Azərbaycanda hansı yeni ixtisaslar açılacaq?
Təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda çıxışı zamanı qeyd edib ki, növbəti illərdə bizi yeniliklər gözləyir. Dövrün reallıqlarına uyğun olaraq yeni ixtisasların açılmasını da görəcəyik.
Bəs, Azərbaycanda növbəti illər ərzində hansı yeni ixtisaslar açıla bilər? Yeni ixtisasların açılmasını zəruri edən səbəblər nələrdir?
Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov Valyuta.az-a açıqlamasında bildirdi ki, universitetlər hər zaman bazarın tələblərinə ayaq uydurmalıdır. Sənaye ilə əməkdaşlıq etməli, sənayenin ehtiyaclarını qarşılamaq üçün yeni ixtisaslar açmalı və ya mövcud ixtisaslar yenilənməlidir:
“Biz 5-10 il sonra hansı kadrlara ehtiyac olacağını və hansı peşələrin var olacağını bilmirik. Çünki o peşələr hələ yaranmayıb. Biz buna görə də tələbələrə öyrənməyi öyrətməliyik. Ola bilər ki, universiteti bitirən şəxslər 10 ildən sonra öyrəndiklərinin aktuallığını itirdiyinin şahidi olsun. Dövr sürətlə irəliləyir və yeni sahələr yaranır.
Bu, yeni yaranan məlumatların sürəti bu vaxta kimi olan məluamt istehsalı sürətindən çox qabaqdadır. Buna görə də bir mənada peşənin də, məlumatın da son istifadə tarixi çox qısadır. Yeni dövrdə tələbələr yeni mühitə, məlumatlara çevik şəkildə öyrəşə bilməlidir. Ən əsası da bu dövrdə tələbələrin ən vacib xüsusiyyəti öyrəndiklərini unudub yeni biliklər qazanmaq olmalıdır”.
Mütəxəssis onu da qeyd edib ki, yeni ixtisaslar mütləq açılacaq:
“Bu ixtisaslar informatika sahəsinin yeni alt sahəsi, inkişaf etmiş ölkələrdə olan bizdə olmayan ixtisaslar ola bilər. Məsələn, kriminal ədalət, kriminologiya və ya digər sahələr açıla bilər. Hazırda ölkədə kibertəhlükəsizlik çox rəğbət duyulan peşə oldu, amma data elmləri kimi və ya buna bənzər başqa alt sahələrdə də yeni ixtisaslar açıla bilər. Oyun mühəndisliyi və süni intellektlə bağlı olan ixtisaslar yarana bilər. Xüsusilə də, alternativ enerji sahəsində yeni ixtisaslar açılması gözləniləndir”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay