Bakıda görünməmiş olay: “Capital City” vətəndaş yatdığı zaman evini dağıtdı (VİDEO)
“Cəlil Məmmədquluzadə 108” ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına gedən əsas yol tikinti şirkəti tərəfindən zəbt edilib.
Valyuta.az APA TV-yə istinadən xəbər verir ki, burada aparılan yeni bina tikintisi səbəbindən sözügedən binaya gedən Abbas Səhhət küçəsindəki əsas yol hasarlanıb. Nəticədə avtomobillərin keçməsi üçün yol saxlanılmayıb. Hətta vəziyyət o həddə çatıb ki, sakinlər məcburiyyətdən alternativ yol kimi Novruzov qardaşları küçəsindən istifadə edirlər. O da ki saat 17:00-a kimi. Elə ki saat 17:00 oldu, bu yolu da avtomobillər zəbt edir.
Qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli binanın əsas yolu üstə tikilməkdə olunan yeni çoxmərtəbəli yaşayış binası “Capital City” tikinti şirkəti tərəfindən inşa edilir. İnşaat işlərinə də bir aydan çoxdur ki, başlanılıb.
Şikayətçi Oqtay İbayev deyir ki, bizim binada 320 mənzil , təxminən 1500 nəfər sakin, həddindən çox artıq avtomobil var: “Bizim o çıxışımızın, yəni əsas yolumuzun bağlanması bina sakinləri üçün həddindən artıq problemdir. Nəzərə alsaq ki, məktəblər açılır, burdan nə qədər məktəbə gedən uşaqlar var, bu da problem yaradacaq. Hər hansı bir tikinti şirkətinin qeyri-qanuni olaraq binanın əsas çıxış yolunu bağlaması çox xoşagəlməz və qeyri-qanuni haldır”. Kamil Mürsəlov da deyir ki, yeni tikilən bina bizim yolumuzu kəsib və bizim çıxış yolumuz yoxdur: “Bir dənə yol qalıb, ordan da girib-çıxmaq mümkün deyil. Biz öz narazılığımızı müxtəlif dövlət strukturlarına göndərmişik. Hələki məlumat verilməyib, yəqin ki, qısa vaxtda nəticəsi olacaq. Bizim ən böyük problemlərimizdən biri də odur ki, dar küçədə səhər tezdən və axşam tıxaclar olur”.
Sakinlər iddia edir ki, dəfələrlə “Capital City” tikinti şirkətinin baş ofisinə və hazırda tikinti aparılan əraziyə getsələr də müqavimətlə üzləşiblər. Hətta vəziyyət o həddə çatıb ki, çoxmərtəbəli yaşayış binasında bir neçə ay öncə baş verən yanğın zamanı FHN–nin yanğından mühafizə bölməsinin maşınları yol olmadığında əraziyə daxil ola bilməyiblər. Yanğının söndürülməsi üçün məcburiyyətdən əl əməyindən istifadə edilib. Faciə demişkən ərazidə yaşayan sakinlərdən biri deyir ki, yatdığı yerdə gəlib yaşadığı evin altını qazıblar. Nəticədə də evi uçmaq təhlükəsi ilə üzləşib. Məsələ ilə bağlı əvvəlcə tikintinin aparılan əraziyə yolandıq. İçəridə adam olsa da üzümüzə qapını heç kim açmadı. Oradan birbaşa sözügedən tikinti şirkətinin ofisinə getdik. Hazırda rəhbərliyin yerində olmadığını, ofisdə isə cəmi 2 nəfərin olduğunu bildirsələr də, az keçmədi ki, ərazidən uzaqlaşdığımızı zənn edən 3-cü şəxs ofisdən çıxıb sürətli addımlarla avtomobilinə minib, ərazidən uzaqlaşdı. Sonradan həmin şəxsi tapıb məsələyə münasibət öyrəndik. Özünü “Capital Sity”nin rəhbəri kimi təqdim edən şəxs Kamil Məmmədov deyir ki, işlərimiz bütün tikinti qaydalarına uyğun şəkildə aparılır: “Yolun bağlanması ilə bağlı deyə bilərəm ki, yeraltı qarajın tikintisi ilə əlaqədar yolda ağırtonnajlı avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Piyada keçidi isə açıqdır. Yaxın zamanda yol istifadəyə veriləcək. Heç bir xəsarət alan da olmayıb”.
Əməkdaşlar məsələyə münasibət öyrənmək üçün Nəsimi rayon İcra Hakimiyyətinə yollanıb. Amma təəssüf ki, aidiyyəti şəxsləri yerində tapmaq mümkün olmayıb. Ümumiyyətlə bu kimi hallara nəzarət etməli olan qurumlar görünür öz işlərinin öhdəsindən layiqincə gəlməyi bacarmırlar. Ya da nəyinsə müqabilində problemə göz yumurlar. Nəticədə də bu kimi mənzərələr ortaya çıxır ki, sakinlər şikayət edirlər. Ümid edirik ki, sujetimiz yayımlandıqdan sonra sakinlərin problemi həll ediləcək. Bizə də yalnız növbət mərhələdə problemin həll olunmasını işıqlandırmaq qalır. Gözləyək görək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay