Palata: “Xəzər Dəniz Gəmiçiliyi", "Azər Gold" və digər dövlət şirkətləri 8 ayda büdcəyə dividend ödəməyib
2023-cü ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlərin 200,0 mln. manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, 15,0 mln. manatı "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC, 5,0 mln. manatı "Azər Gold" QSC üzrə nəzərdə tutulub ki, bundan da cari ilin 8 ayı ərzində dövlət büdcəsinə vəsait ödənilməyib.
Valyuta.az-ın məlumatına görə, bu barədə 2024-cü ilin dövlət büdcəsinə rəyində Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2023-cü ilin ötən 8 ayı ərzində 151,1 mln. manat məbləğində vəsait daxil olub ki, bunun da 150,9 mln. manatı "Azərbaycan Beynəlxalq Bankı", 0,2 mln. manatı "Aqrarkredit" BOKT tərəfindən dövlət büdcəsinə ödənilib.
"Azər Türk Bank" tərəfindən dividend ödənişi həyata keçirilməyib: “"Azər Türk Bank"ın xalis mənfəətinin 2021-ci ildə 0,5 mln. manat, 2022-ci ildə 12.1 mln. manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməyib ki, nəticədə 2023-cü il 01 yanvar vəziyyətinə 14.7 mln. manat bölüşdürülməmiş mənfəət mövcud olub”.
“Eyni zamanda aparılan təhlillər dövlət mülkiyyətində olan bəzi digər müəssisələr üzrə də xalis mənfəət əldə edilməsi fonunda dividend ödənişinin həyata keçirilmədiyini göstərir.
Ümumiyyətlə, bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müzakirələr əsasında müvafiq təhlillərin aparılmasını, həmçinin "Azər Türk Bank", "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" və "Azər Gold" tərəfindən dividend ödənişi nəzərdə tutulmasını məqsədəuyğun hesab edirik”- Palatanın rəyində əlavə edilib.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay