Qazanmaq üçün pulu haraya yatırmalıyıq?
Pulu qazanmaq asandır, xərcləmək çətin.
Bu fikiri tez-tez eşidirik.
Əsas məsələ təkcə pulu xərcləmək deyil, onunla düzgün davranmaq və onu artırmaqdır.
Pulu haraya və necə yatırmaq ən aktual məsələlərdən biridir.
Elə insanlar var ki, onların maddi imkanları olsa da, bizneslə məşğul olmaq vərdişləri yoxdur.
Belə olan halda əldəki sərbəst vəsaiti haraya yerləşdirib yüksək gəlir əldə etmək mümkündür?
Söhbət bütün xərclər ödəndikdən sonra qalan və müəyyən müddət yığılmış vəsaitlərin haraya investisiya edilməsindən gedir.
Kifayət qədər vətəndaş var ki, onların sərbəst vəsaiti yerləşdirmək, investisiya etmək və qazanmaq yolları barədə məlumatı məhdduddur.
Bəzi risklər və təhlükələr də onları bu addımı atmaqdan çəkindirir.
Nəzərə almaq lazımdır ki, pulu harada yerləşdirməklə yanaşı, onun likvidliyini təmin etmək barədə də düşünmək lazımdır.
Yığılmış sərbəst vəsaitin yerləşdirilməsi və investisiya edilməsi üçün bir neçə variant mövcuddur.
Bu variantlar gəlirlilik və risklərə görə fərqlənir.
Pulu “sandıqda saxlamaq”
Bəri başdan deyək ki, pulun yerləşdirilməsində ən pis və təhlükəli variant evdə “sandıqda və ya yastıq alıtında saxlamaq”dır.
Bu zaman pul gəlir qazandırmır, əksinə zaman keçdikcə alıcılıq qabiliyyəti aşağı düşür və dəyərsizləşir.
Məsələn, 5 il əvvəl “sandıqda saxlanılan” pulun alıcılıq qabiliyyəti ilə indiki alıcılıq qabiliyyəti eyni deyil.
Dövlət Statistika Komitəsinin istehlak məhsullarının və məhsulların qiymət indeksi ilə bağlı rəsmi məlumatına əsasən deyə bilərik ki, 2019-cu illə müqayisədə qiymətlər 27 faiz artıb.
Başqa sözlə, 2019-cu ildə 100 manata satılan şərti məhsulun qiyməti 27 faiz artıb və indi azı 127 manat olmalıdır.
“Sandıqda”kı pulun məbləğı isə dəyişməyib.
Deməli, vətəndaş pulu evdə saxladığı ilk gündən artıq itki ilə üzləşir.
Üstəlik pulun oğurlanması, yanğın, təbii fəlakət kimi riskləri də nəzərdən qaçırmaq olmaz.
Qızıl və ziynət əşyaları - passiv yatırım
Bəzi adamlar sərbəst vəsaiti qızıl və ziynət əşyalarına yatırmağı üstün tutur.
Hesab edirlər ki, bütün dövrlərin qiymətlisi olan zərgərlik məmulatları hər zaman dəyərlidir, bu məhsullar vəsaitləri inflyasiyadan qoruyur.
Qızıl və ziynət əşyalarına qoyulan vəsait zərgərlik məmulatlarının, xüsusilə dünya bazarında qızılın qiymətinin dəyişməsinə olduqca həssasdır.
2020-ci ildə dünya bazarında qızılın unsiyası 1700 dollar idi.
O vaxtdan indiyədək qiymətlər 50 faizədək bahalaşıb.
Təbii ki, bahalaşma zərgərlik məmulatlarının satış qiymətində də özünü göstərir.
Qızıl alış-verişi ilə məşğul olanlar son 5 ildə qiymətlərin təxminən 40 faiz artdığını bildirirlər.
Bu sahə cəlbedici olsa da, risklərdən sığortalanmayıb.
Qızıl əşyalar itə və ya oğurlana bilər.
Eyni zamanda həmin yatırımı lazım olanda nağd vəsaitə çevirmək çətindir.
Ya gərək istədiyiniz qiymətə müştəri tapmaq üçün gözləməlisiniz, ya da dəyər-dəyməzinə, “lom” qiymətinə satmalısınız.
Bu zaman isə həmin yatırımın heç bir faydası olmur.
Daşınmaz əmlaka investisiya
Azərbaycanda pulun investisiya edilməsi üzrə formalaşmış əsas düşüncələrdən biri daşınmaz əmlaka yatırım etməkdir.
Daşınmaz əmlaka qoyulan investisiyalar həmişə sabit və yüksək gəlirli hesab edilib.
Burada 2 istiqamətdə gəlir formalaşır.
Həm daşınmaz əmlakın qiyməti artır, həm də vətəndaş kirayə və icarə formasında gəlir əldə edir.
2012-ci ildən indiyədək mənzil bazarında qiymət indeksi demək olar ki, artımla müşahidə olunub.
Dövət Statistika Komitəsinin məlumatına görə, həmin vaxtdan indiyədək mənzillərin qiymət artımı illərdən asılı olaraq 2-10 faiz arasında dəyişib.
Yalnız 2016 və 2020-ci illərdə bu bazarda 1-5 faiz arasında ucuzlaşma qeydə alınıb.
2016-cı ildə ucuzlaşmaya devalvasiya və valyuta bazarında qeyri-sabitlik, 2020-ci ildə isə pandemiya amili səbəb olmuşdu.
Bazar iştirakçıları deyir ki, 5 il əvvəl Yasamal rayonunda köhnə binada 4 otaqlı mənzil 120-130 min manata satılırdısa, bu gün artıq qiymət 170-230 min manat arasında dəyişir.
5 ildə daşınmaz əmlakın qiyməti 50 faizdən çox artıb, ilə orta hesabla 10 faiz artım.
Bundan əlavə daşınmaz əmlak alıb icarəyə verən şəxs bu sahədən də gəlir əldə edib.
Məsələn, 5 il əvvəl 120 min manatlıq ev ayda 300-400 manata kirayə verilirdisə, indi qiymət azı 500 manatdan başlayır.
Deməli, orta hesabla 450 manatdan hesablasaq, vətəndaş 5 ildə təkcə kirayədən 27 min manat qazanıb.
Bu yatırım qeyd etdiyimiz kimi yüksək gəlirli və etibarlı olsa da reallaşdırılıması çətindir.
Yəni, sabah yatırımı nağd pula çevirmək məcburiyyətində qalsanız, istədiyiniz qiymətə satmaq üçün gözləməli olacaqsınız, ya da dəyər-dəyməzinə satacaqsınız.
Əmlakın bir üstünlüyü də onun girov qismində çıxış etməsidir.
Günlərin bir günü sizə 10 min manat lazım olsa, bunun üçün 150 min manatlıq evi real dəyərindən ucuz satmağa ehtiyac yoxdur.
Əmlakı girov qoyub kredit götürə bilərsiniz.
Bank depozitləri - sabit və təhlükəsiz
Bu variant azgəlirli olsa da, ən sabit və təhlükəsiz hesab edilir.
Hələ də insanların düşüncəsində “Vahidbank” sindromu qalsa da, zaman keçdikcə baxışlar dəyişir.
İndi Azərbaycan banklarında qorunan əmanətlərin illik maksimal faiz dərəcəsi manatla 12 faiz, dollar və avroda 2,5 faizdir.
Fazi dərəcələri bankalardan asılı olaraq dəyişir.
Son məlumatlara görə manatla ən yüksək depoziti VTB bank təklif edir.
Vəsait müddətin sonunda götürülsə, ildə 10,5 faiz qazanacaqsınız.
Ən aşağı depozit faizi isə Yapı Kredi Bankdadır – illik 5,5 faiz.
Valyuta ilə depozitlərin faiz dərəcəsi 0,5-2,5 faiz arasında dəyişir.
Misalla izah edək, təxminən 5 il əvvəl illik 10 faizlə milli valyutada qoyulmuş 10 min manat əmanətə toxunmasanız, müddət bitdikdən sonra 16 105 manat götürəcəksiniz. Vəsaitiniz 5 ildə 61 faiz artsa da nəzərə alın ki, alıcılıq qabiliyyəti də aşağı düşüb.
Bank əmanətləri təhlükəsiz və sabit gəlirlidir.
Üstəlik istənilən vaxt “qaynar puldur”.
Bankdan çıxarıb istifadə edə bilərsiniz.
İstiqraz almaq sərfəlidirmi?
İstiqrazlar investisiya alətləri içərisində ən risksiz hesab edilən maliyyə aləti hesab olunur.
İstiqrazları alan müəyyən müddətdə sabit faiz gəliri əldə edir.
Bundan əlavə, investor onu maliyyə bazarında satmaqla gəlirini daha da artıra bilər.
İstiqrazlara qoyulmuş vəsaitin gəlirliliyi depozitlərdə olduğu kimidir.
Hazırda SOCAR, "Azərgold" kimi dövlət şirkətləri, banklar və bir sıra özəl şirkətlər istiqraz buraxır.
Məsələn nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazları illik 4.5% gəlirliliklə, 5 illik müddətə buraxılıb.
“Azergold”un 100 dollar dəyərində olan istiqrazı illik 6 faiz gəlir vəd edir.
İstiqrazlar üzrə faiz dərəcələri 3 faizdən 15 faiz arasında dəyişir.
Səhm bazarına yatırım
İnkişaf etmiş ölkələrdə ən yaxşı investisiya vasitəsi olan səhmlər yüksək likvidliyə malik investisiya vasitələridir.
Təəssüf ki, Azərbaycanın səhm bazarı lazımi səviyyədə inkişaf etməyib.
Bu baxımdan bu sahəyə yatırım etmək istəyənlər bazarı tanımalı, birjada necə əməliyyatlar aparılmalı olduğunu öyrənməlidirlər.
Özü də bazar mütəmadi olaraq izlənilməli, tendensiyalara diqqət yetirilməlidir.
Təəssüf ki, adi vətəndaşlar bununla bağlı geniş biliyə malik deyillər.
Mütəxəssislər hesab edir ki, səhm bazarında uğursuzluğa düçar olmamaq üçün müxtəlif qiymətli kağızlara yatırım etmək lazımdır.
Qiymətli kağızlardan maksimum gəlir əldə etmək üçün isə səhm alğı-satqısını vaxtında həyata keçirmək lazımdır.
Yatırım edərkən mütəxəssis rəyi vacibdir
Ekspertlər hesab edir ki, investisiya olunan vəsait sərbəst olmalıdır. Kredit və borc hesabına yatırım bir qədər risklidir.
Əgər maliyyə və səhm bazarları barədə anlayışınız yoxdursa, bura investisiya etməyə tələsməyin, araşdırın, sonra addım atın.
Ən əsası, əlavə pulunuz varsa, onun hamısını heç də bir alətə yatırmayın.
Vəsaiti ayrı-ayrı porsiyalarda müxtəlif alətlərdə yerləşdirin.
Məsələn, pulunuzun bir hissəsini əmanətə yerləşdirirsinizsə, bir qismini daşınmaz əmlaka qoyun.
Depozit yerləşdirərkən riski paylaşın, vəsaitləri bir neçə banka yerləşdirməklə riskləri azalda bilərsiniz.
Həm də vəsaitlərin yerləşdirilməsində valyuta paritetini özünüz istədiyiniz kimi müəyyən edə bilərsiniz.
Əlavə pulunuz varsa, dondurulmuş vəziyyətdə saxlamayın, hərəkət etdirin ki, əlavə pul gətirsin.
© Modern.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay