Şəhərlə kənd arasında səfir, Bakıdakı fərqli şəhər sakini – Sosial sahibkarla müsahibə
Yediklərimizin hekayəsini bilirik? Bu bizə maraqlıdırmı? Onun təcrübəsi göstərir ki, maraqlıdır. Qonaqları da məhz yediklərinin hekayəsini dinləmək üçün gələnlərdir. Söhbət “Project flat” sosial biznesinin qurucusu Yaqub Zeynalzadədən gedir. Aşpaz olan Yaqub “Project go” layihəsi ilə Azərbaycanı gəzir, bölgələrimizin biomüxtəlifliyini araşdırır. Bölgələrdən gətirdiyi təbii məhsullarla, ənənəvi metodlarla yemək hazırlayır və evində insanları qonaq qəbul edir. Qonaqları üçün yemək bişirir və yeyəcəklərinin fəlsəfəsini - hekayəsini danışır. Ümumiləşdirsək, bütün maraq dairələrini birləşdirib sosial sahibkar olub.
“Ən sevdiyim yemək bölüşdüyüm yeməkdir” deyən Yaqubun kirayədə qaldığı 18 kvadratlıq rəngli evində olduq, mətbəxdə bizi bölgələrdən gətirdiyi məhsullardan bişirdiyi yeməklərə qonaq etdi. O yeməklərin bişirilməsi əsnasında isə Valyuta.az-ın suallarını cavablandırdı.
“Belə baxanda deyirsən ki, xəmirdir, amma canlıdır”
Mətbəxdə ilk olaraq çörək bişirməklə başlayır. Çörəyi satışda olan mayalarla deyil, balatı ilə bişirəcək. Bizə balatının hekayəsini danışır:
“Balatı hazırlayanda sən havadan bakteriya tutursan, o bakteriya üçün un və su ilə qapalı qabda balaca bir dünya yaradırsan, hər gün o balatını yedizdirirsən. Bankanın içindəki ekosistemdə balatının yavaş-yavaş böyüdüyünü müşahidə etdikcə, həyatda birbaşa gözlə görünməyən, yavaş-yavaş baş verən şeyləri də müşahidə edib görməyə başlayırsan. Necə ki banka bu bakteriyalar üçün kainatdır. Onlar orda yeyib-içib yaşayırlar, biz də hansısa bankanın içərisində ola bilərik. Yaradılışı dərk edirsən, ona görə deyirlər ki, çörək müqəddəsdir, çünki sənə xatırladır”.
Sonra əlavə edir: “Xəmir acıyanda yaranan köpüklər odur ki, bakteriyalar yemək yeyirlər, nəfəs alırlar. Belə baxanda deyirsən ki, xəmirdir, amma canlıdır”.
- Yaqub, bir oğlanın aşpaz olmasına valideynlər necə reaksiya vermişdi?
- Onlara bu sahəni seçməyim maraqlı gəlmişdi, lakin ixtisasımı dəyişdirməyimi bir neçə gün əsaslandırmalı oldum. İndi fəxr edirlər və hətta ilhamlanıb onlar da meyvə qurusu etməyə başlayıblar. Mənə bazarlıqlar etməyə, məhsullar axtarmağa kömək edirlər.
- O zaman aşpazlığı çox sevdiyinizi görüblər...
- Aşpazlıq mənə nənəmdən keçib. Ümumiyyətlə, əl ilə yaratmağı sevirəm. Mən taxtadan da nə isə düzəltməyi sevirəm, ev də təmir edə bilərəm, dülgərlik də maraqlıdır. Seçimim əl ilə yaradılan sənətlərdir. Ümumilikdə isə, son gəldiyim qənaət odur ki, sənət sadəcə bir vasitədir, əsas ötürdüyün mesajdır. Mən gördüyüm işlə həm indiki, həm də gələcək nəsillərə ətrafımızdakı və əlimizin altında olanların dəyərini, əhəmiyyətini göstərən mesaj verirəm.
“Porsiyaların kiçik olmasında məqsəd ondadır ki...”
- 8 il öncə İtaliya və Xorvatiyada kulinariya ilə bağlı təhsil almısınız. Amma “Project flat”a qədər bu istiqamətdə davam etməmisiniz. Niyə?
- Mən indi də kulinariya sahəsində deyiləm, evdə özüm üçün bişirirəm, insanlar da bəzən qonaq gəlir. Kənddən gələn məhsullarla yeməklər hazırlayıb onların hekayələrini danışıram. Yəni restoran deyil, sadəcə bir təcrübədir. Restoranda aşpaz olmaq istəməzdim. Çünki ağır rejimdir və bəzən ruh itir. Mən 1 ulduzlu restoranda işləmişəm. 2-3 ulduzlu restoranlarda detallara olan diqqət daha da artır. Restoranlar ulduzu detala olan diqqətə görə alırlar. Bu elə mükəmməliyyətçilik tələb edir ki, həm psixoloji, həm də fiziki olaraq təhlükəli vəziyyətlər yarana bilir. Ulduzunu itirdiyi üçün özünü öldürən şeflər var. İnsanlar sakit musiqi, aşağı işıqda yemək yeyirlər. Mətbəxdə isə sanki müharibə gedir.
Həzin musiqidə, aşağı işıqlandırılmış otaqda yemək yeməyin fəlsəfəsindən danışdı:
“Restoranlarda yeməyin sakit və qaranlıq işıqda təqdim edilməsində məqsəd odur ki, sən yavaş-yavaş yeyəsən. Porsiyaların kiçik olmasında məqsəd ondadır ki, dadları və ahəngi hiss edəsən. Udursan və gözləyirsən. Yeməyi udub bir az gözləyəndə, daddan sonra gələn dadı hiss edirsən. O dadda hiss edə bilirəm ki, yediyim məhsul hansı tip ərazidə yetişib. Deyək ki, balıq yedin, daddan sonra gələn dadda hiss edirəm ki, akvarium bağlıdır, yoxsa təbii mühitdə yetişən? Hamıda bu reseptorlar var, zənnimcə”.
- Niyə sosial sahibkar oldunuz?
- Uşaqlıqda kənddə nənəmi ziyarət edər, çörək sırasına durar, novatdan gələn heyvanları qarşılayar, süd gözləyər, biçənəklərə gedərdik. Vaxt keçdi, kəndlilər köçdü, ənənələr itdi. Digər ölkələri tanıdıqca onların bu ənənələr üzərindən güclü iqtisadiyyat qurduğunu və bioloji müxtəlifliyin necə dəyərləndirildiyini, qida dəyər zəncirinin önəmini dərk etməyə başladım.
Uzun illər bu sahədə “Slow Food” beynəlxalq təşkilatı ilə bölgələri gəzərək kəndlilərimizə bu irsi, məhsulların önəmini, onların üzərində gəlir şaxələnməsi yarada biləcəklərini izah etdim.
Lakin anladım ki, dəyişimi deməkdənsə, həmin dəyişim olmalısan. Onlara İtaliyadan İsveçrədən aqroturizm nümunələri göstərirdim, onlara bu nağıl kimi gələrdi. Problemlərdən danışmağı sevmirəm, daim həll yolları axtarıram. Ona görə də elə qərara gəldim ki, karyerama pauza verib özüm o nümunə olum. Azərbaycandan bir nümunə!
Sosial sahibkarlığı qeyri-adi biznes modeli hesab etmirəm. Düşüncəli olmaqla bağlıdır. Fikirləşirəm ki, satdığım məhsul ziyan vurmasın. Əgər mən gəlir əldə edirəmsə, qarşımdakı insana da fayda verim. Sadəcə məhsulu yeyənə yox, onun inqrediyentlərini yetişdirənə və istehsal edənə də kömək edim. Ona görə də biz həm də akademiya olaraq biliklərimizi gənclərlə bölüşərək birlikdə bişiririk ki, maksimum fayda əldə edək.
“Reklama sıfır məbləğdə pul ayırmışam”
- Bəs necə oldu ki, evinizdə tanımadığınız şəxsləri qonaq qəbul etmək qərarı verdiniz?
- İlk dəfə sosial şəbəkədə yazmışdım ki, evdə yemək bişirirəm, kim gəlmək istəyir? Yəni zarafatla başladım. Əslində qorxurdum, çünki insanlarla ünsiyyətdə çəkingən biriyəm. Reklama sıfır məbləğdə pul ayırmışam. Təbii şəkildə bir il ərzində 15 min izləyici toplandı. Gördüm ki dəyər verən insanlar var. İl ərzində 5-10 nəfər xarici qonaq olar, qalanı həmyerlilərimizdir. Bu dəyəri görmək məni daha da həvəsləndirir.
- Seçdiyiniz konsept də maraqlıdır.
- Bu işi görməkdə məqsədim qida dəyər zəncirinin inkişafı, bu tip fəaliyyətin ölkənin iqtisadiyyatına və kəndlilərin rifahına yaxşı təsir etməsidir. Gördüyüm işin insanlara da maraqlı olması üçün belə bir konsept seçdim. Deyək ki, mən sizə balatı ilə bağlı danışsam, qəliz olacaq. Ancaq balatı xəmirini hazırlaya-hazırlaya bunu danışanda, sizə daha maraqlı gələcək. Mənim etdiyim teatrsayağı bir təcrübədir. Mətbəxim bir az da səhnəni xatırladır. İşıqlara baxın.
- Fərqli ölkələrdə olmusunuz, fərqli mətbəxlərlə tanış olmusunuz. Yediklərinin hekayəsinin danışılması təcrübəsini hardasa görmüsünüz?
- Məsələn, italyanlar məhsulları haqqında dərin danışırlar. Parmegiano reggiano pendiri istehsal olunan yerə getmişdim. Soruşdum ki, bu nə pendirdir? İnəklərin harda otladığını, hansı otları yediklərini, pendirin duzlu suya salıb sonra quru küləkdə qurutmaqları və s. detalları danışdılar. Dedilər ki, quru külək dənizdən qalxır, zeytun ağaclarının, fındıqların, kəklikotuların ətrini toplayır və pendiri qurudur. Deyirlər ki, o ətirli quru külək ancaq o ərazidən keçir və pendir orda dadlı olur. Parmesan reggiano pendirinin istehsalı ilə bağlı sertifikat ancaq o ərazidə yetişdirənlərə verilir. Bizdə isə o sertifikatlar yoxdur deyə, biz onun haqqında danışırıq. Bu düyü Astara düyüsüdür, luna növüdür, ordakı kəndlilər tərəfindən yetişdirilib. Yaxud bu motal Daşkəsən motalıdır, Afərin ailəsi tərəfindən hazırlanıb, ordakı heyvanlar da fıstıq dənələri yeyirlər və o südü ərsəyə gətirirlər.
“Bir balon pendiri 1 il gözləyirəm”
- “Project flat”ın menyusundan danışaq. Menyu necə formalaşdırılır?
- Bizdə menyu yoxdur, proses belə olur ki, kəndə gedirəm, orda insanların həyatını müşahidə edirəm, mövsümi məhsulları kəşf edirəm. Bir həftə həmin kənddə maşında yaşayıram. Yaşadığım müddətdə baş verən hadisələrin hekayəsini qonaqlara danışıram, təbii ki həm də məhsulları dadırıq. Bu, qastronomik bir təcrübədir. Deyək ki, mən Daşkəsəndə bir kənddə oldum, orda kəndlinin bir günlük qidasının nələrdən ibarət olduğunu öyrəndim. Bu kənddə bir gün adlı bir təcrübə olur, videolara baxır, söhbət edir və o günü dadırıq, kəndə açılan bir pəncərə deyərdim.
Söhbət arası bizə yağ, pendir və çörək təklif edir və pendirin hekayəsini danışır: “Bu pendir Astaf kəndində Afərgilin qışlıqlarından gəlib. Bu kəndlinin özü üçün qışa qoyduğu pendirdir. Keçən il mənə bir balon vermişdi, bu il 2 balon istədim. Təsəvvür edin bir balon pendiri 1 il gözləyirəm. Pomidor almaq üçün yayı gözləyirəm ki, yay gəlsin, pomidor yığaq. Xaçmazın sultan sortu pomidorunun yetişməsini səbirslizliklə gözləyirəm. Mövsümü gözləmək maraqlıdır. Həm mövsümündə yetişən daha dadlı və vitaminli olur”.
- Bütün məhsullar kənddən gəlir?
- Bəli. Unu mağazadan alıram, amma bu gün düşündüm ki, ev dəyirmanı və buğda alıb özüm hazırlaya bilərəm. Yəqin ondan sonra düşünə bilərəm ki, buğdanı bəlkə özüm yetişdirim? Bu prosesin adı qida dəyəri zəncirinin inkişafıdır.
- Böyük restoran deyilsiniz ki, kəndlidən alacağınız məhsulun miqdarı çox olsun. Bu kiçik alış-verişlə hansı faydanı qatırsınız?
- Təbii ki kəndlidən hər şeyi mən ala bilmərəm, amma həm kəndlilərə, həm də gənclərə nümunə ola bilərəm. Onlar da bu tip fəaliyyət göstərə və rifahlarını artıra bilərlər. Mənim məqsədim odur ki, kəndlilərin məhsullarına dəyər verilməsi halı çoxalsın.
- Kəndlilərin məhsuluna dəyər verilməsi ilə nə dəyişə bilər?
- Alıcı kütləvi istehsal məhsuluna öyrəşib deyə, təbii məhsulların qiymətini yüksək görür. Bu müqayisədə isə kəndlinin qışda, palçıqda ərsəyə gətirdiyi məhsula dəyər verilmir. Bu gün sən gedib 1 manat ucuzdur deyə, kimyəvi formada yetişdirilmiş pomidoru alırsansa, kəndlinin rəqabətə dözə bilməyəcəyi kimyəvi və sintetik maddəni dəstəkləyirsən. O maddə dəstəkləndikcə kəndli rəqabəti itirir. Bu zaman kəndli məhsulu ancaq ailəsi üçün istehsal etməyə başlayır. Yəni dəyər verilmədiyini görür deyə, davam etmir. Dəyər versək, o təbii məhsulları qoruyub saxlamaq, bərpa etmək mümkün olar. Sosial sahibkar da bu dəyər zəncirinin davamlı olması üçün çalışır. Zənnimcə, öz məhsullarımıza dəyər verməli, hörmət göstərməli, fəxr etməliyik.
- Yəni gələcəkdə də təbii məhsullarla qidalanmaq istəyiriksə, onları almalı, onları yetişdirənlərə dəyər verməliyik.
- Bilirəm ki, 10 ildən sonra təbii məhsullar yoxa çıxacaq və bu ənənələrin qiyməti birə on artacaq. Restorana gedəcəyik, təbii şəkildə yetişdirilmiş 1 pomidoru 100 manata gətirəcəklər və biz buna sevinəcəyik. Halbuki indidən üstünə düşsək, bu hamı üçün əlçatan olacaq.
“Bizdə 4 nəfər 4 nəfərə yemək bişirir”
- Bu konsepti qurmaqla bağlı kəndlilərə təlim keçirdiniz, amma indi özünüz təcrübə etdiniz. Sizcə, kəndli bu konsepti kənddə qura bilər?
- Bizim ən çox xərc tələb edən tərəfimiz o məhsulları kənddən-kəsəkdən Bakıya gətirməkdir. Bəzən düyünün öz qiymətindən çox onu alıb gətirmək pul aparır. Kənddə yaşayan biri bunu etsə, yol xərci olmayacaq. Sadəcə lazım olan müştəri kontingenti formalaşana qədər davam etməkdir. Biz bu konsepti qurmuşuq və bunu istəyən adamlarla əlaqələrimiz var. Bu müştəriləri rayonlara da yönəldə bilərik. Gələn qonaqlarla söhbət edirəm, 60-70 faizi rayonlarda elə təcrübə olsa, getməyə hazır olduğunu deyir. 20-30 faiz isə uzaq kəndlərdə olsa da getmək istədiyini deyir.
- Yaqub, nə əcəb kənddə yaşamırsınız?
- Yəqin ki nə vaxtsa köçəcəm, amma indi şəhərlə kənd arasında bir növ səfirəm. Kənddəki xatirələrdə bir günəş var, kəndi sevirəm! Amma indi həm kəndlilərə həm də şəhərdəki insanlara bu mövzunun əhəmiyyətini təbliğ etməkdən daha çox zövq alıram.
- Gəlmək istəyib qiyməti eşidəndə “bahadır” deyənlər də var. Qiymət strategiyasından da danışaq.
- Birinci dəfə qonaqlar gələndə fikirləşirdim ki, qiyməti necə təyin edim? 15, yoxsa 20 deyə düşünürdüm. İlk qonaqlarım əcnəbilər idi. Onlardan soruşdum ki, bu xidmətin dəyəri nə qədər olmalıdır? Minimum 75 manat kimi dedilər. Özgüvənin nədirsə, istəyə bildiyin də odur. Onlar 75 desələr də, mən maksimum 30 manat təyin etdim. Evdə bişirirəm, maliyyəsini çox da hesablamırdım. Bir dəfə hesabladım, gördüm ki, ziyana işləyirəm, 50 manat etdim. Sonra gördüm ki, 50 ilə ancaq xərcləri qarşılaya bilirəm. Nə isə xarab olanda, onu düzəldə bilmirəm, pulum qalmır. Sonra başqa restoranlarda gördüm ki, daha keyfiyyətsiz şeyləri daha baha qiymətə satırlar. Mən niyə bunu belə edim? Bizdə 4 nəfər 4 nəfərə yemək bişirir. Heç Fransada bunu etmirlər. Bir mərhələdən sonra qonaqlar özləri də dedilər ki, qiyməti artırmalısan, azdır. Sonra da artırıb 150 etdim. Sonra başa düşdüm ki, belə olanda səyahət edib yeni məhsullar tapa, xaricə gedib təhsilimi təcrübəmi artıra bilmirəm. Beləliklə, hazırda qiymət 1 nəfər üçün 400 manatdır. Qeyd edim ki, bu yemək yox, bir təcrübədir və bu təcrübəni özünə hədiyyə edən insan bu dəyəri özünə verir.
Lakin məqsəd artır, bu startap layihəsini işığa çıxarıb daha əlçatan bir məkan yaratmaqdır.
“İnsanlara sevgimi xidmət ilə göstərməyi sevirəm”
- Əsas qazanc yeriniz buradır?
- Yeganə qazancım burdandır, onu da elə bu sahənin inkişafına xərcləyirəm.
- Qazancınız sizi qane edir?
- Yox (Gülür). Bilirsiniz, qane olub-olmamaq insanın istəklərindən asılıdır. Təbii ki, sadəcə özümü düşünsəm, bir dərdim olmaz, lakin regionların inkişafını düşünəndə bu qazancla ancaq kəndliləri təlimləndirə bilərəm. Orada bir nümunə yaratmağa kifayət etmir. İstəklər çox olanda, qazanc da onunla bərabər olmalıdır. Qazanc çox olmursa, bəzən problem istəklərdə olur. İstəkləri düzəldəndə, xoşbəxt yaşayırsan. Daha çox qazanmaq üçün daha çox qonaq qəbul edə bilərəm. Dayanmadan işləyərəm. Onda da özümü təzyiq altında hiss edəcəm. Mənim işimdə əsas məqsədim nümunə olmaqdır. Mən özümü təzyiq altında saxlasam, başqalarına da bunu ötürəcəm. Bunu isə istəmirəm.
- Qonaqlarınız kimlərdir? Niyə gəlirlər?
- Gəlmə səbəbləri fərqli olur. Daha çox insan üçün rənglər, bu konsept maraqlıdır, bir qismi Bakıda fərqli şəhər sakini ilə tanış olmağa gəlirlər. Təkrar gələnlərin çoxu yeməklərin dadını bəyənənlərdir. Elə insan var ki, mənimlə dostlaşıb, ona görə gəlir. Təbii qida və mənim etdiyim işin mahiyyətini görən adamlar da az deyil. Səbəbindən asılı olmayaraq, mən insanlara sevgimi xidmət ilə göstərməyi sevirəm.
- Qonaq gəlmək istəyiriksə, uzun müddət öncədən qeydiyyatdan keçməliyik. Nə zaman o mərhələyə gəldi ki, uzun müddət öncə qeydiyyatdan keçmək lazımdır?
- Bəzən sevdiyin işi görürsən, amma onu sevmədiyin qədər görə bilirsən. Bizim konsept elədir ki, sən yeməyi seçmirsən, yemək səni seçir və səni sağaldır. Necə ki məhsulların ən gözəlini mövsümdə yeyə bilirik, bu təcrübə də vaxt aparır. Ona görə öncədən qeydiyyat lazımdır. Həftədə bir-iki dəfə qonaq qəbul etməkdən zövq alıram. Çox olanda yoruluram və keyfiyyət itə bilər. Hazırda 2 il gözləmə siyahımız var. Ona görə daha açıq bir məkan açmaq planı qururam.
“İstəyirəm mən etdiyimi edənlər çox olsun”
- Gördüyünüz işin genişlənməsini istəyirsiniz.Bunun üçün nə edirsiniz?
- Biz “Project go” adlı bir platforma yaratmaq istəyirik. Platforma öz sevdiyi fəaliyyəti digər insanlara açmaq istəyənlərlə, o təcrübələri özünə və ya başqasına hədiyyə etmək istəyənləri birləşdirəcək. Burada mikro sahibkarlığın inkişafı, bölgələrdə rifahın artımı, məşqulluğun dayanıqlı şaxələnməsindən söhbət gedir. Biz həmin insanlara bir körpü rolunu oynayacağıq və əldə etdiyimiz gəliri başqa fəaliyyətlərin inkişafına sərf etməyi düşünürük. Bəli, bu da bir sosial sahibkarlıq platforması olacaq.
İnsanlığa faydalı olmaq üçün iqtisadi gücü qazanıb (milyarder olub) sonra onu yönləndirməkdənsə, elə birbaşa enerjini elə paylamaq olar ki, hər kəs bundan bəhrələnsin. Nəinki nəticədən, elə gedişatdan da zövq alsın.
Qısası, məqsədimiz nəticəni yox, cəhdi gəlirə çevirməkdir. Sizə qalan isə cəhd etməkdir. “Project flat” cəhdi həmçinin kiçik bir araşdırma idi və göstərdi ki, bir kəndli öz məhsullarını və onlarla hazırladığı yeməkləri, o yeməklərin ətrafındakı yaşam tərzini insanlarla bölüşsə, əlavə gəlir qazana bilər. Elə gənc var ki, kəndini sevir, sadəcə şərait məsələsinə görə şəhərə gəlir. Elə gənc var ki, şəhərdən kəndə köçmək istəyir, kəndi sevir, amma düşünür ki, kəndə getsəm, necə pul qazanacam?
İstəyirəm mən etdiyimi edənlər çox olsun. Nə qədər çox edən olsa, mənim layihəmə mane olmur. Elədikcə kəndlilərin məhsullarına olan hörmət artmış olur.
Bu biznes yerli məhsulları dəyərləndirib kəndlərdə iqtisadi şaxələnmə yarada, ölkənin ümumdaxili məhsulunu ciddi artırıb ölkə imicinə yüksək təsir edəcək.
Aygün Asimqızı // VALYUTA.AZ
FOTOLAR: Rəşad Mehdiyev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay