İqtisadiyyatımızın kiçik və böyük problemləri - Həllinə hardan başlayaq?
"Hazırda Azərbaycan iqtisadiyyatının inkişafı üçün həll edilməsi vacib olan bir çox problemi var".
Valyuta.Az xəbər verir ki, bunu iqtisadçı Rauf Qarayev regionların sosial-iqtisadi inkişafına təsir edən ölkə iqtisadiyyatında olan problemlər və onların həlli istiqamətində görülən işlər haqqında danışarkən deyib.
Ekspert deyib ki, iqtisadiyyat sahəsi ilə ciddi məşğul olmaq lazımdır:
"Çünki qtisadiyyat tək hər hansı bir zavodun, fabrikin fəaliyyəti deyil, kompleks şəkildə fəaliyyətin bir növüdür".
Rauf Qarayev hesab edir ki, iqtisadiyyat çox geniş sahədir və burda bir çox çətinliklərin müxtəlif olma səbəbləri var:
"Birincisi, Azərbaycanda iqtisadi institutlar tam olaraq fəaliyyət göstərmir. Hər hansı iqtisadi qərarın verilməsilə bağlı problemlər mütləq şəkildə çözülməlidir. Məsələn, mən özüm bir iqtisadçı kimi tez-tez sosial şəbəkələrdə müxtəlif məsələlərlə bağlı sorğular keçirirəm. Lakin dövlət qurumları tərəfindən iqtisadi problemləri müəyyən etmək üçün tez-tez əhali arasında da şəffaf, hər hansı maraqlara xidmət etməyən sorğular keçirilməlidir. Sorğular kimlər arasında keçirilir, burda hansı kateqoriyadan olan insanlar iştirak edir, harada işləyir və s. məsələlər mütləq şəffaf şəkildə qeyd edilməldir.
Daha sonra sorğudan çıxan nəticələri araşdırıb bununla bağlı həm də ictimaiyyətə məlumat vermək lazımdır. Lakin təəssüflə qeyd etməliyəm ki, bu sorğularda ancaq müsbət məsələlər qeyd olunur, formal xarakter daşıyır, narahat doğuracaq səbəblər üzə çıxarılaraq araşdırılmır və təhlillər aparılmır. Bəzən isə son nəticələr haqqında da məlumat verilmir. Bu isə problemlərin həllinə yox, daha da böyüməsinə səbəb olur".
Rauf Qarayev qeyd edib ki, iqtisadiyyatdakı problemlərlə bağlı birtərəfli yanaşma olmamalıdır:
"Qurumlar və bu sahənin ekspertləri birgə fəaliyyə göstərməlidir. İqtisadçılarla problemli istiqamətdə təhlil aparılmalı və problemin həlli üçün görüləcək işlər müəyyənləşdirilməlidir".
Ekspertin sözlərinə görə, iqtisadiyyatımızın böyük problemlərindən biri arxayınçılıqdır:
"İqtisadiyyatımız hazırda təbii sərvətlərimizdən gələn gəlirlər əsasında qurulub. Lakin biz sabah bu sərvətlər olmadığı halda hansı çətinliklərlə qarşılaşa biləcəyimizi indidən düşünməliyik. Doğrudur, hazırda müxtəlif sahələrin inkişafı ilə bağlı addımlar atılır. Lakin ölkədə turizm, yüngül sənaye və s. kimi sahələri inkişaf etdirmək lazımdır. Bütün məsələlər kompleks şəkildə həll olunmadıqca, açılan kiçik zavod və fabriklər iqtisadiyyatın inkişafı üçün effekt verməyəcək. Bundan başqa, hazırda hərbi sənayenin inkişafı istiqamətində addımlar atılır. Hesab edirəm ki, bu da çıxış yollarından biridir, lakin daha da inkişafı üçün illər lazımdır".
Rauf Qarayev vurğulayıb ki, iqtisadiyyatın inkişafı bütün sahələrin bir-biri ilə qarşılıqlı əlaqə prinsipi ilə fəaliyyət göstərməsi əsasında mümkün olar:
"İqtisadiyyatın inkişafı ilə bağlı tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Bu inkişaf gedərkən isə əsasən insan resurslarına diqqət yetirlməlidir. Bu sahədə insan resursları və onların özünü inkişaf etdirməsi də önəmlidir. Müasir sürətli inkişafla əlaqəli olaraq insan bir sahəni yox, bir neçə sahəni bilməlidir ki, ona uyğun olan işdə uğur qazana bilsin. Məsələn, mən təklif etmişəm ki, insanlar ali təhsillə yanaşı, hansısa bir sənəti öyrənməlidir. Müasir dövrdə işsiz qalmaq çox asandır. Amma bu vəziyyətdə hansısa bir sənəti bilmək insanı maddi problemlərdən qismən də olsa, uzaqlaşdıra bilər. Çünki tək təhsilin yüksək olması, bir sahə üzrə inkişaf hər hansı bir çətinlikdə insanın əlindən tuta bilmir. İqtisadiyyatın inkişafı üçün bu sahə ilə məşğul olan ekspertlərin zaman-zaman problemlərlə bağlı mətbuatda səsləndirdiyi fikirlər eşitməməzlikdən gəlinməməlidir. Hansısa bir sahənin problemləri, inkişafı ilə bağlı səsləndirilən fikirlər diqqətə alınmalıdır. Sanki problemlər sadəcə yazılarda qalmaq üçün deyilir, lakin bu sahə ilə məşğul olan şəxslər həmin problemlərə diqqət etsələr, bu da öz faydasını verər. "Hansı sahə üzrə daha çox uğur əldə oluna bilər" sualına ilk olaraq cavab tapılmalı, bu sahənin inkişafı ilə bağlı işlər görülməlidir. Bütün bu istiqmətdə görülən kompleks işlər bizi mövcud problemlərdən də uzaqlaşdıra bilər".
Problemlərin həlli yolları haqqında da danışan həmsöhbətimiz qeyd edib ki, ilk növbədə dövlət qurumlarının səalhiyyətlərində olan məsələlərə təsir imkanlarının olmasına diqqət yetirmək lazımdır:
"Məsələn, müəyyən sahədə baş verən süni qiymət artımının qarşısının alınması üçün onların həmin problemlərin həlli ilə bağlı təsir gücünə malik ola bilməsi vacibdir. Monopoloya, insan faktoru ilə bağlı məsələlər qanunvericiliklə öz həllini taparsa, yazılmış qanunlar öz effektivliyini lazımı dərəcədə verərsə, bu halda problemlər müəyyən qədər həll olunar. Heç bir təşkilat formal xarakter daşımamalıdır, onlar əllərindəki resurslardan tam istifadə etməlidir".
Rauf Qarayev qeyd edib ki, təkcə qanunvericiliyin dəyişməsi problemlərin tək həlli yolu deyil:
"Məsələnin həlli yollu qanunvericiliyə uyğun problemləri həll etməkdir. Çünki problemin həll mexanizmi yoxdursa, qanunvericilkdə nə yazılmasından asılı olmayaraq, həmin qanunvericilik yalnız kağız üzərində mövcuddur deməkdir. Əlavə olaraq qeyd etməliyəm ki, iqtisadiyyatda olan problemləri aradan qaldırmaq üçün rəqabət mühitinin yaradılması və rəqabətə dözümlü, Rəqabət Məcəlləsində deyilən məsələlərin həlli, monopoliyanın tüğyan etməsinin qarşısını almaq, insanlara öz gəlirlərini tam sərbəst formalaşdırmağa şərait yaratmaq və çətinlik olarkən problemlərin həlli istiqamətində işlər görülməlidir. Hesab edirəm ki, bu sahə ilə bağlı kiçik də olsa, problemlər öz həllini tapsa, müəyyən qədər irəliləyiş əldə edə bilərik".
© Qaynarinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay