Rəhbərin psixoloji durumu iş və işçilər üçün önəmlidir
Müasir dünyada uğurlu idarəçilik yalnız peşəkar bilik və təcrübə ilə deyil, həm də psixoloji sağlamlıq və emosional dayanıqlılıqla ölçülür. Öz psixoloji vəziyyətini balansda saxlaya bilən şəxslər peşəkar sahədə daha məhsuldar olur və rəhbərlik etdikləri strukturu uğurla inkişaf etdirirlər.
Psixoloji yüklənmə və daxili problemlərin iş həyatına təsiri ilə bağlı Valyuta.az-a danışan nevroloq Hüseyn Sultanov qeyd edib ki, müasir dünyada, inkişaf etmiş ölkələrdə - Yaponiya, Qərbi Avropa, Skandinaviya ölkələri, ABŞ və Kanada kimi ölkələrdə - psixoloji sağlamlığa xüsusi önəm verilir:
“Belə ki, psixoloqla işləmək, meditasiya və terapiya ilə məşğul olmaq, şəxsi inkişaf üzərində çalışmaq insanların mentallıq baxımından daha sabit və güclü olmalarına kömək edir. Bu cür şəxslər öz psixoloji vəziyyətlərinə investisiya etdiklərinə görə, rəhbər vəzifələrə seçilmək şansları da daha çox olur. Çünki onların emosional dayanıqlılığı və problemlərlə mübarizə bacarıqları yüksək qiymətləndirilir”.
“Öz daxili mənfi xüsusiyyətlərini başqalarında güzgü kimi görür”
H.Sultanov bildirib ki, rəhbər vəzifədə çalışan şəxsin psixoloji durumu sabit olmadıqda və şəxsi həyatında problemlərlə üzləşdikdə, daxili resurslarının bir hissəsi bu məsələlərin həllinə yönəlir:
“Nəticədə, iş həyatında problemlərin həllinə sərf olunan enerji azalır və faydalı iş əmsalı aşağı düşür. Baxmayaraq ki, həmin şəxs eyni iş saatlarında çalışır, lakin psixoloji yüklənmə onun məhsuldarlığını azaldır. El arasında deyilən “dərd gələndə tək gəlmir” ifadəsi də bu kontekstdə öz təsdiqini tapır. Belə şəxslər diqqətlərini işə tam fokuslaya bilmir və idarəçilik sahəsində uğursuzluqlar yaşamağa başlayırlar.
Bundan əlavə, rəhbər şəxsin psixoloji durumu sabit olmadıqda, özündə olan çatışmazlıqları ətrafındakı insanlarda əks olunmuş şəkildə görməyə başlayır. Bu, emosional intellektin zəifliyi ilə bağlıdır. İnsan, öz daxili mənfi xüsusiyyətlərini başqalarında güzgü kimi görür və bu, konfliktlərin yaranmasına səbəb olur. Halbuki psixoloji durum sabit olduqda, belə keyfiyyətlər nəzərə çarpmır. Hər bir insanda mənfi keyfiyyətlər mövcuddur, lakin situasiyaya görə hansısa bir keyfiyyət daha qabarıq şəkildə üzə çıxır”.
“Motivasiya da rəhbər şəxsin fəaliyyətində kritik rol oynayır”
H.Sultanov psixoloji durumu stabil olmayan insanın motivasiya fokus nöqtəsinin dəyişməsi haqqında da danışıb:
“Maslov piramidasına görə, motivasiya özünü təmin etmək üçün ən aşağı mərtəbəyə yönəlir və sağlamlığa, təhlükəsizliyə, ölüm riskinin aradan qaldırılmasına hədəflənir. Beləliklə, şəxsin rəhbərlik etdiyi strukturun inkişafı arxa planda qalır. Problemlər olmadıqda isə motivasiya tamamilə işin inkişafına fokuslanır. Rəhbərin şəxsi motivasiyası yüksək olmadıqda, idarəçiliyindəki insanların inkişafına da mənfi təsir göstərir.
Burada kouçların və psixoloqların rolu ön plana çıxır. Onlar insanın resurslarını bərabər paylamaq üzərində çalışır, şəxsi və peşəkar problemləri həll etmək üçün lazımi dəstək göstərirlər. Resursların düzgün idarə edilməsi sayəsində həm şəxsi problemlər həll olunur, həm də iş yerində faydalı iş əmsalı artır. Kouç, eyni zamanda, fərdin əlavə resurs vəziyyəti yaratmasına kömək edir, bunun üçün araşdırma aparır və xüsusi metodlarla şəxsin psixoloji və emosional vəziyyətini gücləndirir”.
“Yekun olaraq, psixoloji sağlamlıq üzərində işləmək həm şəxsi həyat, həm də peşəkar fəaliyyət üçün vacibdir. Rəhbər vəzifələrdə çalışan şəxslər öz daxili resurslarını düzgün idarə etməli və psixoloji sabitliklərini qorumaq üçün müvafiq dəstək almalıdırlar”, - deyə vurğulayıb.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay