BAKU Azərbaycan
8.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8423
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0545
  • 1 İngiltərə funt sterlinqi
    2.1538
37882

Ölkə xaricində yaşamaq qərarı verəndə, bir neçə varianta baxır. Bir neçə ölkəyə gedir, ordakı iş və yaşayış mühitini analiz edir. Sonda həyat yoldaşı və onun üçün ən uyğun ölkənin Almaniya olduğunu düşünür. Ancaq Almaniyada iş həyatına başlamaq bir xeyli çətin olur. 200-ə yaxın şirkətə müraciət edir, bir çoxu cavab vermir, 115 şirkətdən isə “yox” alır. “Çətini başlamaq”dır deyirlər, onda da elə olur, karyerasının davamı uğurlu şəkildə gedir.

Valyuta.az-ın müsahibi “Google”un Almaniya şöbəsində kibertəhlükəsizlik üzrə produkt meneceri olaraq çalışan azərbaycanlı Azər Əliyevdir.

A.Əliyev “Google”un “Youtube”la bağlı departamentində çalışır.

Qeyd edək ki, A.Əliyev 1985-ci ildə Bakıda anadan olub. Orta təhsilini 47 nömrəli məktəbdə alıb. Kompüter elmləri üzrə Bakı Dövlət Universitetində bakalavr, ABŞ-ın İowa Universitetində magistratura oxuyub. Almaniyada “ESMT Berlin”də MBA təhsili alıb.

- Azər bəy, necə mühitdə böyümüsünüz, uşaq vaxtı sizə gələcəkdə kim olmaq aşılanıb?

- 4 yaşım olanda, atam mənə “Dendi” almışdı. 4 yaşımda özüm onu televizora qoşdum. Bundan sonra anam deyib ki, bu uşaq texniki sahəyə gedəcək. Məktəb vaxtı da riyaziyyat və fizikanı daha yaxşı oxuyurdum. Ona görə karyera seçimi ilə bağlı qeyri-müəyyənlik yox idi. Məlum idi ki, 1-ci qrupa gedəcəm. Elə də oldu və bütün karyeram İT ilə bağlı oldu.

 

“Evimizdə televizor yox idi”

 

- 4 yaşınızda özünü göstərən texniki bacarıqlarınızı məktəb dövründə inkişaf etdirdinizmi?

- O qədər də inkişaf etmədi. Çünki bunun üçün bir az pul lazım idi. Mənim 10 yaşım olanda, atam rəhmətə getdi, anam isə pul qazanıb 3 uşaq saxlamalı idi. Ona görə, məktəb vaxtı texniki yöndə hansısa bacarıqlarımı inkişaf etdirə bilmədim, amma çox kitab oxudum. Tarix, ensiklopediya, texniki və s. bir çox mövzuda kitab oxuyurdum. Oxuduqca uşaq yaşlarımdan mənə nəyin maraqlı olduğunu hiss edirdim.

Bir də orta məktəbin son illərində məhləmizdə açılan “Playstation”a gedirdim. Oynamaq yox, oyunların necə işləməsi ilə bağlı məndə çox suallar yaranırdı. O salonda çox vaxt itirdim, amma oyunları, onları oynayarkən keçirilən hisslərə qədər hamısını anladım.

Həm də 15 yaşımda 5 həftəlik proqramla ABŞ-a getmişdim. Bizə göstərdilər ki, ABŞ-da yaşayış, məktəblər necədir? Orda məktəblərin hamısında kompüterlər var idi. “E-mail”in nə olduğunu ilk dəfə orda gördüm. An içində dünyanın o biri başına məktub göndərə bilirsən. Bu, mənə çox maraqlı idi. Düşündüm ki, mən bu sənayedə işləmək, onları öyrənmək istəyirəm.

10-cu sinifdə oxuyanda, tam qərar verdim ki, ən sevdiyim sahə İT-dir, kompüterlərdir. 

- Azər bəy, evdə kitab oxuyan kim idi ki, sizdə də o vərdiş yaranmışdı?

- Evdə təxminən 1200 kitablıq bir kitabxanamız var idi. Atam, anam çox kitab oxuyurdu, mən də gözümü açıb bunu görmüşdüm. Evimizdə televizor yox idi, bu mənim üçün oyuncaq kimi idi. Şənbə-bazar günləri ən azı bir kitab oxuyurdum.

- Kitab oxumaq artıq ehtiyaca çevrilmişdi?

- Ehtiyac yox, maraq deyərdim. Ehtiyac olanda, bir neçə dəfədən sonra davamı gəlməyə bilər, amma maraq olanda, yenə də oxuyursan. Ən çox fantastik janrda oxumağı sevirdim. 

 

“Təhsil müddətində sənə öyrədirlər ki, hər şey mümkündür”

 

- Ana ailəni tək saxlamalı olanda, övladlar daha tez iş həyatına çalışmağa başlayırlar. Sizdə necə oldu?

- Anam mənə deyirdi ki, sən fikrini təhsilinə ver, pul qazanmağa fokuslanma. Ancaq mən universitet təhsilinə başlayan kimi artıq iş də tapdım, çünki anama kömək etməli idim. Sonra İnformasiya Texnologiyaları İnstitutunda, RİSK və BP şirkətlərində işlədim.

- BP-də işlədiyiniz müddətdə magistr təhsili üçün Amerikaya gedib sonra Azərbaycana dönmüsünüz.

- BP-də R.İ.S.K şirkəti ilə bir layihə var idi, mən orda İT dəstək xidmətində işləyirdim. Orda müştərilərlə əlaqə saxlamaq işini mənə həvalə etdilər. Çünki komandadakı yeganə adam idim ki, ingilis dilini bilirdim, ünsiyyət qabiliyyətim yaxşı idi. Bizdə çox yaxşı mühəndislər var idi, amma müştəri ilə ünsiyyətləri o qədər də deyildi. İşim çox yaxşı idi, amma 2008-2009-cu illərdə başa düşdüm ki, texniki biliklərimi daha da artırmalı, daha çox şeylər öyrənməliyəm. O vaxt üçün sahəmlə bağlı ən yaxşı təhsil ala biləcəyim ölkələri maraqlandım və seçimim ABŞ oldu. Magistr təhsili üçün 2 illik ABŞ-da getdim. Təhsil haqqımın yarısını Azərbaycan, yarısını ABŞ dövləti qarşılayırdı.

- Amerikaya sahənizlə bağlı yeni şeylər öyrənmək üçün getmişdiniz. O nəticəni ala bildiniz?

- O təhsildən sonra texniki tərəflərdə müəyyən şeyləri daha yaxşı başa düşməyə başladım. Eyni zamanda sahənlə bağlı təfəkkürünə təsir edə bilirlər. Təhsil müddətində sənə öyrədirlər ki, hər şey mümkündür. Hər şey rahat və açıq ola bilər. Bunu çox gözəl bacarırlar. Yaxud bir dəfə müəllim əlində qutu dərsə girdi. Qutuda “İphone”, “İpad”lar var idi. “İphone” development kursu var idi. Dedi telefonları götürün, semesterin axırı qaytararsınız. Təsəvvür etməzdim ki, müəllim o rahatlıqla telefonu verir, heç bir sənəd almır, imza atdırmır. O müəllim öyrətdiyinin nəzəriyyə olaraq qalmasını, “İphone”u olmayanların belə problem yaşamasını istəmirdi. 

- ABŞ-da təhsil aldıqdan sonra nə əcəb bu ölkədə qalmadınız?

- Birincisi, təhsil vizası ilə getmişim. İkincisi isə, ailəmin yanına qayıtmalı, burda olmalı idim. Üçüncüsü, ABŞ-da işləmək istəmədiyimi düşündüm. Gördüm ki, orda ancaq pul barədə düşünürlər, iş-həyat balansı yoxdur. Soruşdum, dedilər ki, ildə 10 gün məzuniyyət ola bilər. Dedim bağışlayın, mən yaşamaq istəyirəm (Gülür). Ona görə qayıtdım.

 

“Almaniyada iş mühitinə düşmək çox çətin oldu

 

- 2012-ci ildə Azərbaycana qayıdırsınız, amma 2017-ci ildə Almaniyaya köçürsünüz.

- Bəli, qayıdıb BP-də işimə davam etdim. Tətbiq üzrə produkt meneceri kimi davam etdim. 2015-ci ildə Avropa Oyunlarında, sonra da İslam Oyunlarında çalışdım. Başa düşdüm ki, texniki tərəfi bilirəm, amma özümü biznes yönündə inkişaf etdirməliyəm. Bunun üçün MBA oxumaq lazım idi. ABŞ-a qayıtmaq istəmirdim, ikincisi orda təhsil çox baha idi. O vaxtı evləndim. Yoldaşım almanca danışırdı, Almaniyda olmuşdu. Dedi ki, gəl gedək baxaq, bəlkə Almaniya ölkə kimi xoşuna gələr. Gəldik bir dostumuzgildə qaldıq. Gördük ki, burdakı mədəniyyət, sosial struktur, insanlar arası münasibət və s. yoldaşıma və mənə daha uyğun gəlir. Biz Tailanda, Dubaya da getdik, dedik onları da yoxlayaq. Gördük ki, Almaniya bizə daha maraqlı və uyğundur.

- Tailand və Dubay niyə sizə uyğun deyildi?

- Dubay çox maraqlı şəhərdir, amma bizim üçün deyil. Dubayda hava çox istidir və tozludur. Yoldaşımla mənim üçün yaşadığımız mühitdə yaşıllıq çox vacibdir. Dubayda bu da yox idi.

Tailand gözəl yerdir, özünü orda çox rahat hiss edirsən, amma gördüm ki, maraqlı iş tapmaq o ölkədə çətin olacaq.

Almaniya bizə uyğun idi, üstəlik burda təqaüdlü təhsil qazandım.

- Təhsil məsələsini həll etdiniz, bəs Almaniyada iş həyatına necə başladınız?

- Almaniyada iş mühitinə düşmək çox çətin oldu. Almaniyaya gələndə yoldaşım hamilə idi, mən isə təhsil alırdım, yoldaşıma baxırdım və eyni zamanda iş axtarırdım. Fikirləşirdim ki, Almaniyada işi daha rahat tapa bilərəm, amma 115 şirkətdən “yox” aldım. Təxminən 200 yerə müraciət etmişdim, bəzilərindən heç cavab gəlməmişdi.

- 115 “yox”u hansı müdət aralığında aldınız?

- 2-2,5 ayda.

- Yəqin ki əlinizdə maliyyə ilə getmisiniz, bu cəhətdən sıxıntınız olmayıb, ancaq Azərbaycanda yaxşı şirkətlərdə işləyən, tələb olan bir kadrın bu qədər “yox” alması motivasiyasını salmırdı?

- Bəli, ölkə xaricinə köçmək qərarı verəndə, bunun üçün pul yığmağa başlamışdıq. Yoldaşım da stomatoloqdur. 2 ilə yaxın idi ki, ikimiz də pul yığırdıq. Gələndə o pulla gəlmişdik.

İş tapmağa gəlincə, bir neçə dəfə düşündüm ki, deyəsən, geri qayıtmalı olacam. Sonra ancaq iş tapmağa fokuslanırdım. Mən özüm üçün tapacağım işi bir “X” kimi hədəf götürmüşdüm. Hər dəfə “yox” alanda, düşünürdüm ki, o “X”ə bir az da yaxınlaşıram.

 

“Geri qayıtmaq ən pis variant idi”

 

- İş tapacağınızdan əmin idiniz?

- Yox, sadəcə variant yox idi (Gülür). 

- Geri qayıtmaq da bir varinatdır.

- O ən pis varinat idi. Ən pis varinat haqqında düşünmək tez idi. Nəsə etməliyəm kimi düşünürdüm. Hara müraciət etməliyəm? İşi necə tapmalıyam? Hansı strategiyadan istifadə etməliyəm? Bəlkə CV-mi dəyişdirməliyəm? Bəlkə müsahibə cavablarımın üzərində işləməliyəm? Müsahibələrdən keçmək çətin idi. Bir çox şirkətlərdə işə qəbul prosesi 4-5, bəzən 6 mərhələ olurdu. Ona görə proses uzundur və bəzən sən bilmirsən ki, harda səhv etdin? İndi başa düşürəm ki, necə cavab verməliydim ki, məni işə götürsünlər.

- İşə qəbul zamanı Almaniyaya xas yanaşma nələrdir?

- Almaniyada riskləri xoşlamırlar. İstəyirlər ki, götürəcəkləri kadr bu işi başqa şirkətdə görmüş olsun, o işi artıq bilsin. Ona görə, Almaniyada iş təcrübən olmayanda, işə götürməyə risk etmirlər. Eyni zamanda müsahibələrdə suallara spesifik cavab verməyini istəyirlər. Filan işdə filan situasiya oldu, mən onu belə həll etdim, nəticə belə oldu.

- Almaniyanın sizə uyğunluğundan danışaq.

- Almaniya 80 faiz bizə uyğundur. İqlimi yaxşıdır, çox istilik yoxdur. Qışı Bakıdan bir az soyuq olar, amma çox bərbad deyil. Külək yoxdur. Bakıdakı stress burda yoxdur. Siz Bakıda pəncərəni açanda, içəri səs gəlir. Burda pəncərəni açsam, səs gəlməyəcək. Burda səs-küy yoxdur.

- Deyirlər ki, almanlar soyuq təbiətli insanlardır. İş mühitində bunu hiss edirsiniz?

- Azərbaycanla müqayisə etsək, soyuqluq var. Mən çalışdığım şirkətdəkilər isə daha çox müxtəlif ölkələrdən gəliblər və iş mühitində o qədər də soyuqluq yoxdur. Sırf almanlar olan şirkətlərdə elədir. Onların da niyə belə düşündüklərini başa düşürəm.

- Niyə?

- Almanlar deyir ki, işdəyəm, işləyirəm. Onların işdə yoldaşlıq qurması çox vaxt aparır. Düşünür ki, işdəki vaxtımı işə sərf etməliyəm.

- Azərbaycandakı təcrübə ilə Almaniyada işləmək rahat oldu, yoxsa yeni nələrsə öyrənmək lazım gəlirdi?

- Ümumi yanaşsaq, həmişə yeni nələrsə öyrənmək lazım gəlir. Azərbaycandakı şirkət təcrübəm mənə burda işə başlamağa çox köməklik etdi. Mən texniki yöndə edilməsi işlərin mümkünlüyünü menecerlərimə, kolleqalara izah edirdim. Mən nəyi öyrənməliydim? Planları kollektivə və yuxarı vəzifədə olan şəxslərə izah etmək tam fərqlidir. Azərbaycanda belədir ki, qəraverici adama izah edib ondan “hə” aldınızsa, o deməkdir ki, şirkətdəki bütün struktur buna tabedir. Almaniyada isə sən şirkətdə yuxarı vəzifədə olan hər kəsə yaxınlaşmalı, təklifinin mahiyyətini onlara tam izah etməlisən. Onlar da sənin tərəfini tutmalıdırlar. Heç olmasa 80 faiz menecer ona “hə” deməlidir. Bu cəhətdən o ilk işdə özümü çox inkişaf etdirdim.

 

“Maaş artımı üçün iş dəyişməlisən”

 

- Növbəti iş yeriniz “Zalando” olur. 

- Almaniyada işə başlayanda sənə təcrübə kimi 6 ay verilir. 6 aydan sonra işçini işdən qovmaq mümkün deyil. 6 ay bir şirkətdə işləyirsənsə, digər şirkətlərin işəqəbul mütəxəssislərinin diqqətinə gəlirsən. Deməli, yaxşı işçisən, gəl sənə yaxınlaşaq. 6 aydan sonra mənə başqa şirkətlərdən iş təklifi gəlməyə başladı. 1 il idi işləyirdim, gördüm ki, bu şirkətdəki işi öyrənmişəm, daha orda mənim üçün maraqlı nəsə qalmayıb. Dedim başqa şirkətlərə baxım. Avropanın ən böyük onlayn moda pərakəndə satışçısı “Zalando” şirkətinə keçdim. Çox maraqlı şirkət idi, orda 1,5 il işlədim.

- O şirkətdə sizin üçün maraqlı olan nə idi?

- Bizdə elektron ticarət platforması idi. “Zalando” istəyirdi ki, tapdığın həll yolları həm müştərinin işini asanlaşdırsın, həm də şirkətə maliyyə qənaəti imkanı versin. Bunun üçün də müştərilərlə söhbət edirdik, araşdırırdıq. Bu prosesin özü çox maraqlı idi. Məsələn, bir xanım dedi ki, 4 əşya almışam, ayrı-ayrı sifariş vermişəm. 4-cü mərtəbədə yaşayıram, bizim binada lift yoxdur. 4 ayrı poçtalyon ayrı vaxtda çatdırma edib və 4 dəfə o xanım iki körpə uşaqla aşağı düşüb qayıdıb. Biz hesabladıq ki, o vəziyyətlərdə qısa müddət ara ilə olan bağlamaları bir sifariş kimi edirdik və bir dəfə göndərirdik. Müştəri 1 dəfə aşağı düşür, biz isə bir dəfə çatdırma xərci çəkirik. 

- Niyə çox davam etmədiniz o şirkətdə? Heç olmasa 3 il...

- Sonra başqa bir şirkətdən daha yuxarı vəzifə və daha yüksək maaşlı iş təklifi gəldi. Produkt şöbəsinin rəhbəri olacaqdım. Qəbul etdim və ora getdim. Bilirsiniz, Berlində İT sahəsinin adamları 1-1,5 il bir yerdə işləyəndən sonra iş dəyişikliyinə gedirlər. Səbəblər maaş artımına görədir. Burda şirkətlərin maaş artımı ildə 1-2, maksimum 4 faiz olur. Maaş artımı üçün iş dəyişməlisən. Ona görə işi tez-tez dəyişilir.

- Növbəti iş yeriniz “Google” olur, amma ondan öncəki iş həyatınız dövründə paraleldə bir neçə dəfə startap da qurursunuz, onlardan danışaq.

- Almaniyada işləyirdim, amma paraleldə nələrsə etmək istəyirdim. Almaniyada olan İlkin adlı dostumla nələrsə etməyi fikirləşirdik. Bir startapımız bu idi ki, platforma qurduq, “Zalando”da endirimdə olan məhsulları Azərbaycandakı müştərilərə göstərirdik və sifarişlərin çatdırılmasını da edirdik. 7-8 ay sonra gördük ki, getmir. Biz çox yaxşı brendlərin məhsullarını orda təqdim edirdik, amma istənilən halda daha ucuz olan “Trendyol” var idi, ona görə alınmadı.

Sonra başqa bir layihə işlədik. Pandemiyada qapanma dövründə hər kəs evdən işləyirdi. Ofisdə olanda şirkətlər işçilərinə nahar yeməyi verirdilər, indi bu mümkün deyildi. Biz layihəmizlə şirkətlərə təklif edirdik ki, bizim sistem vasitəsilə işçilərinə 20-30 avro ayırır və o işçilər o pulla yemək sifariş edə bilirlər. Tenderə getdik, müqavilə imzalamağa çox az qalmışdı, şirkət bizi blok etdi. Sonra gördük ki, o ideyanı özləri ediblər.

 

Sonra başqa layihə etdik. İşini yaxşı görən işçiyə “sağ ol” deməyin bir forması yoxdur. Ya bir dəfə pizza alarsan, ya da bir il sonra maaşda nəzərə alarsan. Hər dəfə pizza almaq olmur, maaşda artımda o yada düşməyə bilər. Biz belə təklif edirdik ki, rəhbərliklər işçilərə “sağ ol” kimi 20-50 avroluq vauçer göndərirlər. O insan onunla alış-veriş edə bilər. Təəssüf ki o da alınmadı.

- Sizcə, startaplar niyə alınmadı?

- Satışda olmaq üçün mən başqa yerdə işləməli deyildim. Paraleldə aparmaq çox çətin idi. Bir müqavilə imzalamaq üçün 50-100 şirkətlə danışmalısan. O işlər alınmasa da, o təcrübələr mənə “Google”un müsahibəsindən keçməyə köməklik edib. Baxdılar ki, filan işləri etmişəm, bu nüanslar onlar üçün maraqlıdır.

 

“Google”da olan problem heç yerdə həll olmayıb”

 

- “Google” sizi işə dəvət etdi, yoxsa siz özünüz müraciət etdiniz?

- “Linkedin”də mənə mesaj gəldi ki, mən “Google”un işəqəbul mütəxəssisiyəm, sənin profilin çox xoşuma gəldi, bizdə işləmək istəyirsən? Dedim ki, yəqin spam mesajıdır (gülür). E-mail adresini yazdı, baxdım ki sonluq google.com-dur. Dedim deyəsən, odur. Sonra müsahibə başladı və burda işə başladım.

- Azərbaycanda və Almaniyada müxtəlif şirkətlərdə işləmisiniz. “Google”un fərqi nədir?

- Birincisi, “Google” çox böyük şirkətdir, 170 min işçisi var. İkincisi, “Google”dakı problemlərin həlli heç yerdə yoxdur. Sizin işdə nə isə probleminiz olsa, ilk ağlınıza “Google”da axtarmaq gələcək, amma “Google”da olan problem heç yerdə həll olmayıb. Burda işləyənlər problemlərini özü həll etməlidir. Sən o işi bilməyə də bilərsən, amma tez öyrənən olub, həll etməyi bacarmalısan. Burda işləyən hər kəs də bu məsuliyyətini başa düşür. Çox ağıllı, peşəkar mütəxəssislər var, işlərini bilirlər. Onlarla işləmək əladır.

- Almaniyada əvvəlki iş yerlərinizdə 1-1,5 il işləmisiniz. “Google”da da 1 il 4 aydır. İşdən çıxmaq haqqında düşünmürsünüz?

- (Gülür) Hələ ki burdayam. Görürəm ki, şirkətdə öyrənəcəyim şeylər çoxdur. “Google”un özündə də seçim çoxdur. Əgər mən indi işlədiyim şöbədən sıxılsam, şirkətdaxili də öyrənə biləcəyim başqa şöbələrə rahat keçə bilərəm. “Google maps”, “Gmail”, “Google pay”, “Youtube” və s. çox seçim var.

- Siz hazırda “Google”da hansı istiqamətdə işləyirsiniz?

- Mən “Google”da işləsəm də, əsas işim “Youtube”la bağlıdır. “Youtube”da kibertəhlükəsizlik üzrə produkt meneceriyəm. “Youtube” təhlükəsiz yerdir və davamlı belə qalmalıdır. Təhlükəsizliyin təmini üçün texniki tərəfini mühəndislər görürlər, mən müştəri üçün lazımlı olanları da tapıb mühəndislərə təqdim etməliyəm ki, onları işləsinlər. Müştəri istəyi, hüquqşünas rəyi, biznes tərəfi, mühəndislik yönü və s. analiz etmək artıq mənlikdir. Hər tərəfi nəzərə alıb deməliyəm ki, bu həll yolu ən yaxşıdır.

- Azər bəy, hazırkı işiniz xəyalınızda təsəvvür etdiyiniz yerdir?

- Xəyalımdakı deməzdim, çünki iş hərdən çox stressli olur. Hər şey yaxşı olanda, heç kim görmür, amma nə isə pis olanda, hər kəs görür və hər kəs hiss edir. Çünki istifadəçi də çoxdur. Sadəcə mühit və insanlar o stressi azaltmağa çox köməklik edirlər.

Aygün Asimqızı // VALYUTA.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Naxçıvan" Universiteti fəaliyyətini dayandıracaq

İcra başçısının birinci müavini işdən çıxarıldı (FOTO)

İcra başçısının birinci müavini işdən çıxarıldı (FOTO)

Hansı xəstələrə dərmanlar pulsuz verilə bilər? (AÇIQLAMA)

"Maybo" MMC cərimələndi

2026-cı ilə qədər müəllimlərin maaşına yarım milyard manat əlavə oluna bilər

Estoniya Rusiyadan keçən bütün tranzitləri qadağan etməyi təklif edir

Bakıda 10 yeni metro stansiyasının tikintisi planlaşdırılıb

Qızılcaya görə məktəblər bağlanacaqmı? - Nazirdən açıqlama

Qızılcaya görə məktəblər bağlanacaqmı? - Nazirdən açıqlama

Kredit faizləri aşağı düşə bilərmi? VİDEO

Bu şəxslərə şəhadətnamələr müddətsiz veriləcək

Xırdalanda metrostansiya tikilə bilər? - Sədrdən açıqlama

Banklar hərraclarda 1,3 milyard dollar alıblar

Millət vəkili dönərxana sahiblərinə səsləndi: "Əti hardan alırsınız ki?"

İş yerində kamera nəzarəti: Qanuni prosedur, yoxsa şəxsi həyata müdaxilə?

Prezident yol təmirinə 8,1 milyon manat ayırdı

Milli Məclis AA seriyalı avtomobilləri satışa çıxardı

"OBA"-nın marketinq direktoru vəzifəsindən ayrılıb

Ombudsman universitetlərdə dövlət sifarişli yerlərin artırılmasını təklif edib

Reklam gəlirləri Telegram kanal sahibləri ilə paylaşılacaq – 50-50-yə

Azərbaycanda qidadan zəhərlənmə statistikası gizlədilir

Azərbaycanda bu şirkətdən 5 milyon manata yaxın pul çıxarıldı

Kapital Bank-dan ilk kreditiniz sərfəli olsun ®

Sığorta müddəti bitən avtomobillər nə qədər vaxt sonra cərimə olunur?

Martın ilk günü üçün hava proqnozu

Valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb

Valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb

Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

Nazir: Gənc alimə ev verməkdənsə, elə maaş verək ki, həm ev ala bilsin, həm də motivasiyası olsun

Türkiyədə adambaşına gəlirdə rekord qeydə alındı – SON RƏQƏM

“PAŞA Bank”ın keçmiş sədrinə bankda daha bir vəzifə verilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin