Bəzi dövlət qurumları ya ləğv edilsin, ya da... – TƏKLİF
"Hesab edirəm ki, Azərbaycanda müxtəlif qurumları bir-birinə birləşdirmək olar".
Valyuta.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında iqtisadçı-alim Nazim Bəydəmirli deyib.
Ekspert hesab edir ki, Nazirlər Kabineti böyük bir struktur olsa da, effektiv idarəetmə yoxdur:
"Nazirlər Kabineti böyük bir quruma çevrilib. Bundan əlavə çoxlu sayda dövlət agentlikləri, şirkətləri yaradılıb. Onlar da mərkəzi icra hakimiyyəti orqanlarının funksiyasını həyata keçirirlər. Nazirlər Kabinetinin tərkibində 40-dan yuxarı nazir, şirkət və agentliklər var. Strukturuna görə, dünyada ən böyük qurum hesab etmək olar. Eyni zamanda Baş nazirin azad vəzifə olaraq 4 müavini var. Əvvəl 6 idi”.
N.Bəydəmirli düşünür ki, NK əslində bir-birini təkrarlayan, eyni funksiyanı daşıya biləcək və dövlət vəsaitlərini idarəetməyə səmərəsiz xərcləyən bir quruma çevrilib:
“Hesab edirəm ki, Azərbaycanda müxtəlif qurumları bir-birinə birləşdirmək olar. Məsələn, Kənd Təsərrüfat Nazirliyi, Su Səhmdar Cəmiyyəti, Torpaq Komitəsi və digərləri kənd təsərrüfatı ilə məşğul olduğuna görə bir quruma birləşdirmək mümkündür. Eyni zamanda gömrük və vergi xidməti. Gömrük Komitəsi ayrıca bir qurumdur. Onun haqqında kifayət qədər mənfi informasiyalar yayılmasına baxmayaraq, süni qiymət artımı yaradan bir qurumdur. Ona görə onun səlahiyyətlərinə əl gəzdirmək gərəkdir. Bundan başqa bir neçə nazirliklər aktual deyillər. Yekun olaraq qeyd edim ki, bu, hökumətin iradəsindən asılıdır".
İqtisadçı alim Qubad İbadoğlu da bəzi nazirliklərin birləşdirilməsi təklifində bulunub:
"Hazırda Azərbaycanda 17 nazirlik, 7 Dövlət Komitəsi və 7 Agentlik fəaliyyət göstərir. Mən təklif edirəm ki, Nazirliklərin sayı 11-ə, Komitələrin sayı isə 3-ə endirilsin. Hesab edirəm ki, bu dəyişikliklərin arxasınca dövlət idarəetməsində digər struktur və kadr dəyişlikləri də nəzərə alınmaqla Nazirlər Kabinetinin fəaliyyətini qərarların çevik qəbulu baxımından optimallaşdırmaq və büdcə nəzərindən də rasionallaşdırmaq olar".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay