BAKU Azərbaycan
29.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0192
  • 1 Türkiyə lirəsi
    0.0514
  • 1 İngiltərə funt sterlinqi
    2.199
50793

Nəsillərində aviasiya sektorunda çalışan şəxs çox olur. Uşaq yaşlarından onda da bu sahəyə maraq yaranır və pilot olmaq istəyir. Zamanla bu həvəs azalmır, artır. Beləliklə, arzuladığı sahəyə gəlir. Söhbət “AZAL”ın kapitan pilotu Emin Məlikovdan gedir.

E.Məlikov 24 ildir Milli Aviasiya Akademiyasında müəllim işləyir, 22 ildir pilot olaraq çalışır. Karyerası boyunca 10 000 saatlıq uçuş həyata keçirib.

Emin Məlikov fəaliyyəti ilə bağlı Valyuta.az-ın suallarını cavablandırıb.

- Emin bəy, karyeranız boyunca 10 000 saatlıq uçuş həyata keçirmisiniz. Bu, ömrün 400-dən çox gününü buludların üzərində keçirmək deməkdir. Necə bir peşəniz var?

- Sualınızı “Özümü evdən çox təyyarədə rahat hiss edirəm” cümləsi ilə cavablaya bilərəm. Çünki həqiqətən maraqlı işdir. Maraqlıdır, amma hər kəs üçün də deyil. Bu peşə cəsur adamları sevir. Korkoranə cəsurluqdan söhbət getmir, psixoloji sağlam birinin cəsurluğu nəzərdə tutulur. Romantik işdir. Fikir vermisinizsə, pilotların çoxu romantik insanlardır. Maraqlıdır, romantikdir, amma çətinlikləri də var. Təbii ki hər insan həyatını özünə uyğun qurur.

- Pilot olmağı uşaq vaxtından arzulayan oğlanlardan idiniz?

- Məktəbdə əlaçı idim, bütün fənləri yaxşı oxuyurdum. Riyaziyyat və fizikaya isə daha çox maraq göstərirdim. Uşaq vaxtı çox kitab oxuyurdum, öz kitabxanam var idi. Oxumağa həvəsli uşaq olmuşam. Pilot olmağa isə elə uşaq vaxtımdan həvəsim var idi. Bizim nəsildən aviasiyada 52-ci adamam. Həyatımda aviasiyanı görmüşəm. Dayım, anamın dayıları, o cümlədən, başqa qohumlardan pilot olanları da var, aviasiyada müxtəlif sahələrdə çalışanları da.

Anamın dayısı oğlu pilot Səfa Axundov Birinci Qarabağ Savaşında şəhid olmuşdu. Xocalı blokadada idi, ancaq vertelyot ilə gedə bilirdilər. O, Xocalıdakı insanları Şuşaya təyyarə ilə aparırdı. 2 uğurlu uçuş edir, 3-cüdə vurulur, 1992-ci il yanvarın 28-də şəhid olur. Mən isə 1995-ci ildə universitetə qəbul olmuşam. O hadisənin də pilotluğu seçməyimdə təsiri oldu. Hətta o hadisədən sonra daha çox hərbi pilot olmaq istəyirdim. O vaxt bizdə hərbi pilotluq yox idi, sonradan açıldı. Yəni öz həvəsim var idi. 1995-ci ildə Milli Aviasiya Akademiyasına qəbulda ən yüksək balı mən yığmışdım. Təhsili də qırmızı diplomla başa vurdum və karyeramı bu sahədə davam etdim.

- 24 ildir müəllim, 22 ildir pilot olaraq çalışırsınız. Müəllimlik fəaliyyətiniz daha tez başlayıb?

- 1999-cu ildə akademiyanı bitirdim. 2000-ci ildə mənə universitetdən təklif gəldi ki, müəllim kimi fəaliyyətə başlayım. Giriş fənlərindən başladım. 2 ildən sonra AZAL-a pilot kimi çağırdılar. 2002-ci ildən ikinci pilot kimi işə başladım.

- Nə qədər müddət ikinci pilot kimi işlədiniz?

- 8 il ikinci pilot oldum. 2010-cü ildə 757 təyyarəsində kapitan oldum. 1 il sonra 67 təyyarəsinə komandir keçdim. Sonra təlimatçı kimi fəaliyyətə başladım. Şef pilotun köməkçisi kimidir. O vəzifədə də 5 il işlədim. 2016-cı ildən kompaniyanın şef pilot vəzifəsinə təyin olundum.

- İkinci pilot olduğunuz 8 ildə əsas pilotun yerində olmaq üçün tələsirdiniz?

- Allah bizi gəmidə getmək, kosmosa getmək, göydə uçmaq üçün deyil, yerdə gəzmək üçün yaradıb. Deməli, bu bacarıqlar bilik və təcrübə ilə əldə edilir. İnsan təcrübəsi və bilikləri sayəsində uça bilir. Aviasiyanın bir qanunudur ki, tələsmək olmaz. 1-2 il ərzində komandir olmağı heç kim bacarmır. Həm də 1-2 il ərzində keyfiyyətli kapitan yetişdirmək də çətindir. Üstəlik, bunun özü də riskdir. Bu səbəblərdən, komandir olana qədər şəxsin psixoloji durumu, xarakteri, bilik səviyyəsi araşdırılır, üzərinə də təcrübəsi gəlinir və sonra təyin olunur. Yəni böyük təcrübədən sonra komandir ola bilirik.

- Çox məsuliyyətli işdir...

- Aviasiyada yazılmamış qanun var. Sənədlərdəki bütün sözlər səndən əvvəlki pilotların qanı bahasına yazılıb. O hadisələr olub və ona görə o qayda-qanunlar yaranıb. Bu səbəbdən, hər şeyi xırdalıqlarına qədər öyrənmək lazımdır. Uçuşda işçilərdən tutmuş sərnişinlərə qədər hamı kapitanın dediyinə qulaq asmalıdır. Çünki uçuşu kapitan idarə edir. Bu işin məsuliyyətini isə böyük təcrübədən sonra üzərinə götürmək mümkündür.

- Maraqlıdır, günlük işiniz kənardan xəyal olunan qədər cəlbedicidir?

- Aviasiyada iş həyatının əvvəlində başın işi öyrənməyə qarışır, bir də baxırsan ki, 3-5 il keçib (Gülür). Əslində, hər sahədə elədir. İnsan ilk illər daha çox öyrənməlidir. Bizim sahə bu cəhətdən sürətlə inkişaf edir və elə gün yoxdur ki, özümüzü öyrənməyə məcbur hiss etməyək. Bugünlərdə İngiltərədən təyyarə ilə bağlı təlimatçı kursdan dönmüşəm. Bir ay o kursda oldum. Zaman-zaman xaricdə kursa gedirik. Eyni zamanda, Azərbaycanda hər il 10-20 imtahan veririk, həkim müayinəsindən keçirik. Hər ay hansısa prosesdən keçməli oluruq. Daim öz üzərimizdə işləyirik. Ona görə, ilk vaxtlar işin zövqündən çox öyrənməyə fokuslanırsan. Təcrübən artdıqca işdən daha çox zövq alırsan.

- “Pilot təyyarənin ruhudur” - deyə bir fikir oxudum.

- Təyyara canlı olmasa da, biz onunla ünsiyyətdə olduğumuza görə, hər dəfə uçuşdan öncə mühərrikin bir hissəsi var, ora əlimlə toxunub salamlaşıram, uçuşdan sonra sağollaşıram. Çünki canlı olmasa da, texnikanın necə işləməsi sənin ona münasibətindən asılıdır. Sən onu necə idarə etsən, necə davransan, onun ömrü də elə olur. Texnikanın dili-ağzı olsa, pis davransan, deyər ki, nə edirsən? Pilotsuz uçuş aparatları deyirik, amma o da müəyyən şərait üçündür, tam hər zaman üçün uyğun deyil. Sistemlər zamanla təkmilləşir. İstəyirlər ki, təyyarədə çox sistem insan faktorundan asılı olmasın. Avtomatlaşsın, pilotların işi uçuş zamanı asanlaşsın. Get-gedə pilotlar operator kimi olacaqlar. Yalnız nəzarət yönümlü işləri görəcəklər. Yenə də düşünürəm ki, insan hər zaman texnikadan öndə olacaq.

- İşinizin çətinlikləri olduğunu qeyd etdiniz. O çətinliklər nələrdir?

- Pilotluğun mənfi tərəfi odur ki, ailəyə daha az vaxt ayırmalı olursan.  Gərək ailə qurduğun şəxs bunu başa düşsün, yoxsa çətin olar. 46 yaşım var, bir ay İngiltərədə kursda oldum. Təsəvvür edin ki, mən bunu 55 yaşımda da edəcəm. Get-gedə yaşlanırsan, amma peşədə özünü inkişaf etdirməklə bağlı tələblər artır. Düzdür, hər il təcrübəmiz daha da artır, amma yeni texnologiyalar gəldiyi üçün təcrübən kifayət etmir. Əgər özünü davamlı inkişaf etdirməsən, bu sahədə qalmağın mümkün deyil.

Digər tərəfdən, stressli işdir. Bu stress də məsuliyyətdən olur. Bizim iş disiplinli insanları sevir. İşə gecikmək olmaz. İşimizdəki disiplin həyatımıza da təsir edir. Kimləsə görüşəcəmsə, vaxtından əvvəl gedirəm.

Bizim bir uçuşumuz gün ərzində 9-10 saat iş deməkdir. Bu da daha çox işləmək deməkdir.

Hava limanları 24 saat işlədiyi üçün sən günün istənilən vaxtı uça bilərsən. Orqanizm cədvəl üzrə işləyə bilmir. Bu gün bu ölkədəsən, sabah başqa ölkənin saatıyla hərəkət edirsən. Bioloji olaraq orqanizmin yorulur.

Daha çox öyrənməyi, çox oxumağı da hər kəs sevməyə bilər.

Üstəlik sağlamlığını da nəzarətdə saxlamalısan. Qısası, bu sahə tənbəl adamları xoşlamır (Gülür). Onlar bu sahənin çətinliklərinə dözə bilmirlər və avtomatik uzaqlaşırlar.

- Sağlamlığı nəzarətdə saxlamaq lazım olduğunu dediniz. İdmanla məşğul olursunuz?

- Professional olaraq idmanla məşğul olmaq o qədər də bizə məsləhət görülmür. Çünki işimizə mənfi təsir edir. İdmanda ürək, damara çox əziyyət verilir, uçuşda siz narahat ola bilərsiniz. Siqaret, alkoqol olmaz. Ümumilikdə, həyat tərzimiz sağlam olmalıdır ki, tez yorulmayaq. Çünki insan yorulanda işdə səhv edir. Ona görə pilot gündəlik həyatında da diqqətli olmalıdır. Məndə indiyə qədər sağlamlıqda hər hansı problem çıxmayıb. Davamlı olaraq həkim nəzarətindən keçirik.

- İstirahət zamanlarınızı necə dəyərləndirirsiniz?

- Gündəlik həyatda hobbimlə məşğul olmağa çalışıram. Bir gün hobbimə vaxt ayıranda bir həftə istirahət etmiş kimi oluram. Ovla məşğul oluram, balıq tuturam. Romantik adamam. Musiqini də sevirəm. Arada piano da ifa edirəm.

- Emin bəy, indiyə qədər neçə ölkəyə uçuşunuz olub?

- Rəqəm olaraq yadımda deyil, Avropanın çox ölkəsində olmuşam, Amerikanın bir çox ştatına uçuşum olub. Dünyada çox gözəl yerlər var.

- Ən çox sevdiyiniz ölkələr hansıdır?

- Mən İngiltərə və İtaliyanı sevirəm. Çox gözəl yerlərdir, gözəl təbiətləri var. İngiltərəyə lap çox uçmuşam. İngiltərədə bir-birinə toxunanda, “sorry” deməsən, hətta kənardakılar səni tənbeh edir ki, niyə üzr istəmədin? Cəmiyyət özü səni idarə edir. İngiltərəyə hara getsən, sənə təhlükəsizliklə bağlı məlumat verilir. Bu da çox xoşuma gəlir.

- Pilot kimi gündəlik işiniz var və kifayət qədər vaxt tələb edən sahədir. Müəllim kimi fəaliyyəti davam etdirmə səbəbiniz nədir?

- Atam da müəllimdir, maarif xadimi olub. Müəllim kimi öz metodu olub. Onun işə həvəsini görməyimin də təsiri ola bilər. Üstəlik, müəllimlik mənim üçün maraqlıdır. Mən həmişə inkişaf etmək istəyirəm. Bir yerdə dayanmağı sevən adam deyiləm. Bir vəzifədə 3-5 il işləyəndən sonra inkişaf üçün dəyişmək istəyirəm. Dünya təcrübəsində deyilir ki, bir insanın bir vəzifədə olması üçün maksimal müddət 7 ildir. Sonra onun o vəzifəyə marağı itir. İnkişaf edən insanlar dəyişirlər, eyni işdə qalmırlar. Dəyişiklik insanı inkişafa aparır. Müəllimlikdən maaş gözləntim yoxdur, biliyimi inkişaf etdirirəm. Tələbələrə daha yaxşı dərs keçmək üçün davamlı nələrsə oxuyuram, nələrisə təkrar edirəm. Cavabın hamısı bir kitabda yoxdur, kitablarda var.

- Həvəsli gənclər çoxdur?

- Savadlı gənclərimiz çoxdur. Azərbaycanda ailələr uşaqlarının savadlı, ağıllı olması üçün təhsillərinə pul yatırırlar. Nəticə odur ki, zamanla ağıllı, intellektual gənclərin sayı artır. O kadrlar təcrübəyə yönəldilsə, daha tez işin içinə düşmələri təşkil edilsə, çox yaxşı pilotlar yetişəcək.

Aygün Asimqızı

Fotolar: Rəşad Mehdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xiaomi SU7 Ultra idman elektromobili təqdim edilib

Bir sıra dövlət qurumlarının və şirkətlərin mətbuat katiblərinin “Neft Daşları”na səfəri təşkil olunub

“Azəriqaz” Zəngilanda qaztənzimləyici məntəqə qurur

İlham Əliyev: Bizim COP heyətimiz çox səmərəli işləyir

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Azərbaycanda subsidiyaların verilməsinə nəzarət mexanizmi yaradılıb

Azərbaycanın Türkiyədən zeytun və zeytun yağı alışı azalıb

Alimlər içki qəbul edən yeniyetmələrin beynində qorxulu dəyişikliklər aşkar etdi

Keyt Uinsletin "Titanik" filmində batan paltosu rekord qiymətə satılacaq

Türkiyədən tütün alışı kəskin azalıb

Bir gündə bank kartlarından 55 min manat oğurlanıb - DİN çağırış

Azərbaycan alüminiumun ixracını azaldıb

İnternet istifadə pozğunluğunun 9 əlaməti

Bazar gününə olan hava proqnozu

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Gürcüstan və Çin nümayəndə heyətləri Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə ediblər

Sosial Müdafiə Fondu ofis icarəyə götürəcək - 1,2 milyonluq tender

Əmtəə bazarlarında qızılın qiyməti 2 400 dollardan aşağı enib

Azərbaycan MDB-də ən çox hansı ölkə ilə ticarət aparıb? (Cədvəl)

Ölkədə duz istehsalı 20 faizdən çox artıb - Rəqəmlər

Nyu-York birjasında təbii qazın qiyməti cüzi azalıb

"Kənddə gündəlik ruzisini qazanan vətəndaşın 100 Mbit/s sürətə ehtiyacı varmı?” - Ekspertlər

İlon Mask “Windows”dakı nasazlığı İT tarixində ən böyük uğursuzluq adlandırıb

“Brent” markalı neftin qiyməti son bir ayda ilk dəfə 83 dollardan aşağı düşüb

Binəqədidə yol problemi nə vaxt həll ediləcək? (VİDEO)

Bu ilin ilk altı ayında Azərbaycanda qızıl istehsalı artıb, gümüş istehsalı azalıb - Rəqəmlər

“Malaysia Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib

Birləşmiş Ştatlarda təhlükəli epidemiya aşkarlanıb

Birləşmiş Ştatlarda təhlükəli epidemiya aşkarlanıb

Yüzlərlə gəmi “batacaq”: Avropa Rusiyanın “kölgə donanmasına” təzyiqi artırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin