Dəniz səviyyəsinin artmasının neft limanları üçün təhlükəsi - "The Guardian"
İqlim böhranının səbəb olduğu dəniz səviyyəsinin artması dünyanın ən böyük neft limanlarının çoxunu təhlükə altına salacaq.
Valyuta.Az xəbər verir ki, alimlər bu vəziyyəti ironik adlandırıb, çünki qalıq yanacaqların yandırılması qlobal istiləşmənin əsas səbəbidir. Onların fikrincə, bərpa olunan enerji mənbələrinə keçid emissiyaları azaldar, qlobal istiləşməni yavaşladar və daha etibarlı enerji təmin edər.
Analizə əsasən, supertanker trafiki ilə məşhur olan on üç liman yalnız 1 metrlik dəniz səviyyəsi artışı ilə ciddi təhlükə ilə üzləşə bilər. Xüsusilə Səudiyyə Ərəbistanında yerləşən “Ras Tanura” və “Yanbu” limanları alçaq hündürlüklərinə görə həssasdır. Bu limanlar Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco” tərəfindən idarə olunur və ölkənin neft ixracının 98%-i bu limanlar vasitəsilə həyata keçirilir.
ABŞ-ın Hyuston və Qalveston limanları, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, Çin, Sinqapur və Niderland limanları da təhlükə altındadır.
Beynəlxalq Kriosfer İqlim Təşəbbüsünün (“ICCI”) yayımladığı son tədqiqatlara görə, 1 metrlik dəniz səviyyəsi artımı yaxın 100 ildə qaçınılmazdır. Əgər buz qatlarının çökməsi və emissiyalar azaldılmazsa, bu artım 2070-ci ilə qədər baş verə bilər. Daha fəlakətli bir ssenaridə, 3 metrlik artım 2100-cü illərin əvvəllərində və ya növbəti minillikdə reallaşa bilər.
Dəniz səviyyəsinin artımı sahil xəttindəki tikililəri birbaşa aşmadan belə, artıq ciddi təsirlər göstərir. Hazırkı səviyyə artımı fırtına dalğalarının hündürlüyünü artıraraq sahil daşqınlarının başvermə ehtimalını xeyli yüksəldir. Bundan əlavə, duzlu suyun torpaqlara sızması infrastrukturun korroziyaya uğramasına səbəb ola bilər. Alimlər bildirirlər ki, emissiyaların azaldılması həm dəniz səviyyəsinin artımını yavaşlada, həm də son nəticədə artımı məhdudlaşdıra bilər.
“ICCI” direktoru Pam Pirsın (“Pam Pearson”) deyir: “Ironikdir ki, bu neft tankeri limanları 1 metrlik dəniz səviyyəsi artımının altında yerləşir. Onlar bu artımın davam edən qalıq yanacaq istifadəsindən qaynaqlandığını nəzərə almalıdırlar.”
Dəniz səviyyəsinin artımı iqlim böhranının ən dərin və uzunmüddətli təsirlərindən biridir. Bu, dünyanın xəritəsini dəyişərək Nyu-Yorkdan Şanxaya qədər böyük şəhərlərə təsir göstərə bilər. Ancaq Pirsın vurğulayır ki, hökumətlərin və korporasiyaların qısamüddətli maraqları bu problemi görməzdən gəlməyə səbəb olur. O əlavə edir: “Dəniz səviyyəsinin artımı ilə bağlı elmi qiymətləndirmələr hökumətlərin şüurunda hələ öz yerini tapmayıb.”
“Neft istehsalından imtina etməmək dəniz səviyyəsinin artımını sürətləndirir”
Beynəlxalq İqlim Dəyişikliyi İnstitutunun ("ICCI") baş elmi müşaviri Ceyms Kirkham (James Kirkham) bildirib ki, "neft istehsalını dayandırmaqdan imtina dəniz səviyyəsinin artımını sürətləndirir". O qeyd edib: “Liderlər fosil yanacaqlardan uzaqlaşma prosesini sürətləndirməsələr, dəniz səviyyəsinin artımının dəhşətli təsirləri yalnız güclənəcək və sahil xətti olan bütün ölkələrə, o cümlədən dekarbonizasiya səylərinə mane olanlara təsir edəcək.”
"Aramco" isə bu məsələ ilə bağlı hər hansı şərh verməkdən imtina edib.
Səudiyyə Ərəbistanı son beynəlxalq sammitlərdə, o cümlədən "Cop29" iqlim toplantısında "maneə törədici" taktikalardan istifadə etməkdə və plastik tullantılarla bağlı müqavilə danışıqlarına, eləcə də quraqlıq və səhralaşmaya qarşı mübarizədə irəliləyişin qarşısını almaqda ittiham olunub. Riyadda keçirilən sonuncu danışıqlar da razılaşmasız yekunlaşıb və Səudiyyə rəsmiləri razılaşmaya iqlim məsələləri ilə bağlı istənilən istinadı daxil etməkdən imtina ediblər.
Neft limanlarının dəniz səviyyəsinin artımına qarşı həssaslığı
Yeni təhlildə dəniz səviyyəsinin artmasının təsirlərinə məruz qalan neft limanları öyrənilib. Araşdırma, may ayında təqdim olunan və ən çox neft tankerinin hərəkət etdiyi 15 limandan 12-nin bu riski daşıdığını göstərən işlərə əsaslanır. "Climate Central" və "GoogleMaps" platformalarından istifadə edilərək aparılan xəritələşdirmə, dəniz səviyyəsinin 1 metr artmasının körpülər, neft saxlama obyektləri, emal müəssisələri və digər infrastruktur üçün zərərli ola biləcəyini ortaya qoyub.
Yeni təhlil, Səudiyyə Ərəbistanının Yanbu limanını da araşdırmaya əlavə edib. Bu limanın da 1 metr artımla yüksək risk altında olduğu müəyyən edilib. "Bloomberg"in neft ixracı məlumatlarına əsasən, 2023-cü ildə Ras Tanura və Yanbu limanlarından 214 milyard dollar (171 milyard funt sterlinq) dəyərində neft ixrac edildiyi bildirilib. Ümumilikdə, bu 13 liman 2023-cü ildə qlobal neft ixracının təxminən 20 faizini təşkil edib.
“Fosil yanacaqlara bağlılıq fəlakətə yol açır”
"Zero Carbon Analytics" təşkilatından Mörrey Vörti (Murray Worthy) bildirib ki, “bu təhlil göstərir ki, istiləşən dünyada fosil yanacaqlara bağlılıq enerji təhlükəsizliyi deyil, fəlakət yoludur. Ölkələr qarşısında seçim var: ya fosil yanacaqlara davam edib dənizlərin limanları basması nəticəsində təchizatın kəsilmə riskini qəbul edəcəklər, ya da təhlükəsiz, dayanıqlı daxili bərpa olunan enerji mənbələrinə keçid edəcəklər.”
Dəniz səviyyəsinin artımına qarşı müdafiə divarlarının tikilməsi mümkün olsa da, bu olduqca baha başa gələcək. Vörti əlavə edib: “Uzunmüddətli perspektivdə bu, itirilməyə məhkum bir mübarizədir. Zaman keçdikcə dəniz divarlarını daha yüksək tikmək məcburiyyətində qalacaqsınız.”
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay