BAKU Azərbaycan
8.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8423
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0545
  • 1 İngiltərə funt sterlinqi
    2.1538
37763

Onun həyatı 30 yaşından sonra başlayıb. Məhz bu yaşdan sonra həm şəxsi biznesini yaradıb pul qazanıb, həm də ailə qurub. 30-dan öncəki həyatı isə cəmiyyətdən gizlənərək, özü ilə təkbətək mübarizəsi ilə keçib. Bu yaşa qədər özünü cəmiyyətə, özünə belə yararsız hiss edib. Fiziki məhdudiyyəti onu mənəvi olaraq da həyatdan qoparıb. Amma bir saatın içində verdiyi qərar bütün həyatını dəyişib. İndi isə özü kimi həyatdan küsənlərin motivasiya mənbəyidir. Müsahibimiz DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı Günel Balayevadır. 

“Məni məktəbdən də etdi, dostlarımdan da...”

Bakıda dünyaya gəlib. Uşaqlıqda topuğunda yaranan şişlə çətin günləri başlayıb: “Ailəm məni müalicə üçün Moskvaya aparıb. Lakin səhv müalicə nəticəsində ayağım inkişafdan qaldı. Üçüncü sinfə qədər ayağımı tam yerə basa bilməsəm də, məktəbə gedib-gələ bilirdim. Amma bunun ardınca aldığım travma bütün həyatımı dəyişdi. Məni məktəbdən də etdi, dostlarımdan da...”

“Bir anda daşların altında qaldım”

Günel qardaşı ilə həyətdə oynayarkən qonşunun daş hasarı onun üzərinə aşıb. Ən böyük zərbə isə ona çətinlik yaradan ayağına dəyib. O, bunu qismət adlandırır: “Bir anda daşların altında qaldım. Qəribəsi odur ki, sanki bütün daşlar həmin ayağımın üzərinə düşmüşdü. O gündən sonra həmin ayağımı bir də hərəkət etdirə bilmədim. 16 yaşımda həkimlər amputasiya etdirməyi məsləhət gördülər. Lakin razılaşmadım. Fəaliyyəti olmasa da, ayağımdan imtina etmək, kəsdirmək mənim üçün ağır qərar idi. On il evdə, bütün cəmiyyətdən bağımı qopararaq tək ayaqla yaşadım. Nə çəlikdən istifadə etdim, nə də arabadan”. 

“Cəmiyyətə qaynayıb-qarışmaqdan çəkinirdim”

Günel deyir ki, onu cəmiyyətdən təcrid edən və ən çox incidən söz “aman Allah, nə gözəl qızdır, heyif ki, ayağı yoxdur” ifadələri olub: “Əslində, ailəm mənə həmişə dəstək olub. Heç vaxt zəif insan kimi baxmayıb. Onların yazıq baxışlarını da hiss etməmişəm. Amma özüm çox utanırdım. Elə bilirdim ki, çölə çıxsam, hamı mənə aciz, yazıq kimi baxacaq. Cəmiyyətə qaynayıb-qarışmaqdan çəkinirdim. Çünki qonşulardan, ətrafdan özüm haqqında daim eşidirdim. Məni ən çox incidən, bəlkə də insanlardan küsdürən söz “aman Allah, nə gözəl qızdır, heyif ki, ayağı yoxdur” idi. Ailəm dəstək olsa da, belə ifadələr, sözlər mənə əngəl olurdu. İki bacı, iki qardaşıq. Onlar həmişə yanımda olub. Evin içində on il tək ayaqla gəzəndə də, onlar mənə kömək edirdilər”.

“Gedək ayağımı kəsdirək” dedim”

On il sonra 26 yaşında Günelin atası “bəlkə tibb inkişaf edib, bəlkə çarəsi var” ehtimalı ilə yenidən xəstəxanaya üz tutur. Nəticəsi məlum olmayan, ağır və kifayət qədər baha olan müalicə metodu var idi. Lakin Günel fiziki cəhətdən bu əzabı qaldıra bilməyəcəyini düşünür və bir saatda amputasiya qərarını verir: “Həkim dedi ki, bunun əməliyyatı var, amma nəticəsi dəqiq deyil. Üstəlik, sağalmaq ehtimalı üçün 10-a yaxın əməliyyata ehtiyac var idi. Maddi baxımdan ailəm çətinliklə olsa da, təmin edəcəkdi. Amma buna mənəvi gücüm yox idi. Atam xərçəng xəstəsi idi. Mənə görə çox kədərlənirdi. Bir anda ayağımın amputasiya olunmasına qərar verdim. Xəstəxanadan evə qayıtdıq və səhəri gün atama sevinclə gedək ayağımı kəsdirək dedim”.

Mənim üçün dəhşətli görünən o qərar xilaskarım imiş...”

Həmsöhbətimiz ailəsinin üzülməməsi üçün on il ona dəhşətli gələn qərarı verir. Amma bu qərar sözün əsl mənasında sehrli çubuq kimi həyatına toxunur və gözəlləşdirir. O, 26 yaşında həyatını dəyişən protezi ilə tanış olur: “Hər şərdə xeyir var, deyirlər. Mənim üçün dəhşətli görünən o qərar, xilaskarım imiş. Protezimi ilk gündən sevməyə başladım. Hətta həkimlər “ayağımı” ilk dəfə gətirəndə, məni güldürmək üçün “dırnaq”larına lak da çəkmişdilər. Protezlə ilk tanışlığım belə pozitiv olmuşdu. Protezimə alışdıqdan sonra Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə müraciət etdim. Orada peşə öyrənməyə başladım. Həm xəyalım olan dərzilik qabiliyyətimi inkişaf etdirdim, həm də muncuqdan müxtəlif aksesuarlar, təsbeh düzəltməyi öyrəndim. İndi əl işlərimi düzəldib satıram, sərgilərdə iştirak edirəm. Ayağımı amputasiya etdirdikdən sonra nəinki evdən çıxdım, ailə də qurdum, karyera da”.

“Məhdudiyyət ayaqda, əldə yox, insanın beynində olur

Günel ilk dəfə heç kimin köməyi olmadan sözügedən mərkəzə yollanır: “Buraya gəldikdən sonra anladım ki, utanmalı heç nə yox imiş. Heç cəmiyyət də məni təsəvvür etdiyim kimi pis qarşılamadı. Orada başa düşdüm ki, məhdudiyyət ayaqda, əldə yox, insanın beynində olur. Kaş uşaqlıqdan özümə qapanmaz, peşə öyrənərdim. Amma mən həyatımda dönüşü 30 yaşımda etdim. Buradan sonra gəlinlik dükanında işləməyə başladım”.

O, həyat yoldaşı ilə də elə gəlinlik dükanında işləyərkən tanış olub: “Həyat yoldaşım bizim dükanın yanındakı ofisdə işləyirdi. İş yoldaşlarım məndən xəbərsiz şəkillərimi göndərib, hətta görüş vaxtını da təyin etmişdilər. Mənə məlumat verdiklərində etirazımı bildirdim. Həyatımda ilk dəfə idi ki, tanımadığım insanla görüşəcəkdim. Mən heç vaxt ailə qurmaq istəməmişəm, ümumiyyətlə, ailə qurmaqla bağlı arzularım belə olmayıb. Çünki bacarmayacağımı düşünürdüm. Düşünürdüm ki, həyat yoldaşım mənə məhdudiyyətimlə bağlı söz desə, böyük zərbə alaram”.

“Anladım ki, sevgi əngəl tanımır...”

Güneli ən çox qorxudan isə ona elçi düşən indiki həyat yoldaşının fiziki məhdudiyyətinin olmaması idi: “Özüm kimi olsa idi, bəlkə bu qədər qorxmazdım. Amma fiziki məhdudiyyəti olmayan insanla ailə qurmaq mənim üçün mümkünsüz idi. Görüşdüm, yenə qorxularım mənə qalib gəldi, razılaşmadım. Daha sonra ad günümdə mənə sürpriz etdi və inandırdı”. 

“Səni necə inandırdı, qorxularına necə qalib gəldi” sualına isə Günel belə cavab verir: “Ona hər dəfə “mən beləyəm” ifadəsini işlədirdim. Həyat yoldaşım isə mənə “mən beləyəm”in altında nə olduğunu soruşurdu. Deyirdi ki, o qədər insan var ki, sənin gözündə sağlamdır, amma düşüncələri, təfəkkürü xəstədir. Mən onunla hər şeyi açıq danışdım. Ən böyük narahatçılığım protezimi çıxaranda pis olması, məndən utanması idi. O mənə izah etdi ki, bu hadisə mənim də başıma gələr, ayağım kəsilə bilər. Hətta mənə dedi ki, “bu səni narahat edirsə, mən də ayağımı kəsim, bərabər olaq”. Bu sözdən sonra ona güvəndim. Yaxşı ki də güvəndim. O zaman anladım ki, sevgi əngəl tanımır. Ona inandım və razılaşdım, indi beş yaşında qızımız var”.

Amma həyat yoldaşının fiziki məhdudiyyətinin olmaması, Güneli sevməsi onun ailəsini də narahat edib: “Yoldaşımın ailəsi yaxşı qarşılaşdı. Amma dayılarım razı deyildi. Narahat idilər ki, məni aldadarlar. Çünki onlar da məhdudiyyətimin olduğu halda sağlam birinin məni həqiqətən sevə biləcəyinə inanmırdılar. Atam rəhmətə getdiyi üçün mənə dayılarım atalıq edirdi. Dayıma “sən mənim böyüyümsən, necə istəyirsən, elə olsun” demişdim. Sonra dayım da yoldaşımla görüşüb, ona inanmışdı. Dayım “xoşbəxt ol, qızım” dedi, indi şükürlər olsun ki, xoşbəxtəm”.

“Daxilimdə xoşbəxt olmamaq qorxusu var idi”

Günel hətta gəlinliyini də özü tikib: “Ailə quran ərəfədə dərzi sexində işləyirdim. Düşündüm ki, gəlinlik libasımı özüm tikə bilərəm. Hər kəsə dəbli gəlinlik tikirdim, özümə tam sadə etdim. Çox gözəl də alınmışdı”.

Sadə tikməsinin altında yatan hiss xoşbəxt olmamaq qorxusu olub: “Özümlə bağlı gəlinlik ideyam yox idi. Çünki o ana qədər toyumun olacağını düşünmürdüm. Düzdür, arzum var idi ki, gəlinlik dükanı açım, hamını geyindirim. Amma öz toyumu heç vaxt düşünməmişdim. Daxilimdə xoşbəxt olmamaq qorxusu var idi. Ona görə də sadə geyimi seçdim. Əslində, bu yola çıxanda hər şeyə hazır idim. Alınmasa idi də pis olmayacaqdım. Çünki həyatda mübarizəyə öyrənmişdim və heç nədən qorxmurdum. Amma düşündüyüm kimi olmadı. Həyat yoldaşım mənə çox dəstək oldu. Mənə deyirdi ki, birdən iş görərkən nəyisə etməyi bacarmasan günahı ayağının olmamasında görmə. Hamımız nələrisə bacarmaya bilərik, bu, tək sənə məxsus deyil. Onun fikirləri məni həyata bağladı”.

“Uşaq niyə anasının əlinin, qolunun olmamasından utanmalıdır ki...”

Günelin ailə qurmaq planının olmaması da ətrafında səsləndirilən fikirlərə görə olub: “Kənardan həmişə mənə deyirdilər ki, ailə qurma. Hətta indi də “fiziki məhdudiyyətli olanlara uşaq lazım deyil” fikirləri ilə rastlaşıram. Bu fikirlərə inansaq, sabah uşaqlarımız bizdən utanacaq. Belə düşüncələr o qədər şüurumuza yeridilib ki, məhdudiyyətli insanların əksəriyyəti ailə qurmağı özünə yaraşdırmır, özünü ailə qurmaq, valideyn olmaq arzusundan kənarlaşdırır. Əsasən də qadınlar. Uşaq niyə anasının əlinin, qolunun olmamasından utanmalıdır ki... Mənim çətinliyim olmadı. Qızımı da hamı kimi böyüdürəm və məndən utanmır. Bəzən protezimi gətirir ki, ana, dur geyinək. Mənə kömək etməyə çalışır”.

Günel özü kimi düşünən həmcinslərinə də səslənir: “İstər məhdudiyyətli, istər məhdudiyyətsiz, insanın qarşısına onu anlayan insan çıxdıqda, hər şey qaydasında gedir. Əgər mənim kimi özlərini evə qapadan xanımlar varsa, elə indi həyatlarını dəyişsinlər. Bizim üçün dövlət tərəfindən kifayət qədər şərait yaradılıb. Həyata, cəmiyyətə addım atmalıyıq ki, onlar da bizə qucaq açsınlar. Düzdür, pis insanlar da var, amma yaxşılar daha çoxdur”. 

Bir protez həyatımı belə dəyişdi

Günel hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində xalça, eskiz və vitraj istiqamətində təlimlərə qoşulub: “Bu mərkəz məni daha da inkişaf etdirdi. Həmçinin dərzilik fəaliyyətimi də inkişaf etdirirəm. Burada özümü daha da sərbəst ifadə edə bilirəm. Hamımız sənət öyrənirik. Ən böyük uğurlarımdan biri ötən il “Dubay Ekspo 2020” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonda ölkəmi, eyni zamanda mərkəzimizi təmsil etməyim idi. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi sayəsində həyatımda ilk dəfə xarici ölkəyə səfər etdim. Həmçinin respublika üzrə sərgilərdə iştirak edirəm. Təsəvvür edin, 30 yaşına kimi evdən çıxmayan qız indi ölkə xaricində və daxilində əl işlərini nümayiş etdirir. Bir protez həyatımı belə dəyişdi”.

Kaspi qəzeti// Aygün ƏZİZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Mülkiyyətləri tanınmır, Bakıda qeydiyyata düşə bilmirlər"

Xarici valyutada verilən kreditlərin kəskin artmasının səbəbi nədir?

"Naxçıvan" Universiteti fəaliyyətini dayandıracaq

İcra başçısının birinci müavini işdən çıxarıldı (FOTO)

İcra başçısının birinci müavini işdən çıxarıldı (FOTO)

Hansı xəstələrə dərmanlar pulsuz verilə bilər? (AÇIQLAMA)

"Maybo" MMC cərimələndi

2026-cı ilə qədər müəllimlərin maaşına yarım milyard manat əlavə oluna bilər

Estoniya Rusiyadan keçən bütün tranzitləri qadağan etməyi təklif edir

Bakıda 10 yeni metro stansiyasının tikintisi planlaşdırılıb

Qızılcaya görə məktəblər bağlanacaqmı? - Nazirdən açıqlama

Qızılcaya görə məktəblər bağlanacaqmı? - Nazirdən açıqlama

Kredit faizləri aşağı düşə bilərmi? VİDEO

Bu şəxslərə şəhadətnamələr müddətsiz veriləcək

Xırdalanda metrostansiya tikilə bilər? - Sədrdən açıqlama

Banklar hərraclarda 1,3 milyard dollar alıblar

Millət vəkili dönərxana sahiblərinə səsləndi: "Əti hardan alırsınız ki?"

İş yerində kamera nəzarəti: Qanuni prosedur, yoxsa şəxsi həyata müdaxilə?

Prezident yol təmirinə 8,1 milyon manat ayırdı

Milli Məclis AA seriyalı avtomobilləri satışa çıxardı

"OBA"-nın marketinq direktoru vəzifəsindən ayrılıb

Ombudsman universitetlərdə dövlət sifarişli yerlərin artırılmasını təklif edib

Reklam gəlirləri Telegram kanal sahibləri ilə paylaşılacaq – 50-50-yə

Azərbaycanda qidadan zəhərlənmə statistikası gizlədilir

Azərbaycanda bu şirkətdən 5 milyon manata yaxın pul çıxarıldı

Kapital Bank-dan ilk kreditiniz sərfəli olsun ®

Sığorta müddəti bitən avtomobillər nə qədər vaxt sonra cərimə olunur?

Martın ilk günü üçün hava proqnozu

Valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb

Valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb

Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

Nazir: Gənc alimə ev verməkdənsə, elə maaş verək ki, həm ev ala bilsin, həm də motivasiyası olsun

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin