İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə
İraq və Britaniyanın "BP" neft şirkəti fevral ayının ilk həftəsində Kərkükdəki dörd neft və qaz yatağını əhatə edən genişmiqyaslı bir müqavilə imzalayacaq.
Valyuta.Az xəbər verir ki, bu barədə İraqın neft naziri Həyyan Əbdül-Qani Britaniyaya səfəri zamanı "Reuters" agentliyinə məlumat verib.
Nazir bildirib ki, bu müqavilə, 2023-cü ildə Bəsrədə "TotalEnergies" ilə bağlanan və təxminən 27 milyard dollar dəyərində olan müqavilədən daha böyük olacaq.
Çərşənbə günü İraqın dövlət xəbər agentliyi Bağdad və "BP" şirkətinin Kərkük neft-qaz yatağını və qonşu sahələri yenidən inkişaf etdirmək imkanını qiymətləndirmək üçün ilkin razılaşma imzaladıqlarını açıqlayıb. Lakin əlavə məlumat verilməyib.
Əbdül-Qani qeyd edib ki, müqavilə çərçivəsində neft hasilatı gündəlik 150 min barrelə qədər artırılacaq. Bundan əlavə, layihədə qaz istehsalının da nəzərdə tutulduğu bildirilib. Nazir əlavə edib ki, istehsal olunan neft hazırda gücü tam istifadə edilməyən şimaldakı emal zavodlarına yönəldiləcək.
"Bu, böyük sərmayələrdir," - deyə o vurğulayıb.
"BP" şirkəti bu barədə açıqlama verməyib.
İraq qaz istehsalını artırmağı və 2028-ci ilə qədər neft istehsalından yaranan artıq qazın yandırılmasını tamamilə dayandırmağı planlaşdırır. Dekabr ayında "BP" və İraq Kərkük yataqlarını yenidən inkişaf etdirmək üçün texniki şərtlər barədə razılığa gəliblər.
İraq, Səudiyyə Ərəbistanından sonra Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) ən böyük ikinci neft istehsalçısıdır və gündəlik təxminən 5 milyon barrel neft hasilatı gücünə malikdir. Tarixi müqavilələrdə xarici şirkətlərə çox az mənfəət verilsə də, yeni razılaşmaların biraz daha fərqli olması təxmin edilir.
"BP" şirkəti 1920-ci illərdə Kərkükdə neft yataqlarını kəşf edən konsorsiumun üzvü olub və həmin ərazidə 9 milyard barrel hasil edilə bilən neft ehtiyatının mövcud olduğunu təxmin edir. Şirkət, həmçinin, ölkənin cənubunda yerləşən nəhəng Rumeyla neft yatağında fəaliyyət göstərən birgə müəssisədə 50% paya malikdir və bu ərazidə artıq bir əsrdir fəaliyyət göstərir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay