BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
32185

9-cu sinifdə oxuyanda, bir layihə vasitəsilə 3 həftəlik Amerikaya gedir. Ölkə və mühiti onda bir “Amerika arzusu” yaradır. 24 yaşında arzusu reallaşır və bu ölkəyə köçür. Söhbət Valyuta.Az-ın növbəti müsahibi, “Green card”la Amerikaya gedən, orada kibertəhlükəsizlik sahəsində bir şirkətdə çalışan azərbaycanlı Toğrul Novruzludan gedir.

Qeyd edək ki, T.Novruzlu ADA Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr təhsili alıb. Getmədən öncə dövlət qurumlarından birində çalışıb.

- Toğrul bəy, Amerikaya ilk gedişiniz orta məktəb vaxtı olub. Amerika ilə bağlı ilk təəssüratınız necə olmuşdu?
- 9-cu sinifdə oxuyanda ABŞ Dövlət Departamentinin dəstəklədiyi, sosial dəyişiklər üçün sosial mediadan istifadəyə dair bir layihəyə qoşuldum. 9-cu sinfi bitirəndə, 2009-cu ilin yayında həmin layihə ilə 3 həftəlik ABŞ-a getdim. O zamana qədər heç bir ölkədə olmamışdım. Azərbaycanda belə çox az gəzmişdim. Amerika səfərim maraqlı keçmişdi. Səfərin çox hissəsi Vermont ştatında keçdi. Vermont ABŞ-ın şimal-şərqində, Kanada ilə sərhəddə gözəl təbiətli ştatdır. Fransız dilindən tərcüməsi də “yaşıl dağ” deməkdir. ABŞ-ın ikinci ən az əhalisi olan bu ştatının ucsuz-bucaqsız dağlıq meşələri, yaylaları vardı. Bu genişlik adama qəribə bir azadlıq hissi verirdi. İlk təəssüratım o oldu.

- Düşündünüz ki...
- Düşündüm ki, ABŞ-a gedib böyük bir azadlığa düşə, özünlə qala, ruhunu, özünü tanıya bilirsən. Bu, Amerikanın verdiyi özəllikdir. Avropanın müxtəlif ölkələrində olmuşam, amma bunu hiss etməmişəm.

“İşin yaxşısı-pisi yoxdur” kimi düşünürlər”

- Bəs Amerika mühitində nələri müşahidə etdiniz? 
- Azərbaycanda hansısa vəzifə sahibi işini itirib sıfırdan başlamalı olsa, hansısa xidmət sektorunda işləməyi qəbul etməz. Etsə də, ətrafın reaksiyası aşağılayıcı olacaq. Deyəcəklər ki, gör kim idin, indi hansı vəziyyətə düşdün? Amerikada belə bir şey yoxdur. Bunu məktəb vaxtı gələndə də başa düşmüşdüm. Bir dəfə bir amerikan ailənin qonağı idik. Özlərinin şirkətləri var idi. Maddi vəziyyətləri əla idi. Ev sahibinin oğlu ilə danışdıq. Dedi Harvardda oxuyur, indi yay tətilindədir və bir restoranda qabyuyan olaraq işləyir. Bizə qəribə gəlsə də, o təəccüblə bizə baxıb dedi ki, burada qeyri-adi nə var? Sonra öyrəndim ki, burada bir çox imkanlı ailələr övladlarının erkən yaşdan əməklə tanış olmaqlarının tərəfdarıdırlar və onlara gənc yaşlardan öz zəhmətləri ilə pul qazanmağı təlqin edirlər. “İşin yaxşısı-pisi yoxdur” kimi düşünürlər. Yeni başlayanda sənə gəlir gətirən işləri seçirsən, sonra hansı yolu seçmək, necə davam etmək səndən asılıdır. Amerikada bir çox insanın təcrübəsində xidmət sektorunda işləmək var. Azərbaycanda isə “ac qal, amma filan işə getmə” yanaşması var.

- Bu gün Amerikada olmağınız deyir ki, elə o ilk səfərdə bir “Amerika arzusu” yaranıb...
- Bəli (Gülür).

- Bakalavr təhsilini Azərbaycanda aldınız, sonra Azərbaycanda iş həyatına başladınız. Karyera ilə bağlı planlar nə idi?
- Planım Azərbaycanda dövlət sektorunda və ya hansısa beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyində işə girmək və bir müddət sonra xaricdə magistr təhsilimi davam etdirmək idi. Yəni tam Azərbaycanda karyera qurmağa fokuslamamışdım. Bir dövlət qurumunda işə başladım. 2 il təqribən orada çalışdım. Sonra “Green card” udub Amerikaya gəldim.

- “Green card”ı ilk cəhdinizdə qazandınız?
- Yox, ikinci cəhddə qazandım.

- Yəni Azərbaycanda işləsəniz də, Amerikaya getmək fikriniz olub...
- 2009-cu ildə Amerikaya gələndən artıq bu ölkədə yaşamaq fikrim yaranmışdı. İkinci dəfə tələbə vaxtı 2014-cü ildə Amerikaya gəlmişdim. Biri var məktəbli vaxtı gedəsən. O yaşda xəyalpərəstlik daha ağır gəlir. Tələbə vaxtı isə artıq hər şeyi daha yaxşı anlayırsınız. O dönəmdə artıq bir daha təsdiqlədim ki, Amerika yaşamaq istədiyim ölkədir. Tələbə vaxtı Avropanın müxtəlif ölkələrində də olmuşdum və müqayisə edirdim. Özümü qabımda hiss etdiyim ölkə ABŞ idi.

- Tələbə vaxtı getməyiniz necə oldu?
- ABŞ dövlət Departamentinin dəstəklədiyi, ABŞ-da dövlət idarəetməsinə dair 5 həftəlik yay məktəbi ilə getmişdim. Amerikanın fərqli ştatlarında olduq. Müxtəlif səviyyələrdə - federal, ştat və yerli səviyyələrdə dövlət qurumları ilə görüşümüz olmuşdu.

“Ya çox böyük məbləğlə gəlməlisiniz, ya da...”

- “Green card” uddunuz, Amerikaya köçdünüz. Ali təhsil aldığınız sahə fərqlidir, bu gün işlədiyiniz sahə fərqli. Amerikada iş həyatınız necə başladı?
- Amerikada imiqrantların çoxuna tanış prosesi keçdim. Amerika imiqrantlara açıq olan ölkələr içərisində dünya üzrə ilk yerlərdə olsa belə, imiqrantların bir çoxunun bacarıqlarının inteqrasiyasında problemlər var. Avstraliyada, Kanadada da bənzər problemlər yaşanır. Bura gələndən sonra bacarıqlarınızı tanıtmaqda əziyyət çəkirsiniz. Amerikanın universitet və kolleclərindən dərəcəniz, yaxud beynəlxalq tanınmış şirkətlərdə iş təcrübəniz varsa, sizi işə daha rahat qəbul edəcəklər. Əks halda isə (az istisna hallar da var) bura gələndə diplom, bacarıqlar, iş təcrübənizi işə götürənlərə tanıtmaqda əziyyət çəkəcəksiniz. İşlərə müraciət etsəniz belə, əksəriyyətindən müsbət cavab ala bilmirsiniz. Ona görə məcbur olursunuz ki, sıfırdan başlayasınız. Ya yeni bacarıqlar qazanmalısınız, ya da öz sahənizdə burada əlavə təhsil, bir dərəcə almalısınız. Bir çox insan üçün də bu zaman alır. Azı 2-3 ilin gedir.

- Siz hansı işlərlə başladınız?
- İlkin müddətdə xidmət sektorunda çalışdım. “Green card” qazanmısınızsa, ya çox böyük məbləğlə gəlməlisiniz ki, təhsil alıb sahəniz üzrə iş tapana qədər xərclərinizi qarşılayasınız, ya da xidmət sektorunda işləyib pulunuzu qazanıb yavaş-yavaş addımlamalınız.

- Siz hansı məbləğlə getmişdiniz?
- Mən az maliyyə ilə gəlmişdim. 1500 dollarla gəlmişdim.

- 1500 dollar nə qədər müddət bəs etdi?
- Az müddət üçün bəs edir. Bunu bildiyim üçün gəldiyim zaman dərhal iş axtarmağa başladım. İlk olaraq sahəm üzrə işlərə baxırdım. Bir müddət sonra anladım ki, ixtisasım üzrə iş axtarmaq mənasızdır. Çünki mənim iş təcrübəm Azərbaycanda, iştirak etdiyim layihələr də Avropada idi. Onlar da burada o qədər tanınmırdı.

- Texnoloji sahədə iş imkanları çox olduğu üçün ABŞ-da İT-yə yönəldiniz?
- Mən Azərbaycanda beynəlxalq münasibətləri oxuyanda bilirdim ki, humanitar yöndəki təhsillə yüksək rifah təmin edən işlər tapmaq bir az çətindir. 2010-cu illərin ortalarında data analitika çox məşhur idi. Mən də o vaxt bir müddət onu araşdırmışdım. Planım data analitika üzrə magistr təhsili almaq idi. Amerikaya gələndən sonra daha çox əmin oldum ki, humanitar və sosial elmlərlə bağlı iş tapmaq çətinliyi təkcə Azərbaycana aid deyil. Amerikada istənilən yöndə iş imkanı çoxdur, amma humanitar istiqamətdə rəqabət də böyükdür. Başqa sahələrlə müqayisədə isə, texniki sahələrdə iş imkanları daha çox, rəqabət nisbətən daha aşağı, perspektivlər daha yuxarıdır.

“Amerikanın özəlliklərindən biri odur ki...”

- İT-ni necə öyrəndiniz?
- İT ilə bağlı magistr təhsili planım olsa da, o cür başlamadım. Çünki Amerikada təhsil xərci çox yüksəkdir. Keyfiyyətli universitetdə, yaxşı bir magistr dərəcəsi almaq istəyirsinizsə, yaşayış xərcləri ilə birlikdə illik sənə 150-200 min dollar lazım ola bilər. Təhsil krediti götürüb oxumaq olar, amma sonra onu qaytarmaq da var. İT sahəsi mənim üçün əlçatmaz kimi görünürdü. Amerikanın özəlliklərindən biri odur ki, fərqli sahələrdə özünü yoxlamış insanları görə bilirsən və anlayırsan ki, heç də bəlli yollarla getməyə məcbur deyilsən. Gördüm ki, ali təhsil almadan da İT sektorunda başlamaq mümkündür. Bir çox adam bunu edir. Kurslar götürdüm, təcrübə proqramları keçib öyrəndim.

- Yeni getdiyinizdə müəyyən bir çətinlikdən keçmisiniz. O çətinliklər sizə hansı təcrübəni qazandırdı?
- Sınaqlardan keçdikcə öz limitlərinizi daha da genişləndirirsiz. Anlayırsınız ki, daha fərqli insanlarla işləmə bacarığınız var, stressə daha dözümlü ola bilərsiniz. Azərbaycanda da fərqli tipdən insanlar ola bilər, amma nəticədə ətraflındakılar azərbaycanlıdır. Burada isə fərqli irq, mədəniyyət və ölkələrdən insanlar var. Səbrinizin yeni yüksəkliklərini kəşf edirsiniz (Gülür). Burada yaşayan azərbaycanlılarla öz aramızda deyimimiz var. Deyirik ki, Amerika yeni gələndə səni yerə çırpır, sonra yerdən qaldırır. Bundan sonra çətin ki, sizi nəsə qorxutsun. Çünki tam şəkildə ayağınızın üstündə durmağı öyrənirsiz.

- Yəni ata-ana köməyi yox, ətrafında dost-tanış da ya azdır, ya da yoxdur.
- Azərbaycanda müstəqil səviyyəyə çatana qədər istər-istəməz ailə dəstəyi olur. Azərbaycandan Amerikaya çox az vəsaitlə gəlirsən. 300-500 dollarla, yaxud pulsuz gələnlər olur. Qalmağa yer tutmalı, özünə maşın almalı, iş tapmalısınız. Ətrafda ən yaxşı halda dostlarınız olur. Yeni vaxtlar onlar da az olur. Valideyn, qohum yoxdur. Amerika sosial deyil, kapitalist dövlətdir. Dövlətin sizə təklif edəcəyi sosial güzəşt və imkanlar yox dərəcəsindədir. Tibbi sığortanız da yoxdur. Bütün xərclər öz üzərinizdədir. Belə bir yerdə öz ayaqlarınız üstə durmağı bacarmalısınız. Bunu keçdiyinizdə özünüzü daha yaxşı tanıyırsınız. Sonra nə vaxtsa sıfırdan başlayası olsanız, artıq bu sizi qorxutmayacaq.

- ABŞ-da əsas çətinliyiniz nə oldu?
- Təzə gəldiyim zamanlarda ən böyük çətinliyim avtomobil sürə bilməməyimə görə olub. ABŞ-da ictimai nəqliyyat əsasən Nyu-York, Çikaqo kimi bir neçə böyük şəhərdə və digər şəhərlərin mərkəzində mövcuddur. Göydələnlər olan şəhər mərkəzlərindən sonra isə sabörb adlanan, həyət evlərindən ibarət böyük yaşayış massivləri başlayır. Bu ərazilərdə yaşayacaqsınızsa, maşın olmadan mobillik imkanlarınız çox məhdudlaşacaq. ABŞ avtomobil yönümlü ölkədir və maşın sürməyəcəksizsə, komfortlu yaşama, ölkəni tam təcrübə etmə şanslarınız xeyli aşağı düşür. 

“İctimai nəqliyyat, ictimai səhiyyə problemdir”

- Məktəb vaxtı da getdiniz, tələbə vaxtı da. İndi isə Amerika yaşadığınız ölkədir. Arzuladığınız Amerikadır?
- Gəzmək üçün gələndə müəyyən şeylərə daha idealist yanaşa bilərsiniz, amma burada yaşadıqda hər şeyi daha aydın görürsünüz. Gələndən sonra istədiyiniz adam ola bilirsiniz? Bəli, ola bilirsiniz. Əziyyətlidirmi? Bəli, düşündüyümdən daha əziyyətli oldu. Orasını bəlkə az hesablamışdım. Bura gələndə mənim üçün önəmli məqam o idi ki, özümü bu cəmiyyətin bir parçası hiss edə biləcəm? O məsələdə də əmin idim. Neçə ildir burdayam, özümə qarşı diskriminasiya hiss etməmişəm. “Qayıt öz ölkənə” – deyən olmayıb. Düşünmürəm ki, burda özümü hiss etdiyim kimi hansısa ölkədə hiss edim. İmkanlar da yaxşıdır. Kim istəsə özəl sektorda çalışa, kim istəsə biznes qura bilər. Sosial mobillik lifti yaxşı işləyir.

- Xoşagəlməz məqamlar varmı?
- Onlar da var. Məsələn, ictimai nəqliyyatın keyfiyyəti burada ciddi problemdir. İctimai səhiyyə daha da böyük problemdir. Tibbi xidmətin bahalılığı onu çoxları üçün əlçatmaz edir. Kiminsə vəziyyəti ağırlaşanda, hər kəsin ən çox qorxduğu şey təcili tibbi yardıma zəng etməkdir. Çünki gəlib sizi götürüb sadəcə xəstəxanaya apardıqdan sonra sizə 3-4 min dollarlıq çek gələ bilər. Silah və təhlükəsizlik də var. İndiyə kimi hansısa problemlə qarşılaşmamışam, amma burada silah asanlıqla əldə edilə bilir. Təəssüf ki, məktəblər, ticarət mərkəzlərində və s. atışmalar ola bilir. Belə problemlər var, amma ümumi götürsək, gözlədiyim kimidir.

- 5 ildən artıqdır ABŞ-da yaşayırsız. Bu müddətdə geniş ətrafınız formalaşıb?
- ABŞ-da məni məşğul edəcək, özüm üçün zaman tapa bilməyəcəyim qədər çevrəm var. Virciniya ştatının şimalında, paytaxt Vaşinqtona yaxın yaşayıram. Bu bölgədə ABŞ-da ən böyük azərbaycanlı icmalarından biri yerləşir. Həmyerlilər arasından dost tapmaq burda çətin olmadı. Amerikada ətrafın formalaşması bir az insanın özündən - introvert və ekstravert olmasından asılıdır. Sosiallaşmağı sevənlər zamanla özünə həm yerlilər, həm də immiqrantlardan ibarət dost, yoldaş çevrəsi qura bilir. Eyni zamanda ünsiyyəti sevməyən, introvert adamlar üçün də bu ölkə uyğundur. Azərbaycanlı çox tanışım var ki, gəlib bura və ünsiyyət qurmağa o qədər də maraqlı deyil. Heç də hər kəs sosiallaşmağı sevmir.

“Kris, Maykl oturub sizi gözləmir”

- Belə yanaşmalar var ki, azərbaycanlılar nə qədər müddət xarici ölkədə yaşasalar da, ətraflarında çoxluq azərbaycanlı olur, o cəmiyyətə inteqrasiya ola bilmirlər.
- Özəllikdə 20-li yaşların ortasından sonra gəlirsizsə, ətrafınızda daha çox azərbaycanlılar, yaxud bizim regiondan insanlar olur. Belə bir yanaşma var, deyirlər ki, Amerikaya gediblər, orada azərbaycanlılarla oturub dururlar. Həyatın reallığı var. Kris, Maykl oturub sizi gözləmir. Ümumiyyətlə, sizi burada heç kim gözləmir. Özünüz üçün gəlmisiniz və həyatı özünüz üçün qurursunuz. Dostu da özünüz qazanırsınız. Gələndə də sənə ən çox dəstək olan öz ölkəndən olan tanışların olur. Onlarla ünsiyyət qurursunuz, davamı da elə gedir. Amerikanlarla da dostluqlar edirik, ancaq çoxluq belədir ki, azərbaycanlılar azərbaycanlılarla, türklər türklərlə, nigeriyalılar nigeriyalılarla oturub dururlar. Mən bunu inteqrasiya problemi kimi görmürəm. Əgər qanunlara əməl edirsizsə, uğurlu karyera və ya şəxsi biznes qurub, amerikalıların çoxundan daha artıq vergi ödəyirsinizsə, bu inteqrasiya deyilsə, nədir? Ümumi götürəndə Azərbaycan icması, yaşı və ölçüsü kiçik olsa da,  ABŞ-da digər etnik icmalarla müqayisədə kifayət qədər uğurlu, yüksək rifahı olan bir icmadır. Azərbaycanlıların əksəriyyəti orta amerikalıdan qat-qat çox vergi ödəyir. Kimləsə az, kimləsə çox ünsiyyəti seçmək inteqrasiya üçün ən önəmli amil deyil.

- ABŞ sizə nələr öyrətdi?
- Bizdə yanaşma belə idi ki, kiminsə universitet təhsili yoxdursa, yaxud universiteti yaxşı oxumayıbsa, adam uğursuz sayılır. Amerikanın bəlkə də mənə göstərdiyi ən vacib şeylərdən biri odur ki, insanları bu barədə mühakimə etmək olmaz. Amerikada anlayırsan ki, sadəcə hər kəsin olmalı olduğu sahə var. Kimsə menecmetdə, kimsə biznesdə çox yaxşıdır, kimsə korporativ sektora, kimsə elmi sahəyə yönəlməlidir və s. Hər kəs ona uyğun şərtlər olanda və ona uyğun imkanlar veriləndə, o sahədə uğurlu ola bilər.

Azərbaycanda belə fikir var ki, ABŞ-ın “Green card” proqramı niyə hər kəsə aiddir? Kanada və Avstraliyadakı kimi ancaq yuxarı elmi dərəcələri olan adamları qəbul etsinlər və s. Bu cür yanaşıb çoxlu yüksək bacarıqlı kadrlar cəlb edə bilərlər, ancaq təhsil dərəcələri olmayan elə bir adam bura gələ bilər ki, ölkəsində sahibkarlıq mühiti o qədər də yaxşı olmadığı üçün özünü göstərə bilməyib. ABŞ isə sahibkarlar üçün uğurlu ölkədir. Gəlib özünü burada sübut edib, böyük biznes qurar, onlarla və ya yüzlərlə insanı işlə təmin edər və ölkə büdcəsinə vergilərlə böyük fayda verər.

Aygün Asimqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin