Aprelin 1-dən xüsusi karantin rejimi ləğv ediləcək? - Əks halda...
Pandemiya və bununla əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin 2021-ci ildə yumşaldılması səbəbindən dünyanın əksər ölkəsində, o cümlədən Azərbaycanda iqtisadi artımın olacağı proqnozlaşdırılır. Dünya bankının və Azərbaycan hökumətinin proqnozlarına əsasən bu il ölkəmizdə iqtisadi artım 3-5 faiz səviyyəsində olmalıdır.
Amma 2021-ci ilin yanvar-fevral aylarına dair açıqlanan məlumatlar göstərir ki, ölkə iqtisadiyyatında artım əlamətləri yoxdur.
Valyuta.az Sfera.az-a istinadən bildirir ki, ilk 2 ayda ötən ilin eyni dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 3,2 faiz azalıb. Azalma sürəti yanvar ayına nisbətən bir qədər də güclənib. Yanvarda ÜDM istehsalında azalma 2,5 faiz olmuşdu.
Bu ilin ilk iki ayında ÜDM istehsalında azalma neft-qaz sektoru üzrə 7,5 faiz, qeyri neft-qaz sektoru üzrə 0,4 faiz olub. Yanvarda neft-qaz sektorunda 6,2 faiz azalma olsa da qeyri neft-qaz sektorunda 0,1 faiz artım qeydə alınmışdı.
Bəs, bu il ÜDM istehsalında azalma hansı dövrə qədər davam edəcək?
Qeyd edək ki, ÜDM istehsalındakı artım və ya azalma müqayisəli göstəricilərlə müəyyənləşdirilir. 2021-ci ildə ÜDM istehsalında azalma ona görə baş verib ki, bu ilin yanvar-fevral ayları ərzində xüsusi karantin rejimi qüvvədə olub, müqayisə edilən 2020-ci ilin yanvar-fevral dövrlərində isə karantin olmayıb.
Bu il yanvarın 18-nə qədər sərt karantin rejimi tətbiq edilib, insanlar evdən SMS icazə vasitəsilə çıxa bilib, ərzaq, dərman, tikinti materialları satışı mağazaları istisna olmaqla ticarət müəssisələrinin fəaliyyəti dayandırılıb, ictimai iaşə müəssisələrinin heç biri işləməyib, şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərməyib. Sonrakı günlərdə sərt karatin qaydaları yumşaldılsa da xüsusi karantin rejimi dəyişməyib. Hələ də ictimai iaşə müəssisələrinin bəziləri (şadlıq evləri, mərasim zalları) işləmir, xaricə və Azərbaycana səfərlər məhdudlaşdırılıb, şənbə-bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmir.
Müqayisə edilən 2020-ci ilin yanvar-fevral dövründə isə vəziyyət tam əksinə olub.
Həmin dövrdə hər hansı bir məhdudlaşdırıcı tədbir görülməyib, iqtisadi aktivlik yüksək səviyyədə olub, əhalinin pul və digər gəlirləri artıb, xarici turizm fəaliyyəti geniş olub, banklar kredit qoyuluşunu artırıb, iqtisadiyyata daha çox sərmayə qoyulub. Buna görə də ötən ilin yanvar-fevralında ÜDM istehsalı 2,8 faiz, o cümlədən qeyri neft-qaz sektorunda 6,7 faiz artıb.
2020-ci ilin ilk 2 ayında iqtisadiyyatın bütün sahələrində iqtisadi artıma nail olunsa da, bu il yalnız qeyri neft-qaz sənayesində və kənd təsərrüfatında artım baş verib.
Xatırladaq ki, 2020-ci ildə xüsusi karantin rejiminin tətbiqinə mart ayından başlanılıb. Fevralın 28-də koronavirusa ilk yoluxma qeydə alınıb və martın 24-də karantin rejiminin tətbiqinə start verilib. Bu səbəbdən 2020-ci ilin yanvar-mart dövründə də iqtisadi artım təmin edilib. Ötən ilin birinci rübündə ÜDM istehsalı 1,1 faiz artıb. Ancaq yanvar-aprel dövründən iqtisadiyyatda artım dayanıb (0,2 faiz artım baş verib), yanvar-mayda 1,7 faiz geriləmə, yanvar-iyunda 2,7 faiz geriləmə, yanvar-sentyabrda 3,9 faiz geriləmə, ilin yekununda isə 4,3 faiz geriləmə olub.
Ötənilki vəziyyətlə builki vəziyyətin müqayisəsi göstərir ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında böyümə ehtimalı ən tezi yanvar-apreldə baş verəcək. Böyük ehtimalla yanvar-martda da ÜDM istehsalı azalacaq, çünki ötən il karantin martın sonundan tətbiq edilib, bu il isə həmin dövrdə də karantin qüvvədə qalacaq.
2021-ci ildə karantinin aprelin 1-dən aradan qalxacağını güman etsək, o halda ÜDM istehsalında yanvar-apreldə azalma minimuma düşə bilər. Bunun üçün aprelin 1-dən sonra xüsusi karantin rejimi ləğv edilməlidir və əsas kapitala sərmayə qoyuluşu artırılmalıdır. Əks halda bu il yanvar-apreldə, hətta yanvar-mayda iqtisadi artım olmayacaq. İqtisadi artımı ən tezi yanvar-iyun və ya ilin ikinci yarısında görəcəyik.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay