Bu dövlət orqanlarında qohumlar vəzifəyə necə gətirilir? – Testdənkənar işə qəbul
"Son illər dövlət qulluğuna qəbul imtahanı kifayət qədər şəffaf və obyektiv keçirilsə də, dövlət orqanları tərəfindən verilən vakansiyalar yetərli deyil. İmtahan verənlərlə işə qəbul edilənlər arasında çox ciddi fərq görə bilirik”.
Valyuta.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında ekspert Kamran Əsədov deyib.
O bildirib ki, xüsusilə ali təhsil müəssisələri arasındakı reytinqə baxan zaman bir sıra məzunlarının dövlət qulluğuna qəbulda uğur göstəricisinin çox aşağı olduğu görülür:
"Gənclər demək olar ki, bu gün dövlət orqanlarında işə qəbulda maraqlı deyil. Bunun əsas səbəbi dövlət qulluğuna qəbul imtahanlarının birinci mərhələsinin şəffaflığına rəğmən, müsahibə mərhələsində pozuntuların müşahidə edilməsidir. Yaxud, hansısa bir gənc müsabiqə və müsahibə mərhələsindən uğurla keçsə belə, sonradan stajyor olaraq işə qəbul edilir, amma o, staj müddətindən sonra tam olaraq işə götürülmür, buna maneələr yaradılır”.
Ekspert əlavə edib ki, xüsusilə bir sıra nazirliklər yaxın qohumlarını, tanışlarını dövlət qulluğundan kənar vəzifəyə qəbul etdirirlər:
“Həmin şəxslər 5 il işləyir, test mərhələsindən azad edilir və daxili qaydada onlara dövlət qulluğunun müsahibə mərhələsində iştirak hüquq yaradılır, uğur qazanırlar. İcra hakimiyyətlərində, komitələrdə, nazirliklərdə qurum rəhbərlərinin öz dostlarını, qohumlarını dövlət qulluğu keçmədən vəzifələrə təyin etdiklərini, müqaviləli müddətdə gətirdiklərini görürük. Hesab edirəm ki, bu, yanlış yanaşmadır.
Biz dövlət qulluğunda əlçatanlığı təmin etmək üçün insanların sosial statusundan asılı olmayaraq, vəzifəyə təyin olunmasını istəyiriksə, bütün yerlər vakant elan edilməli, heç kim daxili müsahibə yolu ilə işə qəbul edilməməli və mütləq şəkildə test mərhələsindən keçməlidir. Düzdür, burda müəyyən güzəştlər var - xarici ölkədə təhsil alanlar, elmi dərəcəsi olanlar və.s. Amma bütün hallarda dövlət qulluğunun test mərhələsi həmin şəxsin qanunvericilik biliklərini yoxlayır”.
Müsahibimiz bildirib ki, heç kimə güzəşt etmək olmaz:
"Çünki bu və ya digər güzəştlə test mərhələsindən keçən şəxs sonradan vətəndaşa xidmətdə problem yaşayır. Hətta istənilən vəzifə, təbii ki, təyinatlı rəhbər postlar istisna olmaqla, digər bütün postlar test yolu ilə olmalıdır. Yoxsa hər kəs öz qohumunu, yaxınını nazirliklərə yığacaq və gənclər də işə qəbul ola bilməyəcək, qohum-əqrəba anarxiyası yaranacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay