Gerçəkləşməyən vədlər, aldadılan VALİDEYNLƏR - Xaricdə təhsil şirkətlərinə ETİBAR etməliyikmi?
Xaricdə tələbə olmaq arzusunda olanlar qəbul proseslərini həyata keçirmək üçün güvənilən xaricdə təhsil şirkətləri axtarırlar. Doğru təhsil şirkətini tapmaq ən çətin mərhələdir. Çünki bu şirkətlər insanları cəlb etmək üçün bir çox xidmətlər təqdim edirlər. Amma həmin xidmətlərin nə dərəcədə real olduğu sual altında qalır.
Gerçəkləşməyən vədlər
Əsasən də “qəbul almadıqda ödəniş geri qaytarılır” kimi vədlər insanları şirnikləndirir. Amma qəbul aldığınız universitet sizin istədiyiniz müəssisə olmaya da bilər. Bəs bu halda ödəniş qayıdırmı? Qeyd edək ki, xaricdə təhsil şirkətlərinin xidmət haqqları da kifayət qədər yüksəkdir, minimumu təqribən 2500 manatdan başlayır. Kimisi məsuliyyətsiz heyətin ucbatından arzuladığı təhsili ala bilmir, kimisi ödəniş etdiyinə görə, məcbur olub istəmədiyi ölkədə, universitetdə təhsil almalı olur.
Belə olan halda xaricdə təhsil şirkətlərinə müraciət edərkən nələrə diqqət etməli?
Valyuta.az xəbər verir ki, təhsil eksperti Elmin Nurizadə Bizim.Media-ya güvən vəd etməyən xaricdə təhsil şirkətlərindən danışıb.
“Çox təəssüflər olsun ki, hər il ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlandıqdan sonra xaricdə təhsil şirkətləri bir növ yağışdan sonra göbələklər kimi çoxalmağa və cəmiyyətdə müəyyən bir təbliğat-təşviqat işləri aparmağa çalışırlar. Burda məsələ iki rakursda dəyərləndirilməlidir.
Birincisi, əvvəldən var olan, il ərzində az da olsa fəaliyyət göstərən xaricdə təhsil şirkətləri bu ərəfədə çox aktiv fəaliyyətə başlayır və onlar bu məsələyə yalnız kommersiya, marketinq yöndə yanaşdıqları üçün təhsilin keyfiyyəti, təhsilin bir dəyər olaraq cəmiyyətə aşılanması baxımından ümumiyyətlə düşünmədikləri üçün məsələyə mövsümi hal kimi yanaşırlar.
İkinci məsələ isə, elə xaricdə təhsil şirkətləri var ki, onlar məhz elə bu ərəfədə fəaliyyətə başlayırlar. Belə şirkətlərə güvənmək sizə xəyal qırıqlığı yaşada bilər”.
“Tanınmayan diplom alınmayan təhsil kimidir”
Ekspert bildirir ki, xaricdə təhsil şirkətlərinə müraciət edənlər həmin şirkətin əməkdaşlıq etdiyi univeristetlərlə tanış olmalıdır. Əks təqdirdə yalnış universitet seçimi gələcək planlarınıza xələl gətirə bilər.
“Xaricdə təhsil şirkəti Azərbaycanda diplomu tanınan universitetlərə tələbə göndərməlidir. Bir çox şirkətlər diplomu tanınmayan universitetlərə göndərirlər. Bu mənəvi xəyanətdir. Tanınmayan diplom alınmayan təhsil kimidir. Bunda insanlar xüsusilə diqqətli olmalıdır. İlk öncə özləri araşdırma aparıb, hansı universitetlərin diplomlarının tanındığını bilməlidir”.
Xaricdə təhsil şirkətlərinin özbaşınalığına şərait yaradan kimlərdir?
Elmin Nurizadə yalnış şirkət seçimində valideynləri günahlandırır.
“Bütün səhv valideynlərdədir. Onlar düşünürlər ki, hər nə yolla olursa olsun övladımı univeristetə qəbul etdirməliyəm. Xaricdə təhsil şirkətləri də bu psixologiya üzərinə işlərini qurublar. Burada dövlətin nəzarətindən daha çox ictimai nəzarət olmalıdır. İnsanlar maarifləndirilməlidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay