Restoranlarda müştəridən "servis haqqı" alınmalıdırmı?
Son dövrlər Bakıdakı bəzi restoranlarda müştəriyə təqdim edilən hesabda masa xidmətçisinin göstərdiyi xidmətə görə əlavə ödəniş, yəni "servis haqqı" tələb olunur. Müştəri yeyib-içdikdən sonra hesabı ödəmək istəyəndə ona təqdim edilən çekdə sifariş etdiyi məhsulların qiymətinin altında "servis haqqı" məbləği də qeyd edilir. Bu məbləğ adətən ümumi məbləğin 10 %-ni təşkil edir.
Bakı restoranlarında həmişə masa xidmətçilərinə könüllü olaraq “çay pulu” verilməsi ənənəsi məşhur olub. Yəni müştəri qulluq edən ofisiantın işini bəyənsə, ona əlavə pul verir. Adətən həmin ofisiant verilən pulun hamısını özünə götürür və restoranın müştəri məmnuniyyətində əməyi keçən digər işçiləri bu bəxşişdən nəsibsiz qalır. Son dövrlər tələb olunan "servis haqqı" həmin “çay pulu”nun bir növ icbari və rəsmiləşdirilmiş formasıdır. Həmin pul həqiqətən əlavə xidmət haqqı olaraq personala çatır, yoxsa restoranın ümumi gəlirlərinə aid edilir, bu, sual altındadır. Ümumiyyətlə restoranlarda servis haqları tələb olunmalıdırmı?
“Report” mövzu ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi ilə həmsöhbət olub.
Müsahibimizin fikrincə restoranlarda maaşlar aşağı olduğu üçün “çay pulu” verilməsi xidmətçilərin maddi vəziyyətini bir qədər yaxşılaşdırır:
“Deyilənə görə, restoranlarda “çay pulu” verilməsi ənənəsi 16-cı əsrdə İngiltərədə yaranıb və bu günə qədər də yaşayır. Sovet dövründə ölkəmizdə bu ənənə pislənsə də, davam edirdi. Müstəqillik dövründe isə insanların xarici ölkələrə getməsilə əlaqədar bu məsələyə münasibət kardinal şəkildə dəyişib. Rusiyada 1917-ci il fevral inqilabına qədər restoranlarda maaş personala verilmirdi və onlar çay pulu hesabına dolanırdılar.
Müştərinin masada “çay pulu” saxlamasının bir neçə səbəbi var. Bunlardan biri göstərilən yaxşı xidmətə görə bəxşiş vermək fikridirsə, digəri odur ki, bu gün verilən bəxşiş gələcəkdə həmin restorana gələn insanın qarşısına daha yaxş xidmət çıxara bilər. Yəni "bu gün bu pulu verirəm ki, sabah məni daha yaxşı qarşılasınlar". Ümumiyyətlə xidmət sahəsində, xüsusilə restoran biznesində dünya üzrə yüksək maaş yoxdur. Belə olduqda “çay pulu” və ya “servis haqqı” həmin sahədə çalışanların qazanclarını bir qədər lazımi səviyyəyə çatdırır”.
S.Dübəndi qeyd edib ki, restoranlarda “çay pulu” və ya “servis haqqı” verilməsi bütün dünyada adət edilmiş bir haldır:
“Fransada 1955-ci ildə “servis haqqı”nın hesaba daxil edilməsinə icazə verən qanun qəbul edilmişdi. Bizdə belə bir qanun yoxdur. “Çay pulu” məsələsində isə ölkələr arasında fərqliliklər var. Məsələn, bizdə və bir çox Avropa ölkələrində təqdim olunan hesabın 5-10 %-i qədər, ABŞ-da isə 15-25 %-i qədər “çay pulu” vermək ənənəsi var. Çin, Yaponiya, Koreya kimi ölkələrdə “çay pulu” ənənəsi çox yayılmayıb. Hətta restoran və ya kafedən masada “çay pulu” saxlayıb çıxsanız, ofisiant pulunuzu masada unutduğunuzu düşünər və arxanızca qaçıb o pulu qaytara bilər. ABŞ-ın isə bəzi ştatlarında belə qanun var ki, restoran sahibi işçilərinə çox aşağı məvacib verə bilər. Çünki orda “çay pulu” ənənəsi geniş yayılıb və dövlət hesab edir ki, insanlar bununla dolana bilər. Amma bu cür ödənişlər vergiyə cəlb olunmur. Ona görə də dövlətlər bu haqda düşünüb müəyyən yanaşma ortaya qoymaq istəyirlər. Hələlik bu sahədə vahid bir yanaşma yoxdur.
Azərbaycanda “servis haqqı” daha çox bahalı və yüksək xidmət göstərən restoranlarda tələb olunur. “Fast Food” və ya “dönər” restoranlarında “servis haqqı” demək olar alınmır. Bəzi restoranlarda toplanan “çay pul”ları restoranın bütün əməkdaşları arasında bölünür. Bəzilərində isə hər ofisiant bu pulu özünə saxlayır. Düşünürəm ki, həm “servis haqqı”, həm də “çay pulu” məsələsi artıq bazarda öz yerini tapıb və bunların heç birində qanunsuz hal yoxdur”.
Bəs müştəridən alınan “servis haqqı” kimin cibinə axır. Bu məbləğ həqiqətən də restoran xidmətçiləri arasında bölünür, yoxsa müəssisənin ümumi gəliri kimi hesaba alınır? Müsahibim bildirib ki, bunu dəqiq demək olmur:
“Bu, hər restoranın daxili qərarıdır. Qanunvericiliyimizdə bu məsələlərlə bağlı böyük boşluqlar var. Ümumiyyətlə restoran işini tənzimləyən qanunlarımız, hüquqi-normativ sənədlərimiz çox azdır. Olanların da içində belə məsələlər barədə dəqiq məlumat tapmaq olmur. Xarici ölkələrdə adətən bu məsələ qanunla tənzimlənir və “servis haqqı” personala çatır. Bizdə isə bu barədə qəti bir söz demək olmur. Çünki bizdə bu proseslərə nəzarət edən, ümumiyyətlə restoran biznesini tənzimləyən qurum yoxdur. Bu sahəyə yaxın fəaliyyəti olan qurumlardan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinə nəzarət edir, Dövlət Turizm Agentliyi isə restoranların fəaliyyətinə müdaxilə etməyin onların səlahiyyətində olmadığını bildirir. Belə çıxır ki, dövlət restoran biznesini turizmlə əlaqəli fəaliyyət növü hesab etmir. Mən isə fərqli düşünürəm. Hotellər kimi restoranlar da daxili və xarici turistə xidmət göstərir və onların fəaliyyəti qonaqpərvərlik sənayesinin bir hissəsidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay