\"Aİ-92\" markalı benzin keyfiyyətsizdir, ona görə də...” – Ekspert şərh edir
2021-ci ildə də Azərbaycana "Aİ-95" markalı ("Premium”) avtomobil benzininin idxalında artım davam edib. Rəsmi məlumatlara əsasən, bu ilin yanvar-fevral aylarında 7,1 milyon dollar dəyərində 11 934 ton "Premium” benzin idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 78 faiz, dəyəri ifadəsində 28 faiz artım deməkdir.
Maraqlıdır ki, bu dövrdə ölkəmizdə "Aİ-92” markalı benzinin istehsalı azalıb. 2021-ci ilin birinci rübünə aid olan məlumata əsasən, "Aİ-92” markalı avtomobil benzini istehsalı 28 faiz azalaraq 247,4 min tona düşüb.
Ölkəmizdə "Premium” markalı benzinə tələb artır. Bunun nəticəsidir ki, son 5 ildə "Premium” markalı benzinin idxalında artım müşahidə edilir. 2016-cı ildə 44,2 min ton "Aİ-95” markalı benzin idxal olunduğu halda, idxal 2017-ci ildə 50,6 min tona, 2018-ci ildə 57,7 min tona, 2020-ci ildə 97 min tona yüksəlib. Son 5 ildə "Premium” benzinin idxalı 2 dəfədən çox artıb.
Bu dövrdə yerli istehsal azalıb. 2017-ci ildə 1,215 milyon ton avtomobil benzini istehsal edən Azərbaycan 2020-ci ilə kimi istehsalı tədricən azaldaraq 1,166 milyon tona çatdırıb.
Müqayisə olunan dövrdə ölkəmizdə avtomobillərin sayı artıb, eyni zamanda avtomobil parkı köhnəlib. Bu vəziyyətdə "Premium” benzini idxalının artması, istehsalının isə azalması ondan xəbər verir ki, yerli məhsula tələb azalır.
Avtomobil sahəsi üzrə ekspert Elməddin Muradlı "Premium” benzininə tələbin artmasını Azərbaycanda istehsal edilən "Aİ-92” markalı benzinin keyfiyyətsiz olması ilə izah etdi.
Onun fikrincə, yerli benzinin keyfiyyəti istehlakçıları qane etmədiyindən idxal benzininə tələb artır.
""Aİ-92” markalı benzinin keyfiyyətinin aşağı olması rəsmi səviyyədə də etiraf edilib”, - deyən E.Muradlı yerli məhsulun keyfiyyətsiz olmasına görə çoxlu sayda istehlakçının zərərə uğradığını söylədi:
"Yüzlərlə, minlərlə sürücü benzinin keyfiyyətsiz olmasından əziyyət çəkib. Benzin keyfiyyətsiz olduqda o, yanacaq nasosuna və digər aidiyyəti qurğulara zərər vurur. Şəxsən mən, bu problemlə üzləşmişəm. Mənim avtomobilimə dəyən zərər 1000 manatdan çox olub.
Yanacaq keyfiyyətsiz olduqda həm ətraf mühitə atılan zərərli maddələrin miqdarı çox olur, həm avtonəqliyyat vasitəsində texniki problemlər yaradır, həm də avtomobil sahibi əlavə xərclə üzləşir”.
E.Muradlı "Aİ-92” markalı benzinin bahalaşmasından sonra da onun keyfiyyətində dəyişiklik hiss edilmədiyini bildirdi.
Onun müşahidəsinə görə, belə vəziyyətdə avtomobil sahibləri məcburiyyət qarşısında qalıb daha bahalı və keyfiyyətli "Premium” benzinindən istifadə etməli olurlar:
"Adətən qiymət artanda keyfiyyət də dəyişməlidir. Amma "Aİ-92” markalı benzinin bahalaşmasından sonra bu, baş vermədi. Bu azmış kimi "Aİ-92” markalı benzindən istifadə zamanı sərfiyyat da çox olur. Bütün bunlar avtomobil sahiblərində narazılıq yaradır”.
Ekspert hesab edir ki, mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə idxal benzinini istehlakında artım davam edəcək. // Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay