İranın Çinə 25 milyon barellik neft təzyiqi - "Reuters"
İran, ABŞ-ın keçmiş prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyalar səbəbindən altı ildir Çinin limanlarında qalan 25 milyon barel nefti geri qaytarmağa çalışır.
Valyuta.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Trampın yenidən hakimiyyətə gəlməsi ehtimalı analitiklər tərəfindən nəzərdən keçirilir və onun İranın gəlirlərini məhdudlaşdırmaq məqsədilə neft ixracına qarşı sanksiyaları sərtləşdirəcəyi proqnozlaşdırılır.
Çin isə birtərəfli sanksiyaları tanımadığını bəyan edərək, son illərdə İran neftinin 90%-ə qədərini güzəştlərlə alıb. Bu güzəştlər Çin emalçılarının milyardlarla dollar qənaət etməsinə imkan yaradıb.
Hazırkı qiymətlərlə 1,75 milyard dollar dəyərində olan dondurulmuş neft, İranın hətta Çində belə neft satışında qarşılaşdığı çətinlikləri üzə çıxarır.
İran və Çin arasında saxlama problemləri
İranın Neft Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Çin Xarici İşlər Nazirliyi isə İranla əməkdaşlığının qanuni olduğunu bildirsə də, əlavə açıqlama verməyib.
Qərbin ən sərt sanksiyalarına baxmayaraq, İran kölgə donanmasından istifadə edərək neftinin qlobal ticarətini təmin edir. Çinə satılan İran neftinin böyük hissəsi Çin limanlarına çatmadan qeyri-İran mənşəli məhsul kimi yenidən sənədləşdirilir.
Ancaq dondurulmuş neft, 2018-ci ilin oktyabrında İranın milli neft şirkəti "NIOC" tərəfindən Trampın verdiyi güzəştlər əsasında Çin limanlarına çatdırıldığında, İran nefti kimi sənədləşdirilmişdi. "NIOC" nefti Çinin "Dalian" və "Zhoushan" limanlarında icarəyə götürdüyü çənlərdə saxlayıb.
2019-cu ilin əvvəlində Tramp güzəştləri ləğv etdi və bu neft nə alıcı tapdı, nə də Çinin gömrük prosedurlarından keçə bildi. Məlumata görə, neft hələ də çənlərdə saxlanılır.
"Dalian" limanındakı çənlər "PDA Energy" tərəfindən idarə olunur və bu şirkət İrandan 2018-ci ildən bəri yığılan 450 milyon dollardan çox saxlama haqqı tələb edir. "Zhoushan" limanındakı çənlər isə "CGPC" adlı özəl saxlama operatoru tərəfindən idarə olunur.
Danışıqlar və perspektivlər
Son həftələrdə İran rəsmiləri və Çin operatorları arasında saxlama haqları və neftin azad edilməsi ilə bağlı danışıqlar intensivləşib. Verilən məlumata görə Trampın sanksiyaları yenidən sərtləşdirə biləcəyi ehtimalının bu tələskənliyə səbəb olduğunu bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi (Abbas Araghchi) dekabr ayında Pekinə səfər edib və dondurulmuş neft məsələsində müəyyən irəliləyişə nail olub, lakin təfərrüatlar açıqlanmayıb.
İran nefti çənlərdən gəmilərə yükləyib, dənizdə gəmidən-gəmiyə köçürmə edərək yenidən sənədləşdirməli olacaq ki, onu sata bilsin. Bu barədə İran neft ixracı və Çin gömrük prosedurlarına bələd olan mənbələr məlumat verib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay