Bir ildə 56 milyard dollarlıq sərmayə - Süni intellekt üçün uğurlu il
2024-cü il generativ süni intellekt ("AI") sahəsindəki investisiyaların pik həddə çatdığı bir il oldu və bu sahədəki narahatlıqların əsassız olduğu ortaya çıxdı.
Valyuta.Az "TechCrunch"a istinadla xəbər verir ki, ötən il generativ süni intellektlə bağlı startaplar dünya üzrə 885 razılaşma çərçivəsində ümumilikdə 56 milyard dollar sərmayə cəlb edib. Bu məbləğ 2023-cü ilin nəticələri ilə müqayisədə 192% artımı ifadə edir. Həmin il investorlar 691 razılaşma ilə sektora cəmi 29,1 milyard dollar sərmayə yatırmışdılar.
"PitchBook"un yeni texnologiyalar üzrə analitiki Əli Cavaheri (Ali Javaheri) müsahibəsində bildirib:
"OpenAI", "Anthropic" və "xAI" kimi nəhənglərin böyük maliyyələşdirmələr əldə etməsi və rəqabətə davamlı məhsullar təqdim etməsi generativ süni intellekt maliyyələşdirməsində azalma yaratmır."
2024-cü ilin dördüncü rübündə maliyyə cəlb etmə 31,1 milyard dollara yüksəlib. Bu artıma "Databricks"in 10 milyard dollarlıq "Series J" raundu, "xAI"nin 6 milyard dollarlıq "Series C" raundu, "Anthropic"in "Amazon"dan 4 milyard dollarlıq strateji investisiyası və "OpenAI"nin 6,6 milyard dollarlıq raundu daxil oldu.
Birləşmə və satınalmalar
2024-cü ildə generativ süni intellekt sahəsində birləşmə və satınalmaların ümumi dəyəri 951 milyon dollar olub. Bu məbləğ "Google", "Microsoft" və "Amazon" tərəfindən həyata keçirilən "işçi heyətinin satın alınması" ("acqui-hire") kimi razılaşmaları əhatə etmir. "Google", "Character AI" şirkətinin heyətini işə götürmək və texnologiyasını lisenziyalaşdırmaq üçün 2,7 milyard dollar ödəyib. "Microsoft" isə "Inflection"un "AI" modellərini lisenziyalaşdırmaq və CEO Mustafa Süleymanı (Mustafa Suleyman) işə götürmək üçün 650 milyon dollar xərcləyib.
ABŞ şirkətlərinin üstünlüyü
2024-cü ildə generativ süni intellekt sahəsindəki investisiyaların böyük hissəsi ABŞ şirkətlərinə yönəlib. Bununla belə, ABŞ-dan kənar startaplar da bəzi uğurlar qazanıb:
- Pekin mərkəzli "Moonshot AI" fevral ayında 1 milyard dollar,
- Fransanın "Mistral" iyunda təxminən 640 milyon dollar,
- Almaniyanın Köln şəhərində yerləşən "DeepL" may ayında 300 milyon dollar,
- Şanxayda fəaliyyət göstərən "MiniMax" mart ayında 600 milyon dollar,
- Yaponiyanın "Sakana AI" isə sentyabr ayında təxminən 214 milyon dollar sərmayə cəlb etdi.
2025-ci il üçün proqnozlar
Cavaheri qeyd edir ki, 2025-ci ildə generativ süni intellekt sektoru həddindən artıq oxşar və eyni istiqamətdə çalışan startaplarla doymuş vəziyyətə gələ bilər. Məsələn, ötən il AI kodlaşdırma köməkçiləri hazırlayan ən azı dörd şirkət - "Augment", "Magic", "Codeium" və "Poolside" - hər biri 100 milyon dollardan çox investisiya cəlb edib.
Bundan başqa, "Black Forest Labs" və "ElevenLabs" kimi generativ media startapları yüksək dəyərləndirmələrlə milyonlarla dollar maliyyə əldə edib. Lakin bu trendin davamlı olub-olmayacağı investorların gəlir artımı ilə bağlı gözləntilərinə bağlıdır.
İnfrastruktur təbəqəsinin yüksəlişi
Texniki çətinliklər və rəqabət üçün tələb olunan yüksək hesablama xərcləri, yalnız ən yaxşı maliyyələşdirilən startapların innovativ modelləri inkişaf etdirməsinə imkan yaradır. Cavaheri deyir ki, ən yüksək dəyərləndirmələr infrastruktur təbəqəsində olacaq.
2024-cü ildə bu təbəqədə bəzi uğurlu maliyyələşdirmələr baş tutdu. Məsələn, məlumat mərkəzi startaplarından "Crusoe" dekabr ayında 600 milyon dollar, "Lambda" isə fevral ayında 320 milyon dollar cəlb etdi.
"KKR" investisiya firması bildirir ki, süni intellekti dəstəkləmək üçün məlumat mərkəzlərinə olan tələbatın artması, qlobal xərclərin ildə 250 milyard dollara çatmasına səbəb olacaq.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay