BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
39912

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

2024-ci ilin qədəmləri heç də sakit gəlmədi. Əvvəlcə “Gün çıxan ölkə” (Yaponiya) əməlli başlı silkələndi. Britaniya qasırğa ilə üzləşdi, Fransa və Almaniya daşqınlarla mübarizə aparır.Avropanın şimal hissəsi isə görünməmiş şaxtalı günlərini yaşayır.

Qlobal bazarlar

Amma bütün bunlara baxmayaraq Yeni ilin ilk hərracında Niderlandda təhvil verilmək şərti ilə qazın 1000 kubmetrinin qiyməti 350 dollardan aşağı dəyərləndirilib. Çünki Şimali Avropa ölkələrinin böyük hissəsində məişətdə qazdan çox az istifadə edilir, hər şey təhlükəsizlik məsələlərinə görə elektrikin üzərinə yüklənib. Elektrikin istehsalında isə ötən ilin yekunlarına görə, Skandinaviya ölkələrində təkcə külək enerjisinin xüsusi çəkisi 40%-dən çox olub.

Qaz qiymətlərinin azalması isə yeraltı qaz anbarlarında toplanan ehtiyatlara bağlıdır. Yanvarın 2-sinə olan məlumata görə, anbarlarda hələ 95 milyard kubmetr qaz ehtiyatı qalmaqdadır və bu həcmlər bundan sonra ən soyuq hava şəraitində belə yaz mövsümünə çıxmağa imkan yaradır.

Neft qiymətlərinə gəldikdə isə bazarda vəziyyət sinoptiklərin dili ilə desək “dəyişkən buludlu” kimidir. Son ay yarımda qiymətlər 75-80 dəhlizində ticarət edilsə də, gah hərdən yuxarı qalxır, gah da düşür. Bu da təbii ki, daha çox dünyadakı qeyri-stabil iqtisadi-siyasi şəraitə bağlıdır.

2024-cü ilin enerji gözləntiləri

Bu il Azərbaycan üçün enerji xüsusi əhəmiyyət daşıyacaq bir il olacaq. Çünki dövlət səviyyəsində bu ilin enerjiyə bağlantısı qeyd edilib.

Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu da təbii ki, səbəbsiz deyil. Çünki 11 ay sonra Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi isə beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

“Yaşıl enerji”

Azərbaycan 1990-cu illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

Neftçala rayonunda 315 MVt gücündə günəş elektrik stansiyasının, Biləsuvar rayonunda 445 MVt-lıq günəş elektrik stansiyasının, Abşeron-Qaradağ rayonunda isə 240 MVt gücə malik külək elektrik stansiyasının tikintisi planlaşdırılır.

Həmçinin “bp-Azərbaycan” şirkəti Cəbrayıl rayonunda “Şəfəq” adlı günəş elektrik stansiyasının tikintisi üzrə yekun investisiya qərarını verməlidir. Artıq bu yöndə işlər kifayət qədər sürətlənib və AR Dövlət Vergi Xidməti bp-nin törəmə şirkəti olan “Shafag (Jabrayil) Solar Limited» şirkətini də qeydiyyata alıb.

Bütün bunlar gələcəyimizin yaşıllaşdırılması yönümündə atılacaq təqdirəlayiq hadisələrdir. Amma bizim iqtisadiyyatın əsas hissəsinin yükü hələ neft-qaz sektorunun çiyinlərindədir.

Neft hasilatı proqnozları.

2024-cü ildə OPEC Azərbaycanda maye karbohidrogen, yəni neft və kondensatın hasilatını gündəlik olaraq orta hesabla 700 min barel və ya illik təqribən 35 milyon ton səviyyəsində proqnozlaşdırır.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi isə bu göstəricinin Azərbaycanda gündəlik 620 min barel olacağını təxmin edir.

Azərbaycan hökumətinin proqnozlarına əsasən, cari ildə ölkədə neft və kondensat hasilatı 1 mln ton azalaraq 29,5 mln ton təşkil etməlidir.

Göründüyü kimi proqnozlar arasında fərqlər kifayət qədərdir. Baxmayaraq ki, OPEC və Enerji İnformasiya İdarəsi öz proqnozlarını Azərbaycan hökumətindən 1 ay sonra açıqlayıblar və daha dolğun cari statistika ilə tanış olmaq imkanları vardı. Ona görə də, mənim fikrimcə, proqnozlar baxımından Azərbaycan hökumətinin göstəriciləri daha realdır.

“Azəri-Çıraq-Günəşli”dən yeni xəbər

Azərbaycanın neft-qaz hasilatında isə şəksiz lider “bp” şirkətinin operatorluğu ilə həyata keçirilən layihələrdir. Azəri-Çıraq Günəşli layihəsi üçrə hasilatın azalması cari ildə də davam edəcək. Amma məhz bu layihə üzrə bir neçə xoş xəbər var ki, bunları da bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ictimaiyyət üçün açıqlayıb.

İlk xəbər ondan ibarətdir ki, bu ilin birinci rübünün sonuna qədər AÇG müqavilə sahəsində quraşdırılmış yeni “Azəri-Mərkəzi-Şərqi” platformasının istismara verilməsi planlaşdırılır ki, bu da blokda ümumi neft hasilatı göstəricilərinə müsbət təsir göstərəcək. Çünki yeni platformadan nəzərdə tutulan quyular istismara verildikdən sonra gündəlik 100 min barel hasilat göstəricilərinə çıxmaq mümkün olacaq, nəticədə hasilatın əvvəllər müşahidə edilən azalma tempini cilovlamaq və sonrakı illərdə hasilatın stabilləşdirilməsinə ümid etmək olar.

AÇG-nin 30 illiyi

2024-cü ilin sentyabrında bp və təfdaşları “Əsrin Müqaviləsi” adını almış Azərbaycanın ilk neft müqaviləsinin 30 illiyini qeyd etməyə hazırlaşırlar. Bununla əlaqədar həm SOCAR, həm də Azərbaycanın dövlət qurumları ilə bp mütəmadi olaraq iş aparır. Hazırda əsas müzakirə mövzusu 2049-cu ilə qədər Azəri-Çıraq-Günəşli yataqlarının maksimum səmərəli idarə edilməsinə nail olmaqdır. AÇG-nin Azərbaycan iqtisadiyyatına verdiyi töhfə isə danılmazdır, bu layihənin gerçəkləşməsi təkcə Azərbaycanın müstəqil dövlət kimi ayağa durması, bərkiməsi və ölkəmizin regionda lider dövlətə çevrilməsinə gətirib çıxartmadı, həmçinin Azərbaycanın böyük Zəfərinin reallaşmasına imkanlar açdı.

Amma AÇG üzrə uğur gətirəcək planlar bununla yekunlaşmır. 2024-cü ildə blokun dərin qatlarında yerləşən qaz laylarından ilk təbii qazın hasil edilməsi də planda var. Soruşa bilərsiniz ki, məgər AÇG-dən qaz hasil edilmir? Əlbətt də edilir. Özü də böyük həcmdə.

AÇG-də təbii qaz hasilatı

Amma o qaz səmt qazıdır, yəni, neft hasilatı zamanı üzə çıxan qaz. Hansı ki, əsas hissəsi yenidən sıxılaraq quyulara vurulur ki, laylarda qalan neftin çıxarılmasını təmin etsin. Yerdə qalan qaz isə təqribən 2 milyard kubmetrdən bir qədər çox həcmdə Azərbaycan tərəfinə verilir.

Bu ilin sonuna çıxarılması planlaşdırılan qaz isə təbii qazdır. Burada 30 il əvvəl imzalanmış “əsrin müqaviləsi”nə qayıtmaq istərdim. Onun unikallığı və Azərbaycan tərəfinin ölkənin maraqları naminə o zaman atdığı addım ondan ibarət olub ki, təkcə dənizin dibində işlənməli olan müqavilə sahəsi göstərilməyib, həmçinin müqavilə üzrə işlərin aparılacağı dərinlik də hüquqi sənəddə öz əksini tapıb. Yəni xarici şirkətlər AÇG-də 3500 metrdən aşağıda olan məhsuldar laylardan karbohidrogen çıxara bilməzdilər. Niyəsi isə ondan ibarət idi ki, ondan aşağı qatda artıq Azərbaycan geoloqları müəyyən etmişdilər ki, təbii qaz layları mövcuddur. Ona görə də o zaman atılan addım indi bizim dadımıza çatır, çünki qaza ehtiyacımız da artır.

Qeyd edim ki, həmin qaz ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi üçün 2023-cü ilin əvvəlində “A22z” quyusunun qazılmasına başlanılıb və qazma işləri apreldə başa çatıb. Hazırda əldə edilmiş məlumatların emalı davam edir, lakin fakt ondan ibarətdir ki, həmin laylarda olan həcmlər təbii qazın kommersiya hasilatına başlanması üçün yetərlidir.

AÇG müqaviləsinə dəyişikliklər

Burada isə sizlərə daha maraq doğura biləcək bir xəbərim olacaq. Belə ki, 2017-ci ildə yenidən imzalanmış “əsrin müqaviləsi”nə yenidən əl gəzdirilməli olacaq. Çünki indi ortada xam neftdən əlavə təbii qaz da var və Hasilatın Pay Bölgüsü Sazişinin kommersiya şərtlərinə müəyyən əlavələr olmalıdır ki, tərəflər çıxarılacaq mavi yanacağın kapital xərclərindən tutmuş ta bölüşdürülməsinə qədər olan məsələləri hüquqi baxımdan razılaşdırsınlar.

Bununla əlaqədar bp artıq SOCAR və Azərbaycanın dövlət qurumları ilə dərin qazın hasilatı, texniki və kommersiya şərtləri ilə bağlı müzakirələrə də başlayıb.

Və nəhayət, həmin dərin qazın hasilatının ilk olaraq mövcud “Qərbi Çıraq” platformasından başlanması gözlənilir.

Qeyd edim ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev AÇG blokunda dərin laylardan qaz hasilatına 2024-cü ilin sonuna qədər başlanılacağını bəyan etmişdi.

SOCAR-ın artacaq payları

Cari ildə bir hadisəyə də şahidlik edəcəyik ki, o da Azərbaycan Dövlət Neft Şirkətinin xarici şirkətlərlə ölkəmizdə istismar edilən ən iri enerji layihələrində payının seçilən səviyyədə artımı ilə yekunlaşmalıdır.

Dekabrın 22-də SOCAR Norveçin "Equinor" şirkətinin Azərbaycandakı layihələrindəki bütün aktivlərini alması ilə bağlı razılığa gəlmişdi. Və bu il həmin proses hüquqi, kommersiya baxımından finalına çatmalıdır.

İştirak paylarının alqı satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub.

Xarici mətbuat isə bu arada bazar iştirakçılarına istinadən belə bir mülahizə irəli sürüb ki, Azərbaycan Dövlət Neft Şirkətinə Norveçin enerji nəhənginin paylarına sahib çıxması üçün 600-700 milyon dollar vəsait gərək ola bilər. Özü də bu qənaətə əvvəllər AÇG və BTC üzrə aparılan alqı-satqı əməliyyatları üzrə sövdələşmələrin nəticəsi olaraq gəliblər. Amma mənə görə, indiki halda qiymətin elə bir prinsipial əhəmiyyəti yoxdur, çünki yataqları və əsas ixrac borusu üzərində aktivlərini artıran Azərbaycandır...

İlham Şaban
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin