlayanda, şirkət olaraq o bazarı o qədər də yaxşı tanımırsınız. Kimlərlə işləyəcəyinizdən yüzdəyüz əminliyiniz olmur. Həmin ölkədəki şəxsə məhsul göndərmisiniz, amma pulunuzu vermirlər. Böyük ziyana düşə bilərsiniz. O vəsaiti necə bərpa edə bilərsiz? Bizim şirkət ixracla məşğul olan sahibkara deyir ki, bu hal sizi narahat edirsə, biz onu sığortalayaq. Əgər məhsulu alan şəxs ödənişi etməsə, 90 faizini sizə qaytarırıq. Sığorta olanda, sahibkar yeni ölkəyə daha rahat girə bilir.

Yaxud biz banklara girov üçün zəmanət veririk. Məsələn, yeni, yaxud fəaliyyət göstərən şirkətdir. Kredit istəyir, lakin hazırda əlavə girovu yoxdur. Şirkətini böyütmək üçün də o kredit ona lazımdır. Biz də bilirik ki, o şirkət böyüsə, Kanadaya xeyri olacaq. Yeni iş yerləri açılacaq, xaricdən vəsait gələcək. Biz də şirkət, hansı ölkəyə ixrac etməsi və s. nüanslara baxaraq onlara 50-100 faiz arası girov veririk. Yəni biz şirkət üçün bankda zamin oluruq. Dövlət şirkəti olduğumuz üçün zəmanətimizin reytinqi çox yüksəkdir.

Üçüncü məsələ odur ki, biz ixrac şirkətlərinə özümüz də kredit verə bilirik. Tutaq ki, biz banka zamin durduq. Bank da dedi ki, siz zamin dursanız da, biz kredit ayıra bilmirik. Tutaq ki, o şirkətə artıq o qədər kredit ayrılıb ki, Kanadanın Mərkəzi Bankının bir şirkətə nə qədər kredit ayrılması ilə bağlı limitini keçib. Bank özü şirkətə kredit verə bilməsə də, bizə müraciət edir, kreditləşməni biz edirik. Yaxud biz başqa bankla birləşib kredit də verə bilirik. Deyək ki, ixrac şirkətinə 5 milyon dollar kredit lazımdır. Onun bir hissəsini bank, bir hissəsini biz veririk. Şirkət pulu qaytaranda, bank onun yarısını bizə qaytarır. Ondan əlavə, bizdə sindikat da olur. Sindikat odur ki, bir neçə bank birləşir bir şirkətə kredit verir. Bir pay da biz sahib oluruq. Böyük məbləğdə kreditlərdə bu hal yaşanır. Ola bilər ki, ixracla bağlı ciddi layihə var, görürük ki, maliyyələşmə önəmlidir, ölkəyə dəstək olacaq.

İnvestisiya tərəfimiz də var. Startap, yaxud hansısa şirkətə payçı olaraq giririk. Şirkət böyüdükdən sonra paylarımızı satıb çıxırıq.

Beşinci qrup isə, birlik qrupudur. Bununla isə məlumatlandırma xarakterli yardım edirik. Deyək ki, ixrac şirkəti hansısa ölkəyə ixrac etmək istəyir, amma həmin ölkənin bazarı ilə bağlı çox məlumatı yoxdur. Biz onlara köməklik edirik. Həmin ölkədə hansı dövlət proqramları, layihələr, imkanlar olması ilə bağlı məlumatlar tipli biznes plan hazırlayırıq.

 

“Həm özümüz qazanırıq, həm şirkətlərə köməklik edirik

 

- Dediyiniz fürsətlərdən yararlanmaq üçün şərtlər nələrdir?

- Sərt şərtlərimiz yoxdur. İlk şərtimiz odur ki, şirkətin fəaliyyətində ixrac komponenti olsun. Ya şirkət hazırda ixracla məşğuldur, ya gələcəkdə ixracla məşğul olmaq istəyir. Yaxud şirkət özü ixracla məşğul deyil, amma ixracla məşğul olan şirkətə nə isə satır. Məsələn, Azərbaycandan Rusiyaya bir şirkət un satır. Bu, ixracdır. O şirkət daxili bazardan un ixracı üçün torba alır. O torbaları satan şirkətə də baxırıq. Özü ixrac etməsə də, ixrac üçün önəmli işlə məşğuldur.

Şirkətin nə qədər müddət fəaliyyət göstərməsi ilə bağlı tələb yoxdur. Ancaq şirkət çox yenidirsə, fəaliyyəti yoxdursa, birlik qrupu, sığorta ilə köməklik edəcəyik. Girov-zaminliklə köməklik edə bilmirik. Şirkət böyüdükcə, biz onlara daha çevik köməklik edə bilirik.

- Agentlik bu yardımları dövlət hesabına edir?

- Biz dövlət qurumuyuq, amma neçə il bundan əvvəl dövlət bizə ayırdığı vəsaiti dövlətə ödəmişik. Qurum maliyyə cəhətdən özünü təmin edir. Dövlətə hər il divident ödəyirik. Həm özümüz qazanırıq, həm şirkətlərə köməklik edirik. Şirkətlər də böyüyürlər və dövlətə daha çox vergi ödəyirlər. Həmçinin də biz köməklik göstərdiyimizə görə pul qazanırıq.

- Qurumun əsas qazancı nədəndir?

- Məsələn, kredit versək, faizdən qazanırıq. İnvestisiya etsək, investisiyadan qazanırıq. Şirkət böyüdü, öz paylarımızı satırıq və ordan pul qazanırıq. Şirkətə bankdan kredit götürmək üçün zamin duranda, yaxud şirkətin məhsulunu sığorta edəndə, komissiyalarımız olur. Bunlar ödənişlidir. Ancaq təlimlər pulsuzdur. Çünki biz istəyirik ki, şirkətlər yeni bir ölkəyə girəndə tam gözü açıq şəkildə girsinlər, məlumatlı olsunlar. İxracda risk çoxdur, xarici bazara gedirsən.

 

“Bu dəstəklə 600 mindən çox iş yeri açılıb”

 

- Bu şirkətin fəaliyyəti Kanadada ixracla bağlı rəqəmləri nə qədər dəyişə bilib?

- Şirkət 80 ildir fəaliyyət göstərir. İndiyə qədər bizneslərə 133 milyard Kanada dolları yardım edilib. 27 min şirkətə köməklik edilib. Bu dəstəklə 600 mindən çox iş yeri açılıb. Dəstəyin iqtisadiyyata köməyi böyükdür.

- Kanadada bütün ixrac şirkətləri sizin qurumun imkanlarından istifadə edirlər?

- Maddi imkanları yaxşı olan çox böyük şirkətlər istifadə etmirlər. Kiçik və maliyyəyə ehtiyacı olan şirkətlər bizə müraciət edirlər. Ümumilikdə, nə qədər iqtisadi vəziyyət yaxşı gedir, bizə müraciət az olur. Nə qədər ki iqtisadiyyat zəifləyir, o zaman zənglərimiz artır. Yəni, bizneslərin durumu yaxşı olmur. O dövrdə təbii ki dəstəyə də ehtiyac var.

- Azərbaycanlı bir şəxs Kanadaya gəlib ixrac şirkəti qursa, o şirkətin imkanlarından yararlana bilər?

- Bəli. Amma bura turistik viza ilə gəlib şirkət açmaq mümkün deyil. Yaşamaq və bu ölkədə işləmək icazəsi varsa, şirkət aça və fəaliyyətə başlaya bilər. Əgər onun fəaliyyəti bizə uyğundursa, köməklik edəcəyik.

- Kanada böyük ölkədir. Sizcə, kiçik ölkələr də bunu edə bilər?

- Digər ölkələrin ixrac agentlikləri ilə müqayisə edirik və bizim qədər çox imkan heç birində yoxdur. Amerikanın ixrac agentliyi belə bu qədər dəstək verə bilmir. Kiçik ölkələrdə bu üsulun tətbiqi çətinləşir, amma mümkünsüz də deyil. Fikrimcə, nə qədər kiçik ölkə olsa, o qədər ixraca dəstək olmalıdır. Deyək ki, Azərbaycanın bir şirkəti Avropaya məhsul çıxarmaq istəyir. Təbii ki o şirkəti Avropada tanıyan yoxdur. Hansısa ölkədə sənin məhsulunu rahat almaları üçün ya ölkənin müxtəlif brendləri orda tanınmalıdır, ya da şirkət olaraq səni. Yaxud yaxşı maliyyəsi olmalıdır ki, xaric bazara çıxardığı məhsulun pulunu dərhal tələb etməsin. 30-60 və s. gün ödəniş üçün gözləyə bilsin. Bunun üçün də o şirkətlərin bizim kimi qurumlara ehtiyacı olur.

Azərbaycan da ixracın artmasında maraqlı ölkədir. Düşünürəm ki, bu tipli modeli Azərbaycanda da qurmaq mümkündür. Mən Kanadada bu təcrübəni gördüyüm üçün gəlib orda lazım olan köməyi edə, ölkəyə fərq yaratmaqda yardım edə bilərəm. Mən bankda işə başlayanda, o vaxt müdirimiz deyirdi ki, bank haqqında məlumatlı olmaq üçün bankda hər şöbədə işləməlisən. Daha çox məlumatlı olmaq üçün isə gərək başqa banklarda da işləyəsən. Sonra müqayisə edə biləsiniz. Eyni şəkildə də başqa ölkədə çalışmaq lazımdır ki, onların da təcrübəsini öyrənəsən və ölkəndə tətbiq edə biləsən.

 

“Dəstək o bazarları Azərbaycan sahibkarlarının üzünə aça bilər”

 

- Kanadadakı modelin Azərbaycanda tətbiqi ölkəmizin məhsullarının ixracında nəyi dəyişə bilər?

- Birincisi, bizim şirkətlərə dəstək olacaq ki, yeni bazarlara çıxmaqdan qorxmayacaqlar. Çünki çox zaman Rusiya, Türkiyə kimi ölkələrlə kifayətlənirlər. Dünyada o qədər bazar var ki, Azərbaycan hələ onlara çıxmayıb. Dəstək o bazarları Azərbaycan sahibkarlarının üzünə aça bilər. Azərbaycan iqtisadi cəhətdən əlverişli yerdə yerləşir. Hər yerə rahatlıqla istehsal olunan məhsulları göndərə bilər. İkincisi, zamanla artıq Azərbaycan məhsulları deyə dünya bazarında tanınma olacaq. Digər sahibkarlar da ixracla məşğul olanda, artıq getdikləri bazarlar onları tanıyacaq. Bilirsiniz, Azərbaycan ölkə kimi brendini, imicini dünyada qaldırsa, ixracla məşğul olanların Azərbaycan məhsullarını xarici bazara çıxarmaları daha asan olacaq. Mən 6 ildir Kanadayam, görürəm ki, Azərbaycan bunu zamanla inkişaf etdirir. Azərbaycanın brendi artdıqca, məhsullara tələb də artacaq. “Made in Azerbaijan” artıq onlara maraqlı gələcək, tanıyacaqlar.

Aygün Asimqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatdı

"Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatdı

Türkiyədə TDT-nin xatirə sikkəsi satışa buraxılıb

Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər - FOTO

Tərəzidə aldadan satıcıları hansı cəza gözləyəcək?

Robot rəssamın portreti hərracda 1 milyon avroya satıldı (FOTO)

"NRG Energy" 2024-cü il üçün mənfəət proqnozunu artırdı

Rusiyanın beynəlxalq ehtiyatlarında milyardlarla azalma - Rəqəmlər

Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)

Noyabrın 10-dan H1 və H2 avtobusları pulsuz olacaq - AYNA

"Paramount"un səhm başına gəliri yüksək, mənfəəti aşağı oldu

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

Qocalmanı sürətləndirən iş vərdişləri açıqlandı

"Robot valideynlər" yaradılacaq - "a16z" maliyyələşdirməyi qəbul etdi

Dünya imtina edir, biz pulla satırıq...

Vətən müharibəsinin iştirakçısı idarə rəisi təyin edilib

ABŞ heç bir əsas olmadan 12 trilyon dollar qazanıb - Putin

Azərbaycan Bayrağı "Ginnesin rekordlar kitabı"na düşüb (FOTO)

COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb (FOTO)

"Koç Holding" III rüb üçün maliyyə hesabatını açıqladı

"Koç Holding" III rüb üçün maliyyə hesabatını açıqladı

“Freelance” işin mənfi tərəfləri

Azərbaycanın BMT ilə imzaladığı memorandum təsdiqləndi

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib

Bakıda yağış yağacaq

Dünya Bankı Ukraynaya əlavə 750 milyon dollar ayıracaq

İlon Musk "Tesla" markalı ağıllı telefonla bağlı açıqlama verdi

Azərbaycan nefti 0,32% ucuzlaşıb

Dörd yerli kripto məhsulumuz sınaqdan keçiriləcək - SİYAHI

Xankəndidə Zəfər Günü münasibətilə yürüş keçirilir (VİDEO)

Ehtiram Quliyev yeni şirkət yaratdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin